Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1471/2021 16.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 22.09.2019-cu il tarixdə saat 07:50 radələrində özünə məxsus Hyundai Solaris markalı K415YX 26 qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə H.Əliyev prospekti istiqamətindən üzü 20 Yanvar dairəsi istiqamətində soldan ikinci zolaqla təxminən 50-60 km/saat sürətlə hərəkətdə olarkən, parrallel yolun əks istiqamətində üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olan Mercedes markalı 99TZ236 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etməni itirərək iddiaçının avtomobilinin ön sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisədən sonra hadisə yerinə DYPŞ-nin əməkdaşları gəldilər. 22.09.2019-cu il tarixdə Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi Sabunçu RPİ-nin “cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabı”nda HK-1/684 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılmasından ötrü Sabunçu RPİ-nin Təhqiqat bölməsinə daxil olmuşdur. Təhqiqat araşdırması zamanı və toplanmış materiallardan müəyyən olunmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi Cavabdeh ehtiyyatsızlığından baş verdiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus olan Hyundai Solaris markalı, K415YX 26 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci Azərbaycan Respublikası "xxxx" MMC-nin 20 iyun 2020-ci il tarixli 202 saylı rəyinə əsasən 10197 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh 5697 manat maddi ziyan, 1500 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7227 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 26.01.2021-ci il tarixdə Cavabdeh iddiaya etirazı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı imzaladığı iddia ərizəsində göstərir ki, yol nəqliyyat hadisəsi vaxtı ona məxsus istehsal tarixi 2011-ci il olan “Hundai Solaris “markalı avtomobilə guya 10197 manat məbləğində maddi ziyan dəymişdir. Halbuki, iddiaçıya məxsus avtomobilin öz qiyməti təxmini 10000- 11000 manat təşkil edir. Baş verən yolnəqliyyat hadisəsi zamanı heç kim xəsarət almamış, buna görə də, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin təhqiqat bölməsi tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı məxsus avtomobilə dəymiş ziyanın məbləği düzgün müəyyən edilməmişdir. İddiaçının göstərdiyi şişirdilmiş məbləğə görə yol-nəqliyyat hadisəsi zaman hər iki tərəf yüksək dərəcəli bədən xəsarəti almalı idi. Yəni yol-nəqliyyat hadisəsi zamanı heç kimin xəsarət almaması ilə cavabdehə məxsus avtomobilə dəymiş ziyan arasındakı fərq tamamilə uyğunsuzdur. “Müstəqil Məhkəmə ekspertizasının” 20 iyun 2020-ci il tarixli rəyi etibarsızdır. Cavabdeh həmin rəylə razı deyil və hesab edir ki, yenidən ziyanla bağlı qiymətləndirilmə təyin edilməlidir. İddiaçıya hər hansı maddi ziyan dəyməmişdir. Mənəvi ziyanla bağlı isə hər hansı bir sübut olmadığından həmin tələb də rədd edilməlidir. Yolnəqliyyat hadisəsinin üstündən 1 il 3 ay keçməsinə baxmayaraq həmin illər ərzindən hər hansı zərərin əvəzini cavabdehdən tələb etməmişdir. İddiaçı cavabdehdən hər hansı pul məbləği istəməmiş, sığorta şirkəti dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törədilən zaman ona məxsus avtomobil təzə idi. O, həmin avtomobili Rusiyadan gedib özü almış və avtomobilin birinci sahibi olmuşdur. Avtomobil ideal vəziyyətdə idi. Cavabdeh hadisədən sonra ona dedi ki, dəymiş ziyanın əvəzini ödəyəcək. Ona görə də o, cavabdehə inanıb, ona dəymiş xəsarətlər barədə də aidiyyəti qurumlara məlumat verməmişdir. Lakin cavabdeh sözünü tutmamış və müəyyən vaxt keçdikdən sonra ona aydın olmuşdur ki, cavabdehin ona pul ödənək fikri yoxdur. Sığorta şirkəti tərəfindən ona bildirilmişdir ki, 5000 manatdan artıq ziyanın vurulması yazıldıqda, pul 3-4 ay sonra ödənilir. O isə gözləyə bilmirdi və ona görə də, dəymiş ziyanın 4500 manat kimi göstərilməsinə razılaşdı və həmin pul məbləğini sığorta şirkətində aldı. Lakin 4500 manat avtomobilə vurulmuş real zərərin heç yarısını ödəmir. Cavabdeh avtomobili düzəltdirməyi ona təklif etmiş, lakin o, avtomobilə çin detallarının qoyulmasından ehtiyat etdiyinə görə razılaşmadı. Avtomobilin hal-hazırda da təmir edilməmiş hissələri qalıb. Cavabdeh ona 2500 manat verdiyi təqdirə iddiadan imtina etməyə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, avtonəqliyyat hadisəsinin törədilməsində təqsirli olmasını inkar etmir, hadisədir olub və nəticəsində yaranmış zərərin aradan qaldırılmasından boyun qaçırmayıb. Sadəcə iddiaçının məqsədi avtomobilini təmir etdirmək yox, onun hesabına təzə avtomobil almaqdır. Əvvəldən iddiaçıya deyilmişdir ki, get sığorta qiymət müəyyən etsin, dəymiş ziyan 5000 manat yuxarı olsa – qalan hissəni o ödəyəcək. İddiaçı sığorta şirkətinin verdiyi 4500 manata razı olmaya da bilərdi. Lakin o, razılaşmış, pulu qəbul etmiş və hadisədən bir il üç ay sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda hansı mənəvi zərərdən söhbət gedə bilər. Real olaraq maddi və mənəvi ziyan çəkmiş şəxs dərhal məhkəməyə müraciət edər. O, eyni zamanda iddiaçıya avtomobili təmir etməyi də təklif etmişdir. İddiaçı ona razılaşmamış və bildirmişdir ki, avtomobilinə çin detallarının qoyulmasını istəmir. Halhazırda onun iddiaçıya bir əmək haqqı məbləği qədər – təxminən 500 manat pul ödəmək imkanı var. Ondan artıq heç nə təklif edə bilməz. Belə ki, o, müəyyən məqama qədər iddiaçının bütün dediklərinə razı olmağa hazır idi. Lakin iddiaçı ondan şikayət etməyə və ona müəyyən problemlər yaratmağa çalışmışdır. Bundan sonra dai hər hansı barışıqdan söhbət gedə bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı X1 tərəfindən qəbul edilmiş 18.10.2019-cu il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda aşağıdakılar göstərilmişdir: “ ... 01.10.2019-cu il tarixdə icraatıma Sabunçu RPİ-dən, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində Mercedes Benz markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Hyundai markalı K 415YX26 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxsin olması barədə tərtib olunmuş məktub və sürücülərin sənədləri daxil olmuşdur. Daxil olmuş məktub 01.10.2019-cu il tarixdə Nərimanov RPİ-nin “cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabı”nda HK- 1/675 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılmasından ötrü mənə həvalə edilmişdir. Araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək materiala əlavə edilmiş, yol nəqliyyat hadisəsi yerinin sxemi tərtib edilmiş, izahatlar alınmışdır. 27.09.2019-cu il tarixdə saat 10:30 radələrində 3 saylı ŞKX-dən tibb bacısı Musayeva Sabunçu RPİ-nə məlumat verərək, İddiaçı 22.09.2019-cu il tarixdə Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq xəsatəxanaya müraciət etdiyini bildirmişdir. Daxil olmuş məlumat xarakterli raport 22.09.2019-cu il tarixdə Sabunçu RPİ-nin “cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabı”nda HK-1/684 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılmasından ötrü Sabunçu RPİ-nin baş təhqiqatçısı, polis mayoru Fikrət Məmmədovun icraatına daxil olmuşdur. Sabunçu RPİ-nin baş təhqiqatçısı Fikrət Məmmədov tərəfindən aparılan araşdınna zamanı vətəndaş İddiaçı almış olduğu bədən xəsarətinin sağlamlığa zərər vurma dərəcəsinin müəyyən edilməsi məqsədi ilə MTE təyin edilməsi haqqında 27 sentyabr 2019-cu il tarixdə qərar qəbul olunmaqla İddiaçı izahatı alınaraq toplanmış material 30 sentyabr 2019-cu il tarixli “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla aidiyyəti üzrə Nərimanov RPİ-nə göndərilmiş və 05.10.2019-cu il tarixdə icraatıma daxil olmuşdur. ... Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Elmi-Təcrübi birliyinin Sabunçu rayon şöbəsinin 1441 nömrəli canlı şəxsin ekspert rəyindən görünür ki, İddiaçı aşkar edilmiş xəsarətlər boyun nahiyyəsinin qançırı, sağ və sol diz nahiyyələrinin sıyrıqları və sağ əlin səthi kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlərdən sağ əlin səthi kəsilmiş yaraları kəsici kənara malik əşya, digər xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən 22.09.2019-cu il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə toplanış materialdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı dərəcələri təyin edilməyən bədən xəsarətləri almışdır. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən qeyd olunan xəsarətlər cinayət məsuliyyətinə səbəb olmadığından eləcədə baş vermiş hadisədə hər hansı bir cinayət əməlinin tərkib əlamətləri müəyyən olunmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Lakin yol-nəqliyyat hadisəsi Mercedes markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ehtiyyatsızlığından baş verdiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməlidir”. İş materiallarında olan "xxxx" MMC-nin 20.06.2020-ci il tarixli, 202 nömrəli ekspert rəyində göstərilmişdir ki, ... 2013-cü il buraxlışlı “Hyundai Solaris” markalı K415YX/26 qeydiyyat nişanlı avtomobilin avtoservis tərəfindən tərtib edilmiş müayinə aktı məlumatlarına əsasən təmir-bərpa xərci hadisə baş verən tarixə 10197 manat müəyyən edilir (dəyişməli hissələrin qiyməti – 6997 manat, təmir-bərpa işlərinin qiyməti – 3200 manat). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/1546 nömrəli ekspert rəyində göstərilmişdir ki, ... 2014-cü il buraxılışlı “Hyundai Solaris” markalı, K415YX 26 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5600 manat müəyyən edilir (dəyişməli hissələrin qiyməti – 3300 manat, təmir-bərpa işlərinin qiyməti – 2300 manat). Həmin rəylə hər iki tərəf razılaşmamış və məhkəmə tərəfindən əlavə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.10.2021-ci il tarixli, 9/4931 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Nəzəri hesablama yolu ilə, Müstəqil Məhkəmə Ekspertizası MMC-nin 20.06.2020-ci il tarixli rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləli nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Solaris” markalı, K415YX 26 dövlət qeydiyyan nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8677 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Sığorta Şirkətinin 31.10.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Solaris" markalı, K415YX 26 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5600 manat müəyyən edilir (dəyişməli hissələrin qiyməti – 3300 manat, təmir-bərpa işlərinin qiyməti – 2300 manat). İş materiallarında olan İcbari Sığorta Bürosunun 27.04.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Mercedes Benz" markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqlyyat hadisəsi nəticəsində ASC “Standard İnsurance’’ Sığorta Şirkəti tərəfindən 4500 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Məhkəmə iddia ərizəsinin vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçıya məxsus avtomobilə cavabdehin ehtiyyatsızlığından 22.09.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ziyan dəymiş, həmin ziyanın 4500 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya 18.11.2019-cu il tarixdə ödənilmiş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 09.12.2020-ci il tarixdə müraciət etmiş, ərizəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsini göstərməmiş, tələbini həmin hissədə ümumiyyətlə əsaslandırmadan 1500 manat dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsini məhkəmədən xahiş etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 1100 manat (5600 - 4500 = 1100) məbləğində dəymiş maddi ziyanın əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 15,22% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 4,57 manat hissəsi Cavabdeh tutelaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 1100 (min yüz) manat məbləğində dəymiş maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 4,57 (dörd manat əlli yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 25,43 manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1471/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1471/2021
16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver