Məhkəmə qərarları › İş №e-2(3-9)-1002/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-1002/2026

29.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-1002/2026 29.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X4 və X7 ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi və vəkili Həsənov İbarət Əhəd oğlunun iştirakı ilə, Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) cavabdeh Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Satıcı «xxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh qiyməti 1039,07 (min otuz doqquz manat, yeddi qəpik) manat, İMEİ kodu 350057711109211 olan “Samsung Galaxy A36, Samsung Charger” mobil telefonu 6 ay müddətinə, aylıq 139,85 manat, ilkin ödəniş 200 manat olmaqla qızıl zəmanətli ultra 2 il xidməti, paket XL xidməti almışdır. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilə və eyni tarixli bildirişdən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 784,97 (yeddi yüz səksən dörd manat, doxsan yeddi qəpik) manat, İMEİ kodu 35250********** Samsung Galaxy A56 mobil telefonu 6 ay müddətinə, aylıq 130,83 manat, ilkin ödəniş 0 manat olmaqla, təminatı xidməti və 2 illik ultra qızıl zəmanətlə almışdır. «xxxx» MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nisyə alqı-satqıya görə ümumilikdə 1040.84 manat borcun, 30.41 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. İddia tələbini aşağıdakı kimi əsaslandırmışdır: cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh telefon almış, borc öhdəliklərini yerinə yetirməmiş və nəticədə 1040.84 (min qırx manat 84 qəpik) manat borcu yaranmışdır. İddiaya görə, cavabdehin ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 139.78 (yüz otuz doqquz manat 78 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.98 (on üç manat 98 qəpik) manat cərimə, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 784.98 (yeddi yüz səksən dörd manat 98 qəpik) manat (6 ay x 130.83 manat) ümumilikdə 887.08 (səkkiz yüz səksən yeddi manat 08 qəpik) manat borcu olmaqla, ondan 784.98 (yeddi yüz səksən dörd manat 98 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 78.50 (yetmiş səkkiz manat 50 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 899.32 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə aralarında bağlanılmış ##.##.2025-ci il və ##.##.2025-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2026-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də qarşı tərəf öhdəlikləri icra etməmişdir. Birinci instansiya məhkəməsində cavabdehə, iddiaya qarşı etirazının və ya vəsatətinin məhkəməyə təqdim etməsinə dair müvafiq məktub göndərilmiş, cavabdehin iddiaya qarşı müvafiq etiraz və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Astara Rayon Məhkəməsinin (hakim B.Məmmədov) ## #### 2026-cı il tarixli qətnaməsi ilə «xxxx» MMC-nin iddiası qismən təmin olunmuş, cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 139,78 (yüz otuz doqquz manat, yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 784,98 (yeddi yüz səksən dörd manat, doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 956,36 (doqquz yüz əlli altı manat, otuz altı qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi işə yazılı icraat qaydasında baxaraq iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.2.1, 448.1, 600.1, 600.4, 601.1, 601.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, ## ##### 2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1039.10 manat dəyərində olan SAMSUNG GALAXYA36 markalı mobil telefonu kreditə götürmüşdür. Kreditin şərtlərinə görə 6 ay müddətində hər ay üzrə 6x139,85 manat+200 manat QIZIL ZƏMANƏT ULTRA 2 IL xidməti ilə ilkin ödəniş etməli idi. O müqavilənin şərtlərinə əməl edərək ilkin ödəniş kimi 200 manat ödəmiş, bundan əlavə olaraq hər ay üzrə də müqavilədə nəzərdə tutulduğu kimi 140 manat pul ödəmişdir. Aldığı həmin telefon 2025-ci ilin sentyabr ayında xarab olaraq işləmədiyindən o, qızıl zəmanətlə aldığından «xxxx» MMC-yə müraciət edərək telefonu qaytarmaq istədi. Orada ona bildirdilər ki, heç bir problem yoxdur, telefonu dəyişəcək, ancaq həmin marka telefon olmadığından başqa bir markada, yəni SAMSUNG GALAXY A56 markalı telefon verə bilərlər. Həmin günə kimi birinci aldığı telefondan 200 manat ilkin ödənişlə birlikdə 1000 manata kimi pul ödəmiş və cəmi borcu 190 manat qalmışdır. O hüquqi savadı olmadığından şirkətin ona verdiyi sənədlərə imza etdi və şirkət ona yeni bir telefonu, SAMSUNG GALAXY A56 markalı telefonu verdilər. O telefonu götürüb evə getdikdən sonra Rusiya Federasiyasında yaşayan həyat yoldaşı ilə əlaqə saxlayıb yeni bağlanılmış müqaviləni ona göndərdi. Həyat yoldaşı müqavilənin şərtləri ilə tanış olduqdan sonra bildirdi ki, qızıl zəmanətlə telefon götürdüyü üçün ödədiyi pullar çıxılmalı və daha sonra telefon dəyişdirilməli, yenisi verilməli idi. ##.##.2025-ci il tarixdə ona iddiaçı tərəfindən PAKET XL xidməti, SAMSUNG CHARGER, İMEİ kod 350057711109211 SAMSUNG GALAXYAQ36IZ,IL ZƏMANƏT ULTRA 2 IL xidməti ilə telefon verilərkən o yenidən 200 manat qızıl zəmanət üçün pul ödəmişdir. Həmin SAMSUNG GALAXY A 56 markalı telefonun alqı-satqı qiyməti 784,97 manatdır. Həmin telefonu da ona 6 ay müddətinə hər ayda 130,83 manat ödəməklə verilmişdir. Maraqlısı odur ki, onun aldığı və nasaz çıxdığı üçün qaytardığı SAMSUNG GALAXYA36 markalı mobil telefonu da qaytarılmaqla iddiaçı «xxxx» MMC-də olduğu halda, o hansı səbəbdən birinci telefona görə təqribən 900 manat pul ödədiyi və SAMSUNG GALAXYA56 markalı telefonun alqı-satqı qiyməti 784,97 manat olmaqla yenidən 200 manat qızıl zəmanət üçün pul ödədiyim halda və ilk telefon da iddiaçıda qaldığı halda necə ola bilər ki, onun 1040.84 (min qırx manat 84 qəpik) manat borcu yaranmışdır. Belə çıxır ki, heç bir təqsiri olmadığı halda 1039 manata aldığı telefona görə 899.32 manat ödədiyi və cəmi 139 manat borcum qaldığı halda 785 manat dəyərində yeni telefona görə qızıl zəmanət üçün 200 manat pul ödətdirilir, əvvəlki telefon ondan alınır və ödədiyi 1100 manat pul batır və 1040,84 manat da borcu qalır. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hazırda Rusiya Federasiyasında yaşayan həyat yoldaşı Tahir Məmmədov həmin məsələ ilə bağlı ## ####### 2025-ci il tarixdə telefon ilə ABC MMC-nin əməkdaşları ilə danışaraq məsələyə aydınlıq gətirmək istəmiş və həmin səs yazısı da telefonun proqramında qeydə alınmışdır. Həmin səs yazısı onun tərəfindən məhkəməyə təqdim ediləcəkdir. ABC MMC-nin Rəvan adlı əməkdaşı həmin danışıqda özü bildirir ki, Qızıl Zəmanətin şərtlərinə görə alınmış telefon sınsa, oğurlansa belə əvəzinə yeni telefon verilir. Ancaq ona satılmış əvvəlki telefon alınaraq başqa bir telefon verilir və əvvəlki telefona görə ödədiyi pullar isə nəzərə alınmayır. Hansı ki, ## ##### 2025-ci il tarixdə götürdüyü SAMSUNG GALAXY A36 markalı telefona görə qızıl zəmanət üçün 200 manat, ## #### 2025ci il tarixdə 140 manat, ## #### 2025-ci il tarixdə 140 manat, ## ###### 2025-ci il tarixdə 140 manat, ## ######## 2025-ci il tarixdə 139,42 manat və ## ####### 2025-ci il tarixdə 139.9 manat olmaqla cəmi 899,32 manat pul ödəmişdir. Həmin telefon qüsurlu olduğundan qaytarılmış və yenisi ilə əvəz edilmiş və eləcə də SAMSUNG GALAXY A56 markalı telefona görə qızıl zəmanət üçün 200 manat pul ödəmişdir. Beləliklə, ümumilikdə 1099,32 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak etmədiyindən iddiaya qarşı etirazını məhkəməyə təqdim edə bilməmiş, eləcə də vəsatət vermək hüququndan məhrum olmuşdur. Məhkəmə qətnaməsində cavabdeh olaraq ona qanunvericiklə müəyyən edilmiş qaydada və müddətdə məhkəmə iclasının vaxtı barədə məlumat verildiyi qeyd edilsə də, faktiki olaraq onun ünvanına heç bir bildiriş göndərilməmiş və telefonla da məlumat verilməmişdir. Şikayətə görə, işin halları tam araşdırılmamış, iştirakı təmin edilməmiş, bu səbəbdən də heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar isə tərəf olaraq onun fikri yoxlanılmadan qəbul edilmiş və son nəticədə iddia təmin edilmişdir. İzahatlar Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili Həsənov İbarət Əhəd oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi ilə cavabdeh 1039 manata Samsung Galaxy A36 markalı telefon alıb. Kredit müqaviləsinin şərtlərinə əsasən 6 ay müddətində hər ay 139-140 manat ödəniş edib və 200 manat qızıl zəmanət müqaviləsinin haqqını ödəyib. 2025-ci ilin sentyabr ayında telefon xarab olur. Tərəf qızıl zəmanət müqaviləsi üzrə telefonunu dəyişmək istəsə də qarşı tərəf həmin marka telefondan olmadığını bildirir və Samsung Galaxy A56 markalı telefon təklif edilir. Cavabdeh 784,97 manata Samsung Galaxy A56 markalı telefonu alır, həmin telefon üzrə də 200 manat qızıl zəmanət müqaviləsinin haqqını ödəyir. Cavabdeh qızıl zəmanət müqavilələrinin ödənişi ilə birlikdə iddiaçı tərəfə 1099,32 manat ödəniş edib. Samsung Galaxy A36 markalı telefon iddiaçı tərəfdə, belə olan halda cavabdehin ödədiyi ödənişlər çıxılmalıdır, iddiaçı tərəf də hüquqlarını müdafiə etdiyi şəxsə ödənilən pulların çıxılacağını bildirir. Beləliklə cavabdehin iddiaçıya borcu qalmır. Tərəflərin həmin vaxta olan telefon danışıqları, səs yazıları da var. İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etirazlarını bildirmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdeh tərəf ##.##.2025-ci il tarixdə nisyə alqı-satqı müqaviləsinə əsasən telefon alıb. Həmin telefon 6 ay tərəfin istifadəsində olub. 6 ay sonra mağazaya yaxınlaşıb, eyni parametrlərə deyil, daha yüksək parametrlərə də telefon götürmək istədiyini bildirir. Tərəf daha bahalı telefon alır, qızıl zəmanət şərtlərinə uyğun olaraq biz ona 65% endirimlə yeni telefonu veririk. Qızıl zəmanət şərtlərinə əsasən tərəf hər iki telefon alqı-satqısı müqaviləsi üzrə telefonların ödənişini etməlidir. Samsung Galaxy A56 həmin tarixdə həmin məbləğdə satışda yoxdur. Birinci müqaviləyə əsasən həmin qiymətə telefonu vermişdir. Birinci tərəf Samsung Galaxy A36 alıb, 5 ay istifadədən sonra onu qaytarıb. Samsung Galaxy A56 alıb. Samsung Galaxy A36 şirkətdədir. Bizdə sonuncu müqavilə üzrə kamera görüntüləri var. Orada cavabdehə müqavilə üzrə şərtlərin izah edildiyi və onun iradə ifadəsini göstərərək müqavilə ilə razılaşdığı açıq görünür. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflər arasında nisyə alqı-satqı müqavilələrinin olduğu mübahisəsiz haldır. Belə ki, ##.##.2025-ci il tarixli müqaviləyə əsasən cavabdeh qiyməti 1039,07 (min otuz doqquz manat, yeddi qəpik) manat, İMEİ kodu 350057711109211 olan “Samsung Galaxy A36, Samsung Charger” mobil telefonu 6 ay müddətinə, aylıq 139,85 manat, ilkin ödəniş 200 manat olmaqla qızıl zəmanətli ultra 2 il xidməti, paket XL almışdır. ##.##.2025-ci il tarixli müqavilə ilə cavabdeh alqı-satqı qiyməti 784,97 (yeddi yüz səksən dörd manat, doxsan yeddi qəpik) manat, İMEİ kodu 35250********** Samsung Galaxy A56 mobil telefonu 6 ay müddətinə, aylıq 130,83 manat, ilkin ödəniş 0 manat olmaqla, təminatı xidməti və 2 illik ultra qızıl zəmanətlə almışdır. «xxxx» MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli maliyyə və ödəniş cədvəlinə görə cavabdehin ümumilikdə 1040,84 (min qırx manat, səksən dörd qəpik) manat borcu vardır. MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, cavabdehə borcun qaytarılması üçün xəbərdarlıq edilmişdir. İddiaçı hazırda cavabdehlə aralarında bağlanmış nisyə alqı-satqıya dair müqavilələr üzrə yaranmış borcunu tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601, 600.2, 600.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı nisyə alqı-satqı müqaviləsinə görə borcunu tələb etmiş, məhkəmə iddianı qismən təmin etmiş, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İzahatlardan və təqdim edilmiş sənədlərdən bəlli olur ki, tərəflər arasında telefonun nisyə alqı-satqısı üzrə iki müqavilə bağlanmışdır. ##.##.2025-ci il tarixli müqavilə üzrə alınmış telefon xarab olduğundan cavabdeh həmin telefonu qaytarmış, sonra onunla ##.##.2025-ci il tarixli yeni müqavilə bağlanmışdır. Bu faktı hər iki tərəf izahatlarında bildirmişlər. İddiaçı tərəfin bildirdiyinə görə hər iki müqavilə və ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməlidir. Belə ki, iddiaya görə, cavabdehin ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 139.78 (yüz otuz doqquz manat 78 qəpik) manat ödənilməmiş borcu və 13.98 (on üç manat 98 qəpik) manat cərimə borcu qalmışdır. ##.##.2025-ci il tarixli müqaviləyə görə isə 784.98 (yeddi yüz səksən dörd manat 98 qəpik) manat borcu qalmışdır. Cavabdeh tərəfin bildirdiyinə görə isə qızıl zəmanət olduğu üçün əvvəlki müqavilə üzrə həyata keçirdiyi ödənişlər nəzərə alınmaqla ondan sonrakı müqavilə üzrə ödəniş tələb edilməməlidir. İzahatlardan göründüyü kimi, cavabdeh birinci müqavilə əsasında əldə etdiyi telefonu qaytarmış, cavabdeh tərəf də bunu qəbul etmişdir. Bu hal ona ona dəlalət edir ki, tərəflər arasında bağlanmış həmin müqaviləyə xitam verilmişdir. Belə halda həmin müqavilə üzrə borcun tələb edilməsi əsassızdır. Bundan sonra tərəflər arasında ##.##.2025-ci il tarixli yeni müqavilə bağlanmışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, ##.##.2025-ci il tarixli yeni müqavilə üzrə 784,97 manat borc vardır. Sonuncu müqaviləni və ##.##.2025-ci il tarixli fakturanı hər iki tərəf- iddiaçı və cavabdeh imzalamışdır. Həmin sənəddə Cavabdeh adından imza qoyulmaqla “Razıyam” sözü də qeyd edilmişdir. Başqa sözlə, cavabdeh tərəf razılığını bildirməklə qeyd edilən borcu etiraf etmişdir. Cavabdeh tərəf sözügedən sənəddəki imzanı mübahisələndirməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixli müqaviləyə əsasən borcun tələb edilməsi hissədə iddianı təmin edərkən əsassız nəticəyə gəlmişdir. Bu hissədə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Odur ki, həmin hissədə qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Qalan hissədə isə apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən- cavabdehdən ##.##.2025-ci il tarixli müqaviləyə əsasən 139,78 (yüz otuz doqquz manat, yetmiş səkkiz qəpik) manat ödənilməmiş məbləğ və 3 (üç) manat cərimə borcunun tutulmasına dair hissələrdə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qismən təmin edildiyindən və iddia əsasən təmin edildiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi qismən- cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixli müqavilə üzrə 139,78 (yüz otuz doqquz manat, yetmiş səkkiz qəpik) manat ödənilməmiş məbləğin və 3 (üç) manat cərimə borcunun ödənilməsinin təmin edilməsi hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar