Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1498/2020 24.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı2, İddiaçı1 oğlunun nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X4 qarşı “alqısatqı müqaviləsinin ləğv edilməsi və avtomobilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış avtomobilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və “Mersedes Bens 280” minik markalı, **-EG-*** nömrəli avtomobilin cavabdehlərdən alınması və ya avtomobil olmadıqda onun məbləğinin alınaraq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı2 özünə məxsus Mersedes markalı avtomobili satmaq məqsədilə 2019-cu ilin aprel ayında Arif adlı şəxsin işlədiyi Sumqayıt maşın bazarına aparmışdır. M.Arif ona avtomobilin təxminən 7000 manat olduğunu bildirmişdir. Avtomobil gec satıldığından o, əlavə olaraq Elçin adlı şəxsə də avtomobili satmağı bildirmişdir. Bir neçə gündən sonra Elçin ona zəng vuraraq Bakı şəhərində avtomobilə müştəri olduğunu bildirmiş, o da Bakı şəhərinə gələrək Elçin ilə görüşmüşdür. Həmin vaxt Elçin onu Nəriman adlı şəxslə tanış etmişdir. Orada məlum olmuşdur ki, Nəriman artıq avtomobilə baxmış, bəyənmiş, qiyməti razılaşdırmaq üçün onu çağırmışdır. İddiaçı2 yekun olaraq avtomobili 6700 manata satacağını demiş, əlavə olaraq avtomobildə bəzi problemlər olduğunu, təmiri üçün ustada çəkiləcək xərci də həmin puldan çıxacağını bildirmişdir. Nəriman ona avtomobili alacaq adamı gətirəcəyini, rəsmiləşdirilmənin onun adına ediləcəyini, o, isə öz növbəsində avtomobili Nərimana kreditlə verəcəyini bildirmiş və onlar avtomobilin rəsmiləşdirilməsi üçün BDYPİ-də yerləşən notariat ofisinə gedərək etibarnamə vermişdir. Bundan sonra Nəriman onlara “İnşaatçılar” metro stansiyası yaxınlığında onu gözləməklərini, o, isə icarəyə verən şəxslə müqavilə bağlayıb pulu onlara gətirəcəyini bildirmişdir. Bir neçə saatdan sonra Nəriman onların olduğu yerə gələrək, avtomobilin nasaz olduğunu, bu səbəbdən də kredit verənin pulu vermədiyini, avtomobilin saz vəziyyətə gətirilməsini tələb etdiyini bildirmişdir. Bundan sonra Nərimanla Elçin ona təklif etmişlər ki, avtomobili ustaya aparsınlar, üç gündən sonra gələrək avtomobilə çəkilən xərci ödəyib yekunlaşdırsın. Lakin Cavabdeh3 və digərləri avtomobili heç bir ödəniş etmədən alaraq başqa şəxslərə satmış, nə avtomobili qaytarmış, nə də pulu ödəməmişlər. İddiaçılar pulu ala bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili E.Kiçikbəyov iddia ərizəsinin məzmununa uyğun izahat verərək, avtomobilin alqı-satqısından qalan pulun onlara verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etdilər. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh3 izahat verərək bildirmişdir ki, İddiaçı2 xx xxxx 2019-cu il tarixdən tanıyır. Sumqayıt maşın bazarında maşın alverçisi kimi tanıdığı Elçin adlı şəxs 2019-cu iyun ayında ona bildirmişdir ki, onun qonşusu Sərvər adlı şəxsin Mersedes Benz S klas markalı 1993-cü il istehsallı avtomobili vardır və həmin avtomobili satmaq istəyir. O, Sumqayıt maşın bazarında həmin avtomobilə gedib baxarkən, avtomobilin işlək vəziyyətdə olmadığını görmüş, avtomobildə nə problem olduğunu soruşduqda, ona avtomobilin təkcə “pompası nın” xarab olduğunu demişlər. Əlavə olaraq Sərvər ona avtomobilin qiymətinin 5400 manat olduğunu və çəkilən xərci də məbləğdən çıxacağını bildirmişdir. Avtomobili Sərvərin razılığı ilə evakuatorla Yasamal rayonu ərazisində yerləşən təmir sexinə aparmış və orada ona məlum olmuşdur ki, maşının “radiatoru, sürət qutusu, mühərriki"’ yararsız vəziyyətdədir. O, Sərvərə bunu dedikdə, Sərvər ona maşını təmir etdirməsini və təmir xərcini avtomobilin qiymətindən çıxacağını bildirmişdir. O, maşının təmirinə 2800 manat xərc çəkmiş, əlavə olaraq 800 manat Elçinə, 900 manat Arifə və 400 manat da Sərvərə pul vermişdir və hal-hazırda borcu yoxdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid qismində iştirak edən X1 ifadə verərək bildirmişdir ki, İddiaçı2 onun əridir. Onlar maşını uşağın müalicə xərclərini və İddiaçı1ya olan 900 manat borcu qaytarmaq üçün satmaq qərarına gəlmişlər. 2019-cu ilin aprel ayında əri maşını satmaq üçün İddiaçı1 işlədiyi Sumqayıt maşın bazarına aparmış, bir müddət sonra İddiaçı1 ona zəng edərək, maşını 7000 manata almaq istəyən olduğunu demişdir. Yoldaşı həmin müştəri ilə görüşmək üçün Bakıya gəlmiş və oradan ona zəng vuraraq, maşını 6700 manata istədiklərini və maşının “radiatoru” yararsız vəziyyətdə olduğundan 300 manatı təmir etdirmək üçün avtomobilin pulundan çıxdıqlarını bildirmişdir. 2019-cü ilin iyul ayında Cavabdeh3 onlara 1000 manat pul vermiş və onlar həmin pulun 900 manat ilə İddiaçı1ya borclarını qaytarmışlar. Cavabdeh onlara 1000 manatdan artıq pul verməmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: - Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən vəkil Emin Kiçikbəyova ünvanlanmış məktubdan görünür ki, xx xxxxxxx 2019-cu il tarixli xx/xx-2108 nömrəli məktubuna cavab olaraq, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə “Mersedes Benz 280” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışına əsasən müəyyən olunur ki, qeyd olunan avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə Cavabdeh3, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına etibarnamə verilmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2019-cu il tarixli qərara əsasən, İddiaçı2 müraciəti əsasında, toplanmış material üzrə Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/2478 nömrəli ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim olunmayan “Mersedes Benz 280” markalı, 1993-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 7500 manat müəyyən olunmuşdur. - Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sorğu əsasında məhkəməyə təqdim edilmiş nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində müəyyən edilir ki, “Mersedes Benz 280” minik markalı,**-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil 4000 (dörd min) manata Cavabdeh1 tərəfindən alqı-satqı yolu ilə əldə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının: - Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrıə qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı1 ona avtomobilin pulunu ödəməyi vəd etmiş Cavabdeh3 sonrakı hərəkətləri gözlənilən məqsədə uyğun olmamış, cavabdehlər iddiaçıdan aldığı tapşırığın icrasından imtina etməklə, yəni ondan aldığı avtomobilin pulunu verməkdən imtina etməklə əsassız varlanmışlar. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh3 “Mersedes Benz 280” minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq onun istifadə və sahibliyində olduğunu etiraf etmişdir. Məhkəmə Cavabdeh3 əsassız varlanmış şəxs hesab etməklə, qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MM 1091-ci maddə). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092-cu maddə). Həmçinin məhkəmə Cavabdeh1 münasibətdə qeyd edir ki, alqı-satqı müqaviləsi rəsmi olaraq Cavabdeh1 ilə bağlandığından o, da Cavabdeh3 ilə birgə məsuliyyət daşımalıdır. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, iddia tələbi buna cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyünə görə rədd olunmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbi buna cavab verməli olmayan cavabdeh olan Cavabdeh2 qarşı irəli sürüldüyündən iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğuna görə rədd edilməlidir. Beləliklə, iş materiallarından müəyyən edilir ki, müqavilənin predmeti olan avtomobil artıq başqa şəxsin mülkiyyətindədir. Məhkəmə iclasında iddiaçı tərəfin pulun qaytarılması barədə verdiyi izahatlar nəzərə alınaraq, pulun qaytarılması barədə tələb təmin olunmalıdır. Lakin pul İddiaçı1 qaytarılmalıdır. Çünki avtomobilin alqı-satqısına dair müqavilə üzrə satıcı qismində o iştirak etmiş və avtomobilin keçmiş mülkiyyətçisi kimi o qeyd olunmuşdur. Digər İddiaçı2 aid olan hissədə iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının avtomobillərə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada məhkəmə qeyd edir ki, İddiaçı2 iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Məhkəmə İddiaçı1 verilməli olan pul məbləğinə münasibətdə hesab edir ki, İddiaçı1 3000 manat pul verilməlidir. Belə ki, həm iddiaçı tərəf, həm də Cavabdeh3 tərəfindən avtomolin alınmasına dair məbləğdən 1000 manatın ödənilməsi mübahisəsiz hal olduğundan və alqı-satqı müqaviləsində avtomobilin 4000 manata satılması qeyd olunduğundan (4000-1000=3000 manat), 3000 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 oğluna ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, avtomobilin alqı-satqısından qalan 3000 manat pul məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak etmiş şəxslərə aid edilir. Lakin iddiaçıların cavabdehlərdən dövlət rüsumunun tutulması barədə tələbləri olmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-1498/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1498/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver