Məhkəmə qərarları › İş №2(001)-1474/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1474/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1474/2022 01.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.900 manat məbləğində əsas, illik 5 faiz olmaqla 387 manat məbləğində faiz borcunun və ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, qeyd edilən borc müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən ümumiyyətlə icra edilməmiş və hər hansı məbləğdə ödəniş edilməmişdir. Göstərilənlərin və tərəfindən təqdim edilmiş sübutların nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, bildirmişdir ki, həqiqətən də iddiaçıya xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4.900 manat məbləğində borcu var. Həmin məbləği ödəməkdən yayınmır, sadəcə olaraq maddi imkansızlıq səbəbindən ödəyə bilmir. İddianın təmin edilməsinə etiraz etmir. Lakin bu məbləği bir dəfəyə ödəmək üçün maddi imkanı yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddia üzrə tələb edilən məbləğin ondan aylar üzrə hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 41 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 4.900 manat məbləğində pul borc verilmişdir. Cavabdeh həmin məbləğdə pulu xx.xx.2020-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən məbləğ iddiaçı tərəfindən cavabdehə verilmişdir. Bundan sonra iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya məktubu göndərilərək, kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi, lakin buna baxmayaraq, müqavilə üzrə borc verilmiş 4.900 manat məbləğində pulun qaytarılmadığı bildirilmiş və həmin məbləğin xx.xx.2021-ci il tarixdək qaytarılması ondan tələb edilmiş, əks halda məsələ ilə bağlı məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin bunun da bir nəticəsi olmamış, borc məbləği bundan sonra da qaytarılmamışdır. Hazırda iddiaçı müqavilə üzrə cavabdehə verilmiş 4.900 manat məbləğində pulun bugünədək qaytarılmadığını iddia edir və bu məbləğin, eyni zamanda borcun ödənilməsi gecikdirildiyindən 4.900 manat pul üzrə illik 5% dərəcəsi ilə hesablanmış 387 manat məbləğində faiz borcunun, habelə ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddia üzrə tələb edilən məbləğdə borcunun olduğunu etiraf edir və maddi imkansızlıq səbəbindən bu məbləği qaytara bilmədiyini qeyd edir. Tələb edilən məbləğin ondan aylar üzrə hissə-hissə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, tərəflər arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı kredit (borc) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 4.900 manat məbləğində pulu borc vermiş, lakin cavabdeh bu məbləği qəbul etsə də, həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə iddia tələbini “pulun tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, Cavabdeh 4.900 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin "əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcunun tutulması" hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh xx.xx.2020-ci il tarixli müqavilədə göstərilmiş 4.900 manat məbləğində pulu 4 ay müddətində, yəni xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə iddiaçıdan borc almışdır. Lakin bu məbləği bugünədək qaytarmamışdır. İddiaçı da hazırda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə istinadən, borc məbləğinin ödənilməsinin gecikdirilməsi səbəbindən xx.xx.2020-ci il tarixini və ümumi borc məbləği olan 4.900 manat pulu əsas götürüb gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə faiz hesablamaqla ümumilikdə 387 manat məbləğində faiz borcunun da cavabdehdən tutulmasını tələb edir. Borc məbləğinin ödənilməsi təmin edilmədiyindən iddiaçının müqavilə müddəti bitdiyi tarixdən illik 5 faiz dərəcəsi ilə faiz tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir. Bununla belə, məhkəmə ümumi borc məbləğinin 4.900 manat olmasını, müqavilənin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsini, iddianın isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmasını nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş 1 il 7 ay üçün (qətnamənin iddia verildiyi tarixdən 2 aydan artıq müddət keçdikdən sonra qəbul edilməsini də nəzərə alıb, məhkəmə 6 ay 28 günü yuvarlaqlaşdırıb faiz borcunu 7 ay üzrə hesablamışdır) illik beş faiz dərəcəsi ilə hesablanmış (4.900 x 5% / 100% = 245 manat 1 il üçün, 245 / 12 = 20,42 manat 1 ay üçün, 7 ay üçün 20,41 x 7 = 142,94 manat, 1 il 7 ay üçün 245 + 142,94 = 387,94 ) 387 manat məbləğində pul tutulmalıdır. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh əsas və faiz borcunun ondan aylar üzrə hissəhissə tutulması barədə xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4.900 manat məbləğində əsas, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 387 manat məbləğində faiz, cəmi 5.287 manat məbləğində borc, habelə ödənilmiş 73 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.900 (dörd min doqquz yüz) manat məbləğində əsas, gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 387 (üç yüz səksən yeddi) manat məbləğində faiz, cəmi 5.287 (beş min iki yüz səksən yeddi) manat məbləğində borc, habelə ödənilmiş 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar