Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-1022/2026 25.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından (Açıq sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, icra müddəti müəyyənləşdirilməyən öhdəlik, qabaqcadan ödəniş) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X4, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*- *(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. “xxxx” MMC (satıcı) ilə “xxxx” MMC (alıcı) arasında imzalanmış ##.##.2025-ci il tarixli, BM**/**-** saylı nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı hazırkı müqavilə ilə müəyyən edilmiş malları razılaşdırılmış keyfiyyətdə, qiymətə və çeşiddə Alıcıya satmağı, Alıcı isə təqdim edilmiş malların hazırkı müqavilə ilə müəyyən olunmuş dəyərini «Satıcı»ya ödəyir. Hazırki müqavilə qüvvədə olduğu müddətdə malların sifarişi müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrlə həyata keçiriləcəkdir. Həmin müqavilənin: 2.1.2-ci bəndinə görə satıcı üzərinə öhdəlik götürür ki, hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə göstərilən malları razılaşdırılmış müddətdə və keyfiyyətdə alıcıya təqdim edəcək. 2.3.1-ci bəndinə görə əlavədə göstərilən malların dəyərini müqavilə bağlandıqdan və satıcı tərəfindən hesab-faktura (invoice) təqdim edildikdən sonra 10 iş gün müddətində ödəmək alıcının vəzifəsidir. 2.4.4-cü bəndinə əsasən alıcının hazırki müqavilə üzrə müəyyən edilmiş mallar “alıcı”ya vaxtında təhvil verilməzsə, gecikdirilmiş hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1%-i həddində cərimə tələb etmək hüququ var. 4.3-cü bəndinə görə "alıcı" tərəfindən bu müqavilə üzrə edəcəyi ödənişlər gecikdirildiyi halda "satıcı" tərəfindən ona gecikdirilən hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında cərimə tətbiq edilə bilər. 4.4-cü bəndinə görə bir tərəf digər tərəfi ödəməli olduğu cərimələr, hər hansı bir zərərin əvəzi və onların miqdarı barədə yazılı xəbərdar edir. 4.5-ci bəndinə görə tərəflərdən hər hansı biri bu müqavilə üzrə ödəməli olduğu cəriməni, hər hansı bir zərərin əvəzini digər tərəfin yazılı xəbərdarlığını aldığı gündən etibarən 10 bank günü ərzində ödəməlidir.
2. ##.##.2025-cı il tarixli elektron qaiməyə əsasən ARFEN DP11-1 BOY: 3 M Aliminium (25*10mm) adlı 26.904 manat dəyərində mal “xxxx” MMC tərəfindən “xxxx” MMCyə ödəniş üçün təqdim edilmişdir.
3. 21 və ## ###### 2025-ci il tarixli köçürmə haqqında bildiriş və ödəniş qəbzinə əsasən “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə 26.904 manat məbləğində ödəniş olunmuşdur.
4. “xxxx” MMC tərəfindən “xxxx” MMC-yə göndərilmiş ##.##.2026-cı il tarixli pretenziya məktubundan görünür ki, xxxx” MMC “xxxx” MMC-dən ##.##.2025-ci il tarixli, BM**/**-** saylı müqavilə üzrə ödənilmiş 26.904 manat məbləğin 10 gün ərzində geri qaytarılmasını tələb edir, əks təqdirdə müvafiq məhkəməyə müraciət olunacağını bildirir.
Birinci instansiya məhkəməsindəki icraat:
5. İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC ilə iddiaçı “xxxx” MMC arasında bağlanmış BM**/**-** saylı ##.##.2025-ci il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 26904 manat (22800+4104 ƏDV) məbləğində pulun, 3300 manat cərimə, 181 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC-yi bağlanmış BM**/**-** saylı ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xxxx MMC tərəfindən 19 m ARFEN DP11-1 BOY: 3 M Aliminium (25*10mm) malın alınması üçün ##.##.2025-ci iltarixdə avans olaraq 22800 manat əsas 4104 manat ƏDV daxil olmaqla 26904 manat ödəniş olunmuşdur. Ödəniş olduqdan sonra bir ay müddətində mal təhvil verilməli idi. Lakin bu günədək mal Alıcıya təhvil verilməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlamaq istəsək də telefonlara cavab vermir. Cavabdehə 10 gün müddətində ödənilmiş 26904 manat məbləğin (22800+4104 ƏDV) geri hesaba qaytarılması barədə pretenziya göndərilmişdir. Cavabdehin adından X1 çıxış edirdi. (FİN:1PK065V) Tərəflər arasında bağlanmış BM**/**- ** saylı ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən Bir tərəf təqsirli olaraq digər tərəfə vurduğu ziyana və bu Müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin vaxtında, tam və ya lazımınca yerinə yetirmədiyinə görə digər tərəf qarşısında tam həcmdə məsuliyyət daşıyır. Həmin Müqavilənin 2.4.4-cü bəndinə əsasən Hazırki müqavilə üzrə müəyyən edilmiş mallar “ Alıcı”ya vaxtında təhvil verilməzsə, gecikdirilmiş hər gün üçün müqavilənin ümumi dəyərinin 0,1%-i həddində cərimə tələb etmək hüququ var. Tərəf 5 aydır ki, öhdəliyini yerinə yetirmir. Ona görə də 150 günə 22 manatdan cərimə ödənilməsi tələbi də yerinə yetirilməlidir. 3300 manat cərimə.
7. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385.1, 389.1, 425.1, 442, 448.1, 399.1-ci maddələrinə istinad olunmuşdur.
8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, BM**/**-** saylı, ##.##.2025-ci il tarixli alqı satqı müqaviləsi üzrə əsas borca görə 26.904 manat, cərimə borcuna görə 1.345 manat olmaqla, cəmi 28.249,20 manat pul vəsaitinin və 169 manat dövlət rüsumunun əvəzinin cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, BM**/**-** saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş 26.904 manat məbləğində qabaqcadan ödəniş həyata keçirilmiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək malları müəyyən edilmiş müddətdə iddiaçıya təhvil verməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi və iddiaçıya 26.904 manat məbləğində borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Buna görə də məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirildiyini, cavabdehin isə malları müəyyən edilmiş müddətdə təhvil verməklə bağlı öhdəliyini icra etmədiyini, belə olan halda iddiaçının qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi pul məbləğinin geri qaytarılması hissəsində təmin olunmalı, 26.904 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tədqiq olunmuş sübutlara əsasən iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehdən 3.300 manat məbləğində cərimə pulunun tutulması tələbini irəli sürmüşdür. Məhkəmə hesab edib ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə də haqlıdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq hesab edib ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 1.345 manat məbləğində müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## #### 2014-cü il tarixli Plenum Qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilən cərimə və maliyyə sanksiyalarının ədalətli tətbiqi əsasları qiymətləndirilərkən onların mahiyyət etibarı ilə bərpaedici və ya tənbehedici (məcburi tutulan müəyyən pul məbləği) xüsusiyyəti nəzərə alınmalıdır. Bununla yanaşı, dövlət orqanlarının qarşısında duran ən vacib vəzifə dövlətin Konstitusiyada təsbit olunmuş quruluşunun, idarəetmə üsulunun, dövlət və ictimai qaydanın mühafizəsindən ibarətdir. Bu vəzifənin həyata keçirilməsi demokratik, hüquqi cəmiyyətdə hər bir cəmiyyət üzvünün maraqlarının qorunmasına xidmət edir. Məhz bu səbəbdən dövlət maraqlarının mühafizəsinin təmin olunması ümumilikdə şəxsiyyətin və vətəndaşların hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin olunması ilə sıx əlaqəlidir. Müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmələr tərəfindən tətbiq edilən cərimə və maliyyə sanksiyası qanunvericiliklə nəzərdə tutulan qaydada mütənasib və ədalətli olmalıdır. Bu isə baş vermiş hüquq pozuntusuna tətbiq edilən maliyyə sanksiyası müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyətinin nəzərə alınmasını tələb edir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılması mümkündür. Məhkəmə xərcləri ilə bağlı: Bundan başqa məhkəmə iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edib ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 181 manat dövlət rüsumunun 169 manat olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 385.1, 462.1, 463.1, 465.2, 467, 567, 568.1, 569.1, 570.1, 570.1.1, 599.1, 599.3-cü maddələrinə istinad etmişdir.
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 4.4-cü bəndinə əsasən bir tərəf digər tərəfi ödəməli olduğu cərimələr və onların miqdarı barədə yazılı xəbərdar edir; 4.5-ci bəndə əsasən isə cərimə yalnız belə yazılı xəbərdarlığın alındığı gündən 10 bank günü ərzində ödənilməlidir. İddiaçının ##.##.2026-cı il tarixli pretenziyasında yalnız 26.904 manat avansın qaytarılması tələb edilmiş, hər hansı cərimə tələbi və onun miqdarı göstərilməmişdir. Deməli, cərimənin ödənilməsi öhdəliyinin yaranması üçün müqavilə ilə nəzərdə tutulmuş şərt yerinə yetirilməmiş, tələb bu hissədə həm də müqavilədə razılaşdırılmış qaydaya riayət edilmədən irəli sürülmüşdür. Mülki Məcəllənin 467-ci maddəsi (tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılması); Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014- cü il tarixli qərarı Tutulmuş dəbbə pulu (cərimə) hər bir halda tənasübsüz surətdə yüksəkdir və daha əhəmiyyətli dərəcədə azaldılmalı idi. Qətnamə ilə iddiaçıya qabaqcadan ödədiyi 26.904 manat tam həcmdə qaytarılır, yəni onun əmlak mənafeləri bütövlükdə bərpa olunur. İddiaçı gecikmə nəticəsində hər hansı real zərərə məruz qaldığını sübut etməmişdir və işdə buna dair heç bir sübut yoxdur. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafeləri nəzərə alınmalıdır; zərərin olmadığı halda dəbbə pulu kompensasiya funksiyasını itirərək kreditorun əsassız varlanması vasitəsinə çevrilir. Müqavilədə nəzərdə tutulan gündəlik 0,1% dərəcəsi illik ifadədə 36,5% təşkil edir ki, bu da bazar şərtlərini və mövcud uçot dərəcələrini dəfələrlə üstələyir. Bundan əlavə, cərimənin hesablandığı 150 günlük dövrün böyük hissəsi iddiaçının artıq maldan imtina edib pulun qaytarılmasını tələb etdiyi dövrə düşür. Məhkəmənin özünün istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli Qərarına əsasən maliyyə sanksiyası mütənasib və ədalətli olmalı, müəyyən edilərkən təsərrüfat subyektinin iqtisadi vəziyyəti nəzərə alınmalıdır [şirkətlərinin iqtisadi vəziyyətini təsdiq edən məlumat və sənədlər tərəflərindən əlavə ediləcəkdir]. Beləliklə, cərimə tutulmalı hesab edildiyi təqdirdə belə, o, Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edilməklə minimal həddə — hər bir halda 792 manatdan çox olmamaqla — azaldılmalı idi. - Müqavilədə malların təhvil verilməli olduğu konkret müddət müəyyən edilməmişdir. Müqavilənin 1.2-ci bəndinə görə malların sifarişi onun ayrılmaz tərkib hissəsi olan əlavələrlə həyata keçirilir; 2.1.1-ci və 2.1.2-ci bəndlərinə görə isə mallar məhz əlavədə razılaşdırılmış müddətdə təqdim edilməlidir. Lakin işdə olan yeganə əlavədə — ##.##.2025-ci il tarixli “Qiymətlərin razılaşdırılması protokolu”nda — yalnız malın adı, miqdarı (1 200 m) və qiyməti göstərilmiş, təhvil müddəti razılaşdırılmamışdır. Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş qaydada təhvil müddətini müəyyən edən hər hansı Saziş də bağlanmamışdır. Malın “ödənişdən sonra bir ay müddətində” təhvil verilməli olması barədə nəticə heç bir müqavilə şərtinə deyil, yalnız iddiaçının iddia ərizəsindəki bəyanatına əsaslanır. Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icra müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə bunu müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydada müəyyən edilir. Belə halda gecikmə yalnız kreditor icranı tələb etdikdən sonra yarana bilər. İddiaçı isə ##.##.2026-cı il tarixli pretenziyaya qədər malın təhvilini tələb etməmiş, həmin pretenziyada da təhvili deyil, pulun qaytarılmasını tələb etmişdir. Deməli, öhdəliyin icra vaxtı qanunla nəzərdə tutulan qaydada çatmamış, malın “vaxtında təhvil verilməməsi” faktı ümumiyyətlə yaranmamışdır. Bu səbəbdən müqavilənin 2.4.4-cü bəndində nəzərdə tutulan cərimənin tətbiqi şərti — malın “vaxtında” təhvil verilməməsi — baş verməmişdir və cərimənin ümumiyyətlə, o cümlədən ##.##.2025-ci il tarixindən hesablanması üçün əsas yoxdur. Eyni qayda Mülki Məcəllənin 599.3-cü maddəsinə də aiddir: həmin norma satıcının əşyanı məhz “müəyyənləşdirilmiş müddətdə” verməməsini şərt kimi nəzərdə tutur; belə müddət müəyyən edilmədiyindən və icra lazımi qaydada tələb olunmadığından iddia həm də vaxtından əvvəl verilmişdir. - Müqavilənin 2.4.4-cü bəndində cərimə “müqavilənin ümumi dəyərinin 0,1%-i həddində” ifadəsi ilə müəyyən edilmişdir. “Həddində” ifadəsi sabit dərəcəni deyil, yuxarı həddi (limiti) bildirir və konkret məbləğin işin hallarına uyğun müəyyən edilməsini tələb edir. Məhkəmə bəndin məzmununu təfsir etmədən, izahatları alınmadan cəriməni tətbiq etmişdir. - Bundan əlavə, hətta iddiaçının istinad etdiyi bir aylıq təhvil müddəti qəbul edilsə belə, müqavilənin 2.4.4-cü bəndində nəzərdə tutulan cərimə məhz malın gec təhvil verilməsinə görə, gecikdirilmiş hər gün üçün müəyyən edilmişdir. İddiaçı isə ##.##.2026-cı il tarixli pretenziya ilə Mülki Məcəllənin 599.3-cü maddəsində nəzərdə tutulmuş seçim hüququndan istifadə edərək malın verilməsindən imtina etmiş və qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmişdir. Həmin andan etibarən malın təhvili öhdəliyi pul öhdəliyi ilə əvəz olunmuş, malın gec təhvilinə görə cərimənin sonrakı dövr üçün hesablanmasının hüquqi əsası aradan qalxmışdır. Buna baxmayaraq, məhkəmə cəriməni iddiaçının tələb etdiyi 150 günlük dövr üzrə mümkün hesab etmişdir. Halbuki cərimə ən çoxu təhvil müddətinin bitdiyi ##.##.2025-ci il tarixindən pretenziyada verilmiş son müddətin bitdiyi ##.##.2026-cı il tarixinədək olan dövrü (36 gün) əhatə edə bilərdi ki, bu da iddiaçının öz hesablama qaydası ilə (gündəlik 22 manat) cəmi 792 manat təşkil edir. Deməli, tutulmuş 1 345 manat cərimə hətta bu yanaşma ilə də əsassız olaraq artıqdır. -Qətnamənin nəticə hissəsində əsas borc 26.904 manat, cərimə isə 1.345 manat göstərildiyi halda, cəmi tutulacaq məbləğ 28.249,20 manat kimi qeyd edilmişdir; göstərilən məbləğlərin cəmi isə 28.249 manat təşkil edir. Tutulacaq məbləğin nəticə hissəsində birmənalı müəyyən edilməməsi qətnamənin icrasında qeyri-müəyyənlik yaradır. - İş məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməmiş şəxsin - şirkətlərinin - iştirakı olmadan baxılmışdır. MPM-in 185.5-ci maddəsi işə cavabdehin iştirakı olmadan baxılmasına yalnız onun lazımi qaydada məlumatlandırılması şərtilə yol verir. Qətnamədə şirkətin “lazımi qaydada məlumatlandırıldığı” qeyd edilsə də, bildirişlərin bizə faktiki çatdırılmasını təsdiq edən konkret sübuta istinad edilməmişdir. Nəticədə çəkişmə və tərəflərin bərabərliyi prinsipi (MPM-in 9.1-ci maddəsi), işin hərtərəfli, tam və obyektiv tədqiqi vəzifəsi (MPM-in 14.1-ci maddəsi) və Konstitusiyanın 60-cımaddəsi ilə təminat verilmiş cavabdehin məhkəmə müdafiəsi hüququ pozulmuş, etirazlar və sübutlar təqdim etmək imkanından məhrum edilmişdir. Bu, MPM-in 387.2-ci maddəsinə əsasən qətnamənin hər bir halda ləğv edilməsinə səbəb olan pozuntudur. Qətnamənin 40-cı bəndində cərimənin tutulması “cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi” ilə əsaslandırılmışdır. Halbuki işdə şirkətin hər hansı ödəniş öhdəliyinin gecikdirilməsi mübahisənin predmeti olmamışdır - iddia malın təhvil verilməməsi ilə bağlıdır. Qətnamənin motivləşdirici hissəsinin işin faktiki hallarına uyğun gəlməyən əsaslandırma ilə tərtib edilməsi onun MPM-in 217.3-cü və 217.4-cü maddələrinin tələblərinə cavab vermədiyini göstərir. Bundan başqa, qətnamədə (2-ci və 19-cu bəndlərdə) alınmalı malın miqdarı “19 m” kimi göstərilmişdir; halbuki müqavilənin ##.##.2025-ci il tarixli əlavəsinə əsasən 1.200 metr mal razılaşdırılmış, 19 manat isə malın vahidinin qiymətidir. Belə qeyridəqiqlik iş materiallarının, o cümlədən müqavilə əlavəsinin səthi tədqiq edildiyini təsdiq edir. Qətnamədə malın “ödənişdən sonra bir ay müddətində” təhvil verilməli olması iddiaçının bəyanatı əsasında qəbul edilmiş, halbuki işdə olan müqavilədə və onun ##.##.2025-ci il tarixli əlavəsində (“Qiymətlərin razılaşdırılması protokolu”) belə müddət ümumiyyətlə nəzərdə tutulmamışdır; bəyanatla müqavilə sənədləri arasındakı bu ziddiyyət aradan qaldırılmamışdır. Halbuki gecikmənin başlanğıcı və cərimənin hesablanması bilavasitə bu haldan asılıdır: müddət müəyyən edilməyibsə, Mülki Məcəllənin 427-ci və 569.1-ci maddələrinə əsasən gecikmə yalnız icra tələb edildikdən sonra yarana bilərdi. İddiaçının ##.##.2026-cı il tarixdə malın verilməsindən imtina edərək pulun qaytarılmasını tələb etməsinin cərimənin hesablanma dövrünə təsiri araşdırılmamış, 150 günlük dövrün əsaslılığı yoxlanılmamışdır. Bu hal yalnız iddia ərizəsindəki bəyanata əsaslanır. Qətnamədə həmin müddəti nəzərdə tutan müqavilə şərtinə, sifarişin rəsmiləşdirildiyi əlavəyə və ya digər yazılı sübuta istinad edilməmişdir; əksinə, işdə olan müqavilə və onun ##.##.2025-ci il tarixli əlavəsi belə müddəti ümumiyyətlə nəzərdə tutmur. Bu, MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə ziddir. Təhvil müddəti sübuta yetirilmədən nə gecikmənin başlanğıcı, nə də cərimənin hesablanması müəyyən edilə bilərdi. Mülki Məcəllənin 467-ci maddəsi üzrə tənasüb qiymətləndirilərkən kreditorun əmlak mənafeləri və təsərrüfat subyektinin iqtisadi vəziyyəti əsas meyarlardır. İddiaçının gecikmə nəticəsində hər hansı real zərərə məruz qalıb-qalmaması, habelə şirkətin iqtisadi vəziyyəti araşdırılmamışdır; avansın tam qaytarılması iddiaçının əmlak vəziyyətini onsuz da tam bərpa edir. Bu hallar aydınlaşdırılsaydı, cərimənin daha əhəmiyyətli dərəcədə azaldılması və ya ümumiyyətlə tutulmaması üçün əsas müəyyən edilərdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC Bakı Kommersiya Məhkəməsinin ##.##.2026cı il tarixli
13. e-2-2(4-11)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək aşağıdakı hallarla razılaşmamışdır. Bunlar malın gec təhvilinə görə cərimənin sonrakı dövr üçün hesablanmasının hüquqi əsasının olmaması, məhkəmənin cəriməni iddiaçının tələb etdiyi 150 günlük dövr üzrə mümkün hesab edilmədiyi, cərimənin 1 345 manat yox, 792 manat hesablanmalı olması barədə mülahizə irəli sürmüşlər. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında BM**/**-** saylı ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır və müqavilənin şərtinə əsasən cavabdeh tərəfindən mal satılmalı idi. Cavabdeh tərəfindən verilmiş ##.##.2025-cı il tarixli elektron qaiməyə əsasən ARFEN DP11-1 BOY: 3 M Aliminium (25*10mm) adlı 26.904 manat dəyərində mal “xxxx” MMC tərəfindən “xxxx” MMCyə ödəniş üçün təqdim edilmişdir. 21 və ## ###### 2025-ci il tarixli köçürmə haqqında bildiriş və ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən 22800 manat əsas 4104 manat ƏDV daxil olmaqla 26904 manat ödəniş olunmuşdur. Lakin mallar bu günədək təhvil verilməmişdir. Hesab edir ki, iddiaçı məhkəmədən 3300 manat cərimənin iddiaçıya ödənilməsini tələb etməsinə baxmayaraq, məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## #### 2014-cü il tarixli Plenum Qərarına əsasən hakim cəriməni yazarkən onsuzda ədalətli tətbiq etmişdir və öz mülahizəsinə görə azaltmışdır. Buna baxmayaraq cavabdeh apellyasiya şikayətini verərək ödənişdən yayınmaq üçün süni şəkildə məsələni uzatmağa çalışır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin rədd olunmasını xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasında səhhətində yaranmış problem ilə bağlı iştirak edə biləyəcəyini bildirmiş, məhkəmə iclasının növbəti həftəyə təxirə salınmasını xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. -427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -569.1-ci maddəsinə görə satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. -599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
16. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. -119.6-cı maddəsinə görə yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Apellyasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə qətnamənin iddianın təmin edilmiş hissəsində ləğvinə yönəldilmişdir, odur ki, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəbbə pulunun tutulması, məhkəmə xərcləri və cəmi məbləğ hissəsində dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı “xxxx” MMC (alıcı) ilə cavabdeh “xxxx” MMC (satıcı) ilə arasında bağlanmış ##.##.2025-ci il tarixli, BM**/**-** saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh malları iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2025-ci il tarixdə həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 26.904 manat məbləğində ödəniş edilmişdir. İddiaçı müqavilə üzrə malların dəyərini ödədiyini, lakin ödənilmiş malların ona təhvil verilmədiyini əsas gətirərək qabaqcadan ödənilmiş məbləğin, habelə malların təhvil verilməsinin gecikdirilməsinə görə dəbbə pulunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə malların təhvil verilməsi müddətinin müqavilədə müəyyən edilməməsinə və belə olan halda malların verilməsinin gecikdirilməməsinə istinad etməklə iddianın rədd edilməsini tələb edir.
22. Kollegiya qeyd edir ki, əsas borcun tutulması hissəsində iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 599.3-cü maddəsi təşkil edir.
23. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı tərəfindən sifariş edilmiş malların dəyərinin qabaqcadan ödənilməsi, eləcə də həmin ödənişin müqabilində malların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməməsi işin mübahisəsiz halları təşkil edir.
24. İşin mübahisəli halı isə cavabdehin malların təqdim edilməsi öhdəliyinin icrasını gecikdirib-gecikdirməməsi ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, mübahisəli müqavilədə alıcı tərəfindən malların dəyərinin müqavilə bağlandıqdan və hesab-faktura (invoice) təqdim edildikdən sonra 10 gün müddətində ödənilməsi razılaşdırılsa da, satıcı tərəfindən malların təhvil verilmə öhdəliyinin icrası müddəti nə müqavilədə, nə də müqaviləyə əlavə olaraq təsdiq edilmiş qiymət razılaşdırılması protokolunda müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı tərəflərin razılaşmasına əsasən cavabdehin malın təhvil verilməsi öhdəliyinin 1 ay müddət ərzində icra edilməli olmasını iddia etsə də, belə bir razılaşmanın mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
25. Göstərilən hallar belə qənaətə gəlməyə əsas verir ki, hazırkı halda mübahisəli müqavilə üzrə satıcının malın təhvil verilməsi öhdəliyi icra müddəti müəyyən edilməmiş öhdəlik olmaqla Mülki Məcəllənin 427.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ağlabatan müddətdə icra edilməlidir.
26. Hazırkı halda ##.##.2025-ci il tarixdə tərəflər qiymət razılaşdırılması protokolunda təqdim ediləcək malın çeşidi, miqdarı və qiymətini razılaşdırmış, yəni müqavilə üzrə təqdim edilməli olan mal müəyyən edilmiş, həmin malın təqdim edilməsi ilə bağlı cavabdeh tərəfindən avans qaiməsi göndərilmiş və həmin qaimə əsasında ##.##.2025ci il tarixdə qabaqcadan ödəniş edilmişdir. Belə olan halda öhdəliyin icrası üçün ağlabatan müddətin axımı məhz təqdim edilməsi razılaşdırılmış konkret mal ilə bağlı göndərilmiş elektron qaimə əsasında həmin malın dəyəri tam şəkildə ödənildiyi tarixdən, yəni qabaqcadan ödənişin müqabilində konkret malın təqdim edilməsinə dair qarşılıqlı öhdəliyin yarandığı vaxtdan hesablanmalıdır.
27. Ağlabatan müddət müəyyən edilərkən nəzərə alınmalıdır ki, ağlabatan müddət dedikdə mülki dövriyyənin vicdanlı iştirakçısına həmin öhdəliyin icrası üçün obyektiv olaraq tələb edilən müddət başa düşülür. Odur ki, kollegiya hazırkı halda cavabdeh tərəf konkret malın təqdim edilməsi üçün daha uzun müddət tələb edildiyini (məsələn, malın fərdi sifariş əsasında hazırlanmalı olduğunu, ölkə xaricindən gətirilməli olduğunu və s.) əsaslandırmadığından iddiaçının istinad etdiyi bir aylıq müddəti adi alqı-satqı əməliyyatları üçün ağlabatan hesab edir.
28. Odur ki, malın təhvil verilməsi öhdəliyinin icra edilməli olduğu ağlabatan müddət ##.##.2025-ci il tarixdə başlamış, ##.##.2025-ci ildə isə başa çatmış, belə olan halda cavabdeh ##.##.2025-ci il tarixdən həmin öhdəliyin icrasını gecikdirmişdir. Belə olan halda isə iddiaçı ##.##.2026-cı il tarixdə Mülki Məcəllənin 599.3-cü maddəsində nəzərdə tutulmuş hüquqdan istifadə etməklə müqavilədən imtina etməkdə və qabaqcadan ödədiyi məbləği tələb etməkdə haqlı olmuşdur.
29. Kollegiya onu da vurğulayır ki, iddiaçı müqavilə üzrə təqdim edilməsi nəzərdə tutulan maldan imtina etdikdən sonra cavabdeh həmin imtinaya etiraz etməmiş, malların artıq hazır olduğunu bildirməmiş və ya malların müəyyən müddət ərzində təhvil verilməsini təklif etməmiş, eləcə də apellyasiya şikayətində də malın təqdim edilməsinin gecikdirilməməsini qeyd etsə və avans ödənildikdən 2 ay müddətində təqdim edilməməsini malın təhvil verilməsi müddətinin müəyyən edilməməsi ilə əlaqələndirsə də, hal-hazırda malın təhvil verməsinin mümkün olmasını bildirməmiş, yəni faktiki olaraq iddiaçının maldan imtinası ilə razılaşmışdır.
30. Digər tərəfdən iddia tələbinin dəbbə pul tutulması hissəsinə münasibətdə kollegiya cavabdehin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçı ##.##.2026-cı il tarixdə müqavilədən imtina etdiyindən və belə olan halda həmin tarixdən sonra cavabdeh malı təqdim etmək öhdəliyini icra etmək imkanına malik olmadığından həmin tarixdən sonrakı müddət üçün malın təqdim edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması istisna edilir. Odur ki, dəbbə pulu ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək olan 25 günlük müddət üçün hesablanaraq (26.904 manatx0,1%x25 gün) 672,6 manat məbləğində müəyyənləşdirilməlidir.
31. Cavabdehin bu hissədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, müqavilənin 4.4 və 4.5-ci bəndlərinə əsasən cərimənin ödənilməsi barədə digər tərəfin yazılı şəkildə xəbərdar edilməsi və həmin xəbərdarlığın alındığı gündən 10 bank günü müddətində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziyada isə yalnız əsas borcun qaytarılması tələb edilmiş, cərimənin ödənilməsi barədə ayrıca tələb irəli sürülməmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, müqavilənin sözügedən bəndi tərəfin dəbbə pulunun hesablanmasından xəbərdar olması, dəbbə pulunun ödənilməsi üçün tərəfə ağlabatan müddət verilməsini təmin etməklə cavabdehin müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququnun yaranmasını həmin bəndə riayət edilib-edilməməsindən asılı etmir. Digər tərəfdən cavabdehin sözügedən arqumentni pretenziya qaydasına riayət edilməməsi barədə arqument nəzərdə keçirsək isə qeyd edilməlidir ki, məhkəməyədək pretenziya qaydasına riayət edilməsi barədə prosessual tələb tərəflərin mübahisələri danışıqlar yolu ilə həll edilməsinə imkan yaradılması və məhkəmə mübahisəsinin yaranmasının qarşısının alınmasına yönəldilmişdir. Hazırkı halda işə məhkəmədə baxıldığı 6 aya yaxın müddət ərzində tərəflərin dəbbə pulu ilə bağlı mübahisələrinin həll edilməsi üçün kifayət qədər imkanları və vaxtları olmuş, lakin hər hansı razılıq əldə edilməsinə heç cəhd ddə edilməmişdir. Belə olan halda hazırkı mərhələdə pretenziya qaydasına riayət edilməməsi əsası ilə iddia ərizəsinin baxılmamış saxlanılması həddindən artıq formal yanaşma olmaqla iddiaçının məhkəməyə çatımlılıq hüququnun lüzumsuz məhdudlaşdırılmasına səbəb ola bilər.
32. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, dəbbə pulu tələbinin tutulması hissəsində qətnamə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu 672,6 manat müəyyən edilməlidir. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilməməlidir.
33. Buna müvafiq olaraq qətnamənin məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində və cəmi tutulacaq məbləğ hissəsində də qətnamə dəyişdirilməli və iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən tutulacaq məbləğ 164 manat məbləğində və cəmi tutulacaq məbləğ isə 27.576,6 manat məbləğində müəyyən edilməlidir.
34. Apellyasiya şikayəti verilərkən çəkilmiş məhkəmə xərcləri şikayətin təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilməli, qalan hissədə rüsum cavabdehə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-**)-****/**** saylı qətnaməsi dəbbə pulu tələbinin təmin edilmiş hissəsində, məhkəmə xərcləri və cəmi tutulacaq məbləğ hissəsində dəyişdirilsin, cavabdeh “xxxx” MMC-dən iddiaçı “xxxx” MMCnin xeyrinə tutlulacaq dəbbə pulu məbləği 672,6 manat məbləğində, dövlət rüsumunun əvəzi olaraq tutulacaq məbləğ isə 164 manat məbləğində, cəmi tutulacaq məbləğ isə 27.576,6 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul vəsaiti iddiaçının tutularaq cavabdehə ödənilsin, qalan hissədə rüsum cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Səməd Cəfərov
Tural Qocayev