Məhkəmə qərarları › İş №2(001)-1482/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1482/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1482/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 935,06 manat, 07.01.2022-ci il tarixə faiz borcu üzrə 273,46 manat, kredit müqaviləsinin bitdiyi 09 fevral 2021-ci il tarixdən sonra borclunun icranı gecikdirməsi nəticəsində Banka vurulmuş zərərə görə 43,12 manat, cəmi 1251,64 manat kredit borcunun və ödənilmiş 32,51 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2019-cu il tarixli İK-İS-287-İ nömrəli kredit müqaviləsinə əsasən ona illik 22 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeho oğluna məqsədli istifadə, qaytarılmaq, müəyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 18 ay müddətinə verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə banka əsas borc üzrə 935,06 manat, 07 yanvar 2022-ci il tarixinə faiz borcu üzrə 273,46 manat, 09 fevral 2021-ci il tarixinə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə puluna görə 43,12 manat olmaqla, cəmi 1251,64 manat məbləğində borcu yaranmışdır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Cavabdeh öhdəliklərin icra edilmədiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edildiyi və əsas borc banka qaytarıldığı halda, bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Kredit üzə borc axırıncı dəfə 09.10.2020-ci il tarixində 0,51 manat məbləğində ödəniş edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2019-cu il tarixli, İK-İS-287-İ saylı kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən bank borc alana 18 ay müddətinə, illik 22 %, aylıq ödəniş 197,19 manat olmaqla 3000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi 09 sentyabr 2019-cu il, sonuncu ödəniş tarixi 09 fevral 2021-ci il olaraq müəyyən edilmişdir.

6. İddiaçı ASC tərəfindən təqdim edilən 07 yanvar 2022-ci il tarixli, maliyyə arayışına əsasən Cavabdeh 09 avqust 2019-cu il tarixli, İK-İS-287-İ №-li kredit müqaviləsi üzrə 07 yanvar 2022-ci il tarixinə 935,06 manat əsas, 273,46 manat faiz, 43,12 manat gecikdirilmiş vaxt üçün cərimə olmaqla, ümumilikdə 1251,64 manat məbləğində kredit borcu hesablanmışdır.

7. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, borcluya kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə barədə xəbərdarlıq edilmişdir.

8. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 17 yanvar 2022-ci il tarixində elektron qaydada 32,91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 09 avqust 2019-cu il tarixli, İK-İS-287-İ saylı kredit müqaviləsi bağlanmış və sonuncuya illik 22 faiz dərəcəsi ilə, 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir

10. Kredit müqaviləsinin 1.1-cı bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.

11. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona 09 avqust 2019-cu il tarixli, İK-İS-287-İ saylı kredit müqaviləsi üzrə ümumilikdə 1251,64 manat borc hesablanmışdır.

12. Hazırda iddiaçı həmin kredit müqaviləsinin ləğv edilməsini və banka əsas borc üzrə 935,06 manat, 07 yanvar 2022-ci il tarixinə faiz borcu üzrə 273,46 manat, 09 fevral 2021-ci il tarixinə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə puluna görə 43,12 manat olmaqla,cəmi 1251,64 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 32,51 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.

13. Hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən sonuncu dəfə 09.10.2020-ci il tarixində 0,51 manat ödəniş edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə):

15. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

17. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

19. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

20. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

21. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaransa da, borcalan Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, kreditora olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh(borcalan) Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

23. İş materiallarında olan və mötəbər sübut kimi qəbul edilən maliyyə arayışından görünür ki, borclunun 07.01.2022-ci il tarixə əsas borcu 935.06 manatdır, çünki o, əsas borcdan cəmi 2064.94 manat ödəniş etmişdir, faiz borcu 273.46 manatdır, çünki o faiz borcundan cəmi 570.06 manat ödəniş həyata keçirmişdir.Bundan başqa kredit müqaviləsinin müddətinin bitdiyi 09.02.2021-ci il tarixdən maliyyə arayışının verildiyi 07.01.2022-ci il tarixədək təqribən 11 ay müddət keçmişdir və illik 5 faizlə hesablandıqda 11 ay üçün banka vurulmuş zərər 43.12 manat təşkil edir.

24. Məhkəmə maliyyə arayışının əsassızlığı və düzlüyü ilə bağlı hər hansı şübhə doğuran məqamı işin halları ilə müəyyən etməyərək tələb olunan kredit borcu ilə razılaşır və o qənaətə gəlir ki, iddia tələbi əsas, faiz və əldən çıxmış fayda olaraq illik 5 faizlə hesablanmış məbləğin borcludan tutulması hissəsində əsaslıdır.

25. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

27. Odur ki, 09 avqust 2019-cu il tarixli, İK-İS-287-İ saylı kredit müqaviləsi üzrə əsas borca görə 935,06 manat, faiz borcuna görə 273,46 manat, illik 5 faizlə hesablanmış əldən çıxmaya görə 43.12 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır.

28. Lakin məhkəmə müqavilənin ləğv edilməsinə dair irəli sürülən tələblə razılaşmır.

29. Belə ki, həmin kredit müqaviləsi üzrə öhdəliklər davam etsə də, müqavilə müddəti sona çatmışdır. Yəni iddiaçı müqavilənin ləğv edilməsini tələb etməklə faktiki olaraq müqavilənin qüvvədə olma müddətinin bitməsini arzulamışdır. Halbuki müqavilənin qüvvədə olma müddəti artıq bitmişdir. İş materilları ilə müəyyən edilir ki, 09 avqust 2019cu il tarixli, İK-İS-287-İ saylı kredit müqaviləsi 18 ay müddətinə bağlanmış və müqavilə öhdəliyinin sonuncu icra tarixi 09 fevral 2021-ci il olaraq müəyyən edilmişdir. Bu səbəbdən müqavilənin ləğv edilməsi barədə iddia tələbi əsaslı hesab edilməməlidir.

30. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

31. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

33. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:

34. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 09 avqust 2019-cu il tarixli, İK-İS-287-İ №-li kredit müqaviləsi üzrə əsas borca görə 935,06 manat, faiz borcuna görə 273,46 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 43,12 manat, olmaqla, ümumilikdə 1251,64 (bir min iki yüz əlli bir manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaiti, 32,51 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ:

İddia qismən təmin edilsin. 09 avqust 2019-cu il tarixli, İK-İS-287-İ №-li kredit müqaviləsi üzrə əsas borca görə 935,06 (doqquz yüz otuz beş manat, altı qəpik) manat, faiz borcuna görə 273,46 (iki yüz yetmiş üç manat, qırx altı qəpik) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcuna görə 43,12 (qırx üç manat, on iki qəpik) manat olmaqla, ümumilikdə 1251,64 (bir min iki yüz əlli bir manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 32,51 (otuz iki manat, əlli bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar