Məhkəmə qərarları › İş №e-2-2(3-9)-181/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-181/2026

23.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2-2(3-9)-181/2026 23.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əhmədsoy Atilla Əhməd oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsindən (hakim Namidar Misirzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 13198,26 manat məbləğində pul vəsaitinin və ödənilmiş 130 manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında ##.##.****-cü il tarixində AZG- 14/**** qeydiyyat nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh aldığı məhsulun dəyərini ödəməklə qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı satıcının hesabına ödəməli olduğu vəsaiti nağd və ya köçürmə yolu ilə hər ayın sonu yalnız satıcının səlahiyyətli nümayəndəsindən mədaxil qəbzi almaqla ödəyir. Lakin cavabdeh aldığı məhsullara dair ödənişi vaxtı-vaxtında etmədiyinə görə ümumillikdə alıcıya 13198,26 manat borcu yaranmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh iddiayanın əsassız olduğunu bildirib rədd olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia təmin olunaraq, 13198,26 manat məbləğində pul vəsaiti və 130 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının ciddi şəkildə pozulması, iş üçün əhəmiyyətli halların tam və hərtərəfli araşdırılmaması, sübutların obyektiv qiymətləndirilməməsi, iddiaçının sübutetmə vəzifəsini yerinə yetirməməsi və məhkəmənin gəldiyi nəticələrin iş materiallarına uyğun olmaması səbəbindən qanunsuz və əsassızdır. Məhkəmə aşağıdakı mühüm məsələləri müəyyən etməli idi, iddiaçı tərəfindən cavabdehə konkret hansı malların verilməsi, malların nə vaxt, hansı sənədlərlə və hansı qiymətlə təhvil verilməsi, cavabdehin faktiki qəbulunu təsdiq edən sənədlərin mövcudluğu, cavabdehin həyata keçirdiyi ödənişlərin məbləği, ümumi mal dövriyyəsi və ödənişlər, habelə 13198,26 manat borcun hansı konkret əməliyyatlardan formalaşması. Qətnamədə bu məsələlər tam və aydın şəkildə müəyyən edilməmişdir. Qətnamənin özündən görünür ki, ##.##.****-cü il tarixli borcların qarşılıqlı üzləşmə aktında cavabdehin ##.##.****-cü il tarixə 35521,38 manat borcu, ##.##.2025-ci il tarixli üzləşmə aktında isə 20639,35 manat borcu olduğu göstərilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmədə 13198,26 manat tələb etmiş və məhkəmə də məhz həmin məbləği tutmuşdur. Lakin məhkəmə 20639,35 manat məbləğindən 13198,26 manat məbləğinə necə gəlinməsini müəyyən etməmişdir. 7441,09 manat fərqin hansı ödənişlər, mal qaytarmaları, düzəlişlər və ya digər əməliyyatlar nəticəsində yarandığı qətnamədə göstərilməmişdir. Bu hal iddia predmetinin və borcun məbləğinin sübuta yetirilmədiyini göstərir. Məhkəmə “borc var” deməklə kifayətlənməməli, konkret olaraq 13198,26 manatın hansı ilkin sənədlər və əməliyyatlarla təsdiq edildiyini göstərməli idi. Üzləşmə aktlarının mövcudluğu həmin aktlarda göstərilən rəqəmlərin digər sübutlardan təcrid olunmuş şəkildə qəbul edilməsinə əsas vermir. Məhkəmə hər bir üzləşmə aktının hansı ilkin sənədlər əsasında tərtib edildiyini, hansı malların göndərildiyini, hansı ödənişlərin nəzərə alındığını və hesablamanın düzgün olub-olmadığını araşdırmalı idi. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməlidir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə isə üzləşmə aktlarının əsasını təşkil edən ilkin sənədləri təhlil etmədən həmin aktlara borcun mövcudluğunu təsdiq edən kifayət qədər sübut kimi istinad etmişdir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu işdə iddiaçı malın cavabdehə verilməsini, malların dəyərini, malların qəbul edilməsini, ödənişlərin aparılmamasını və borcun konkret məbləğini sübut etməli idi. Müqavilənin mövcudluğunun sübut edilməsi malların faktiki təhvil verilməsinin və 13198,26 manat borcun yaranmasının sübut edilməsi demək deyildir. Məhkəmə faktiki olaraq sübutetmə yükünü cavabdehin üzərinə keçirmişdir. Halbuki cavabdehdən borcun olmadığını sübut etməsi tələb edilməzdən əvvəl iddiaçı borcun mövcudluğunu və məbləğini sübut etməli idi. Qətnamədə Mülki Məcəllənin 567-ci maddəsinə istinad edilmişdir. Həmin normaya əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib qiymətini ödəməlidir. Lakin müqavilənin mövcudluğu öz-özlüyündə konkret pul borcunun mövcudluğunu sübut etmir. Məhkəmə satıcının öz öhdəliyini icra edib-etmədiyini, malların faktiki olaraq cavabdehə təhvil verilib-verilmədiyini və bunun hansı sənədlərlə təsdiq olunduğunu müəyyən etməli idi. Bu hallar müəyyən edilmədən Mülki Məcəllənin 567-ci maddəsinə istinad etməklə alıcının 13198,26 manat borclu olması nəticəsinə gəlmək əsassızdır. Qətnamədə Mülki Məcəllənin 385.1 və 442-ci maddələrinə istinad edilmişdir. Lakin həmin normaların tətbiqi üçün konkret öhdəliyin mövcudluğu, öhdəliyin predmeti, icra müddəti, icra edilməməsi və borcun məbləği sübut olunmalıdır. Məhkəmə “öhdəlik → öhdəliyin predmeti → icra müddəti → icra edilməməsi → borcun məbləği” ardıcıllığını müəyyən etməmişdir. 13198,26 manatın hansı konkret mal və ödəniş əməliyyatlarından yarandığı göstərilməmişdir. Buna görə də Mülki Məcəllənin 385.1 və 442-ci maddələrinin tətbiqi üçün zəruri faktiki əsaslar tam müəyyən edilməmişdir. Məhkəmə müqaviləni, distribütor müqaviləsinə razılaşmanı və üzləşmə aktlarını qeyd etmiş, lakin həmin sənədlər arasındakı hüquqi və maliyyə əlaqəni müəyyən etməmişdir. Xüsusilə 35521,38 manat, 20639,35 manat və 13198,26 manat rəqəmləri arasındakı fərqlər izah edilməmişdir. Məhkəmənin “13198,26 manat borc mövcuddur” nəticəsi bu rəqəmlərin necə formalaşdığını göstərən hesablama ilə təsdiq edilmədiyindən əsaslandırılmış hesab edilə bilməz. Qətnamənin özündə cavabdehin iddiaya etiraz etdiyi və iddianın rədd edilməsini xahiş etdiyi göstərilir. Lakin qətnamənin əsaslandırıcı hissəsində cavabdehin etirazlarının hansı səbəbdən əsassız hesab edildiyi ətraflı göstərilməmişdir. Məhkəmə yalnız “iddia əsaslıdır” nəticəsinə gəlmiş, lakin həmin nəticəyə qarşı irəli sürülmüş etirazları sübutlar və hüquq normaları ilə əlaqəli şəkildə təhlil etməmişdir. Bu isə məhkəmə aktının əsaslandırılmış olması tələbinə uyğun deyildir. Qətnamədə müxtəlif tarixlər üzrə müxtəlif borc məbləğləri göstərilir: 35521,38 manat, 20639,35 manat və 13198,26 manat. Məhkəmə son məbləğin necə formalaşdığını müəyyən etmədən 13198,26 manatın tutulmasına qərar vermişdir. Bu ziddiyyət qətnamənin maddi əsasının yenidən və tam araşdırılmasını tələb edir. Pretenziya məktubu iddiaçının birtərəfli iradəsini ifadə edən sənəddir. Onun göndərilməsi borcun yaranmasını, məbləğini, malın təhvil verilməsini və ödənişlərin edilməməsini öz-özlüyündə sübut etmir. Pretenziya yalnız borcun digər mötəbər sübutlarla təsdiq edildiyi halda qiymətləndirilə bilər. Buna görə də pretenziyanın göndərilməsi iddianın təmin edilməsinin müstəqil əsası ola bilməz. Iddiaçı tərəfindən 13198,26 manat üzrə tam və şəffaf hesab təqdim edilməli idi, malın adı, qaimə və sənəd, tarix, məbləğ, ödəniş və qalıq borc ayrı-ayrılıqda göstərilməli idi. Belə hesabın və onu təsdiq edən ilkin sənədlərin məhkəmə tərəfindən tam araşdırılmaması borcun məbləğinin müəyyən edilməsinə mane olmuşdur. Birinci instansiya məhkəməsi işin əhəmiyyətli hallarını tam müəyyən etməmiş, sübutetmə yükünü düzgün tətbiq etməmiş, sübutları tam və hərtərəfli qiymətləndirməmiş, tələb olunan məbləğin hesablanmasını yoxlamamış, üzləşmə aktları arasındakı fərqləri izah etməmiş və cavabdehin etirazlarına lazımi hüquqi qiymət verməmişdir. Bu pozuntular qətnamənin qanuniliyinə və əsaslılığına birbaşa təsir etmişdir. MPM-in apellyasiya icraatını tənzimləyən normalarına əsasən apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxaraq sübutları araşdırmaq və birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etmədiyini yoxlamaq səlahiyyətinə malikdir. Bu səbəbdən malın faktiki təhvil verilməsi, ilkin sənədlər, ödənişlər, üzləşmə aktlarının əsasları və borcun hesablanması apellyasiya instansiyasında tam araşdırılmalıdır. Iş üzrə tələb olunan 13198,26 manat məbləğinin hesablanmasının düzgünlüyü mübahisəli olduğundan, zəruri hesab edildiyi halda məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edir. Ekspert qarşısında aşağıdakı suallar qoyula bilər: 1. Təqdim edilmiş ilkin mühasibat sənədlərinə əsasən Cavabdeh hansı mallar təhvil verilmişdir? 2. Həmin malların ümumi dəyəri nə qədər olmuşdur? 3. Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin ümumi məbləği nə qədərdir? 4. Ödənişlər nəzərə alındıqdan sonra real borc nə qədərdir? 5. ##.##.****-cü il tarixli üzləşmə aktında göstərilən 35521,38 manat hansı əməliyyatlardan formalaşmışdır? 6. ##.##.2025-ci il tarixli üzləşmə aktında göstərilən 20639,35 manat hansı əməliyyatlardan formalaşmışdır? 7. 20639,35 manat məbləğindən 13198,26 manat məbləğinə hansı əməliyyatlar nəticəsində keçilmişdir? 8. 13198,26 manat məbləğinin ilkin mühasibat sənədləri ilə təsdiqi mümkündürmü? Iş üzrə əsas hüquqi məsələ tərəflər arasında müqavilənin olub-olmaması deyil. Əsas məsələ iddiaçının cavabdehə müqavilə üzrə mal verdiyini və həmin mallara görə məhz 13198,26 manat ödənilməmiş borcun qaldığını sübut edib-etməməsidir. Birinci instansiya məhkəməsi bu əsas məsələni lazımi qaydada araşdırmamışdır. Məhkəmə müqavilənin mövcudluğundan borcun mövcudluğuna, borcun mövcudluğundan isə 13198,26 manat məbləğinə birbaşa keçmişdir. Halbuki hər bir mərhələ ayrıca sübut edilməli idi. Məhkəmənin istinad etdiyi sənədlərin özündə belə müxtəlif borc məbləğləri göstərildiyi halda, son tələb olunan məbləğin necə formalaşdığı müəyyən edilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan qanunla müəyyən olunan qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh apellyasiya baxışına gəlməmiş, iddiaçı nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır. Tərəflər məhkəmədə iştirak etməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını tətbiqində səhvə yol verməmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında ## ###### ****-cü ildə bağlanmış AZG- **/**** saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı tərəfindən istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri, suları və alkoqolllu içkiləri müqavilənin ayrılmaz tərkib hissəsi sayılan * saylı əlavədə qeyd edilən miqdarda, çeşiddə alıcıya satılması, alıcı tərəfindən isə müəyyən edilmiş şərtlər daxilində məhsulun dəyəri ödənilib qəbul edilməsi müqavilənin predmetini təşkil etmişdir. Tərəflər arasında tərtib olunaraq təsdiq edilmiş ## ###### ****-cü il tarixli borcların qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh ## #### ****-cü il tarixinə İddiaçı MMC-yə ƏDV daxil 35521,38 manat məbləğində borcunun qaldığı razılaşdırılmışdır. Tərəflər arasında tərtib olunaraq təsdiq edilmiş ## ###### 2025-ci il tarixli borcların qarşılıqlı üzləşmə aktından görünür ki, Cavabdeh ## ###### 2025-ci il tarixinə İddiaçı MMC-yə 20639,35 manat məbləğində borcunun qaldığı müəyyən edilmişdir. Akta Cavabdeh tərəfindən aşağıdakı məzmunda qeyd verilmişdir: “Məhsul mənə distribütör kimi yox topdan kimi baha verildiyi üçün mən qazanc edə bilməmişəm. Şirkətlər məhsulu məndən 12 faiz aşağı satır. Xahiş edirəm 245000 mal üçün 10 faiz endirim edəsiniz”. Cavabdeh aid müştəri hərəkətləri barədə # ######## 2025-ci il tarixli hesabatdan görünür ki, sonuncuya 245587,19 manat dəyərində mal verilmiş, 232388,93 manat ödəniş edilmişdir. Yaranan fərq (245587,19-232388,93=13198,26) 13198,26 manatdır. Iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı Msatıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Iş materiallarına əlavə edilmiş sənədlərdən tərəflər arasında ## ###### ****-cü il tarixdə bağlanmış AZG-**/**** saylı “Alqı-satqı müqaviləsi”ndən irəli gələn münasibətlərin formalaşdığı, alıcı qismində çıxış edən Cavabdeh satıcı qismində çıxış edən İddiaçı MMC qarşısında götürmüş olduğu mallara görə malların dəyərinin tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Bu hal iş materiallarına əlavə edilmiş borcların qarşılıqlı üzləşmə aktları, distribütor müqaviləsi, müştəri hərəkətləri barədə # ######## 2025-ci il tarixli hesabatla tam təsdiqini tapır. Malları təhvil almış alıcı (cavabdeh) onu alğı-satqı müqaviləsində nəzərdə tutulan qaydada və müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, satıcı (iddiaçı) verilmiş malların dəyərinin ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. Apellyasiya şikayətində, həmçinin, birinci instansiya məhkəməsinin MPM-in 14.1, 77, 88 -ci maddələrinin tələblərini pozduğu, sübutları tam və obyektiv araşdırmadığı, iddiaçının mövqeyindən çıxış etdiyi göstərilmişdir. Kollegiya bu dəlilləri də əsaslı hesab etmir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəflərin izahatlarını dinləmiş, təqdim olunmuş bütün yazılı sübutları tədqiq etmiş, cavabdehin etirazlarına hüquqi qiymət vermiş və qətnamədə onların qəbul edilməməsinin səbəblərini ətraflı əsaslandırmışdır. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun həyata keçirilmiş, prosessual hüquq normalarının pozulması nəticəsində iş üzrə yanlış qətnamənin qəbul edilməsinə səbəb olmuş hər hansı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 382, 384.0.1, 385.2, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli e-*-*(*-**)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid Imanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar