Məhkəmə qərarları › İş №2(001)-1471/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1471/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1471/2024 29.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynur Şirzad qızının katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı nisyə alqı-satqı müqavilələri üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı nisyə alqı-satqı müqavilələri üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, Samsung Dalaxy S23 ultra markalı telefon, Samsung 25W Cahrger, Vinil şəffaf və 2 ədəd İphone 13 Pro markalı telefon almış, müqavilələr üzrə öhdəliklərini icra etmədiyindən iddiaçıya cəmi 6483 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərinin icrası ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh borcunu ödəməmişdir. Ona görə də xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 4007 manatın, dəbbə puluna görə 527,02 manatın, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 1498,42 manatın, dəbbə puluna görə 449,58 manatın, ödənilmiş dövlət rüsumuna görə 84,83 manatın Cavabdeh iddiaçı ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı ABC Telecom MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03631347 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, satıcı qiyməti 3859,01 manat olan İphone 13 Pro markalı telefonu və paket Apple-ni 18 ay müddətinə hər ay 214,39 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03914307 saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə ödəniş cədvəlindən müəyyən olunur ki, satıcı qiyməti 4519,95 manat olan Samsung Salaxy 23 markalı telefonu, Samsung Charger black, Plyonka istehsalı, Paket XXXL 18 ay müddətinə hər ay 251,11 manat olmaqla hissə-hissə ödəmək şərti ilə alıcıya satmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin xx.xx.2023-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 1498,42 manat, dəbbə puluna görə 449,58 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 4007,98 manat, dəbbə puluna görə 527,02 manat olmaqla cəmi 6483 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla bağladığı müqavilələr üzrə öhdəliklərini icra etməyən cavabdehin iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 1498,42 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borca görə 4007,98 manat borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının hər iki müqavilə üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 40 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 50 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 03631347 saylı müqavilə üzrə əsas borca görə 1498,42 manat, dəbbə puluna görə 40 manat, xx.xx.2023-cü il tarixli 03914307 saylı müqavilə üzrə əsas borca görə 4007,98 manat, dəbbə puluna görə 50 manat, dövlət rüsumuna görə 84,83 manat olmaqla cəmi 5681,23 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar