Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1511/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Lpo İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1171,53 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10 mart 2017-ci il tarixinə 1478,33 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 208,16 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1312,67 ABŞ dolları cərimə borcunun, cəmi isə 4170,69 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulub Lpo İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10.03.2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsinə əsasən iddiaçı Lpo İddiaçı ASC-nin “Səbail “ flialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 29 % ödəmək şərti ilə 2000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh 10.03.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 Valeh oğlu ilə 10.03.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Mustafyev Samir Taqrverdi oğlunun kredit üzrə banka olan əsas borcu 1171,53 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.03.2017-ci il tarixinə faiz borcu 1478,33 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu, 208,16 ABŞ dolları müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1312,67 ABŞ dolları olmaqla, cəmi 4170,69 ABŞ dolları təşkil edir. Lpo İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi bardə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxamayaraq onun tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.Əlavə olaraq bildirmişdir ki, iddia müddəti ötürülmədiyindən iddia müddətinin tətbiq edilməsinə əsas yoxdur. Belə ki, 2020-ci ildə eyni tələblə məhkəməyə müraciət edilmiş lakin fərmana görə baxılmamış saxlanılmışdır(bununla bağlı müvafiq qərardadı təqdim etdi). Kredit müqaviləsi üzrə qalıq borc 10000 ABŞ dollarından artıq olduqda və ya 17000 manatdan yuxarı məbləğ olduqda həmin kredit müqaviləsi Prezidentin vermiş olduğun problemli kreditlərlə bağlı fərmanın təsir dairəsinə düşmür. Müqavilə üzrə kompensasiya məbləğinin olub-olmaması iddia ərizəsi məhkəməyə verilən zaman nəzərə alınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə borc məbləğini özü götürsə də, həmin məbləği zaminə vermişdir. Müqavilə üzrə əsas borc məbləğini qəbul edir. Kredit müqaviləsi üzrə borc məbləğinin fərmanın təsir dairəsinə düşüb-düşməməsi barədə ona məlumat verilməmiş, yeni müqavilənin bağlanması üçün banka dəvət edilməmişdirlər. Əsas borc məbləğini birdəfəlik yox hissə-hissə ödəmək imkanı vardır. Bundan başqa o, əvvəlki məhkəmə iclasında məhkəməyə iddia müddətinin ötürülməsi ilə bağlı vəsatət təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qismən əsas borca münasibətdə qəbul edir. Belə ki, kredit götürdükdən sonra 2-3 ay ərzində ödəniş etmişdir. Lakin sonradan bank bağlanmışdır. Kredit müqaviləsinin fərmanın təsir dairəsinə düşüb-düşməməsi barədə onlara məlumat verilməmiş, yeni müqavilənin bağlanması üçün banka dəvət edilməmişdirlər. Məhkəmə tərəfləri izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 mart 2015-ci il tarixli, İKM 01 saylı istehlak krediti müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor Cavabdeh1 istehlak məqsədi ilə illik 29% faiz hesablanmaqla 24 ay müddətinə, aylıq ödəniş 110,80 ABŞ dolları olmaqla 2000 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. “İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 mart 2015-ci il tarixli, zəmanət müqaviləsindən görünür ki, bu müqavilə üzrə zəmanət verən bank qarşısında borc alanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər məhkəmə xərcləri və digər ziyanının ödənilməsi də daxil olmaqla ödənişlərə görə borc alan tam məsuliyyət daşıyır. Ləğv prosesində olan “İddiaçı" ASC tərəfindən təqdim edilən 13 oktyabr 2020-ci il tarixli, **********190 saylı maliyyə arayışına əsasən Cavabdeh1 10 mart 2015-ci il tarixli, 8- 1-******************** saylı kredit müqaviləsi üzrə 01 oktyabr 2020-ci il tarixinə 1171,53 ABŞ dolları əsas, 1478,33 ABŞ dolları faiz borcu, borcun gecikdirilməsinə görə hesablanmış 1312,67 ABŞ dolları cərimə borcunun, gecikdirilmiş vaxt üçün hesablanan 208,16 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4170,69 dolları borcu vardır. Müqavilə üzrə gecikdirilən günlərin sayı 1301 gündür. Ləğv prosesində olan “İddiaçı" ASC tərəfindən cavabdehlərə 15.03.2018-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, borcluya kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı elektron ünvandan olan çıxarışdan görünür ki, Cavabdeh1yev oğlunun 10 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcundan 1086,32 manatı güzəştli kompensasiya məbləği kimi nəzərə alınaraq kredit borcunun qalıq hissəsinə yönəldilmiş və restrukturizasiya olunmalı məbləğ 1991,59 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün tərəfidən 01 dekabr 2020-ci il tarixində elektron qaydada 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında işin faktiki halları aşağıdakı kimi müəyyən edilir: 1) iddiaçı ilə cavabdehlər arasında kredit müqaviləsindən və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, 2) borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək müqavilə şərtlərini pozmuşdur, 3) iddiaçı ilə borcalan arasında bağlanan kredit müqaviləsinin təminatı kimi həmin tarixdə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 4) borc məbləği barədə maliyyə arayışı 01.10.2020-ci il tarixinə aiddir, 5) kredit müqaviləsi problemli kreditlərə dair Fərmanın təsir dairəsinə düşmüşdür və kredit müqaviləsi üzrə restrukturizasiya məbləği 1991,59 manat müəyyən edilmişdir, 6) cavabdehə kredit müqaviləsini restrukturizasiya edilməsi barədə təklif göndərilib göndərilməməsi ilə bağlı iş materiallarında müvafiq sənəd müəyyən edilməmişdir, 7) iddiaçı həm qalıq əsas borcu, həm faiz borcunu, həm cərimə borcunu, həm də əldən çıxmış fayda üçün faiz borcunu tələb edir, 8) Cavabdeh1 iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir, iddiaçı buna etiraz edərək iddia müddətinin ötürülmədiyini bildirir və bunu onunla əsaslandırır ki, eyni iddia tələbi ilə məhkəməyə 2020-ci ilin 27 fevralında müraciət etmiş, lakin 02 mart 2020-ci il tarixdə məhkəmənin qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardadın qəbul edilməsinə əsas məlum fərman olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaya hüquqi qiymət verilməsindən, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsindən əvvəl həmin iddiaçının mübahisə ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququnun pozulubpozulmaması araşdırılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Bu baxımdan işin halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdehlər arasında kredit və onun təminatı ilə zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Borcalanın kredit müqaviləsi üzrə öhdəliyini lazimi qaydada icra etməməsi maliyyə arayışı, hesabdan çıxarış məlumatları ilə təsdiq olunur. Borcalan da öhdəliyini lazimi qaydada icra etmədiyini qəbul edir. Bu səbəbdən borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Lakin məhkəmə tələb olunan borc məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, Azərbaycan Mərkəzi Bankının kompensasiya məbləğinin sorğulanması barədə məlumatından görünür ki, S.Musatafayevin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borcunun manat ekvivalentində 3077,92 manat olduğu nəzərə alınaraq, borcluya 1086,32 manat kompensasiya məbləği hesablanaraq borcun azaldılmasına yönəldilmiş və qalıq borcunun, eyni zamanda restrukturizasiya borcunun 1991,59 manat olduğu müəyyən edilmişdir. İddiaçı da qalıq əsas borcu, yəni 1991,59 manatı 1171,53 ABŞ dolları ekvivalentində tələb edir. Göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi həm məlum fərmanın kompensasiya hissəsinə, həm də restrukturizasiya hissəsinə düşməsinə, həmçinin dövlət tərəfindən hesablanmış kompensasiya məbləğinin qalıq kredit borcunun azaldılmasına yönəldilməsinə baxmayaraq, kredit məbləği 2000 abş dolları olan müqaviləyə üzrə iddiaçı ümumilikdə 4170.69 ABŞ dolları vəsait tələb edir. Bu baxımdan məhkəmə iddianı yalnız əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin(faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi) silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Bununla bağlı Azərbaycan Respublikasının X4 Palatasinın 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 5.2.1-ci bəndinə əsasən Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir. Həmin Qaydaların 5.2.2-ci maddəsinə əsasən kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir. Həmin qaydaların 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Eyni zamanda qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Odur ki, sözügedən kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Lakin bununla bağlı borcalana kredit müqaviləsinin restrukturizasiya edilməsi ilə bağlı bildirişin göndərilməsi müəyyən edilmir. Eyni zamanda fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Hər bir halda belə bildiriş göndərilmiş olsa belə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının məqsədi dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Həmin Fərmanın 5-ci bəndində Mərkəzi Banka tövsiyyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Həmin Fərmanın 6-cı bəndində Banklara tövsiyyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.9-cu maddəsində qeyd edilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə X2 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Fərmanın məzmunundan göründüyü kimi həmin Fərmanın qəbul edilməsinin məqsədi fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək olmuşdur. Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin borclunun və ya kreditorun təqsiri ucbatından bağlanıla bilməməsi, fərmanın məqsəd və təyinatı nəzərə alınarsa borclunun ziyanına təfsir edilməməlidir. Əksinə borclunun yeni müqavilə bağlamaqdan imtina etməsi, onsuz da onun ziyanına olan haldır, bu isə iddiaçının əsas borcdan əlavə, həm də faiz və cərimə borcunu tələb etməsinə əsas vermir. Belə ki, borclu güzəştli şərtlərlə yeni müqavilə bağlamış olsaydı, faizlər və cərimə borcu silindikdən sonra əsas borcu hissə-hissə 5 il(illik 1 faiz, ilk 1 il yalnız faiz ödəməklə) müddətində ödəmək imkanı əldə edəcəydi. Lakin hazırki halda kreditorun əsas borcu vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Odur ki, bu halda yalnız əsas borcun tutulmasının təmin edilməsi kreditorun mənafeyinə zidd olmamaqla fərmanın məqsədinə uyğun hesab edilməlidir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz, cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdeh – zamin Cavabdeh2 tutulması hissəsində də iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kimi, zaminlik müqaviləsinin 4.3-cü bəndində qeyd olunmuşdur ki, “bu zəmanət müqaviləsi bütün şərtlərin tam yerinə yetirilməsindən sonra qüvvədən düşür”. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı 10 mart 2017-ci il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş, iddia tələbi ilə 10 dekabr 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verilməli və zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. İddianın ilk dəfə məhkəməyə verildiyi 27 fevral 2020-ci il də nəzərə alınarsa belə zaminliyə xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Bununla bağlı məhkəmə o qənaətə gəlir ki, ABŞ dolları ilə olan kredit borcu ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə vəsatətinə münasibətdə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 10 mart 2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 10 mart 2017-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə 10 dekabr 2020 tarixində məhkəməyə müraciət etmişdir. Bu baxımdan kredit müqaviləsindən irəli gələn öhdəliklər üzrə 3 illik iddia müddəti vizual olaraq ötürülmüş görünür. Lakin elektron informasiya sistemindən(AZ EMİS) iş materiallarına əlavə edilən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(001)-2428/2020 saylı qərardadından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 Tarqverdi oğlu və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair 27 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1171,53 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin izra müddətinin bitdiyi 10.03.2017-ci il tarixinə 1261,77 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 170,24 ABŞ dolları borcunun müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1312,67 ABŞ dolları cərimə borcu, cəmi 3916,21 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı tərəfindən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanından irəli gələn məsələrin həlli ilə bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi barədə qaydaya əməl edilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Göründüyü kimi 27 fevral 2020-ci ildə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman iddia müddətini ötürməmişdir. Lakin məhkəmə yuxarıda qeyd edilən Fərmanın tətbiqi məqsədini nəzərə alaraq iddiaçıya cavabdehlə mübahisəni məhkəmədən kənar həll edilməsi üçün iddia ərizəsini geri qaytarmışdır. Hərçənd ki, sonradan iddiaçı tərəfindən güzəştli kredit müqaviləsinin bağlanması barədə cavabdehlərə təklif göndərilməsi barədə məlumat iş materiallarında yoxdur. Hər bir halda Azərbaycan Respublikasının Maliyyə X2 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı bəndində qeyd edilmişdir ki, Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Mülki Məcəllənin 377.3-cü maddəsinə və 380.1-ci maddəsinin tələblərindən də göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müəyyənləşdirilmiş qaydada iddia təqdim edilmiş, eyni zamanda borcluya həmin tələbin icrası üçün güzəştli müddət verilmişdir. Yəni sözügedən Fərmanın qəbul edilməsindən sonra tərəflər arasında mövcud olan hüquq münasibətləri dəyişmiş, dövlət tərəfindən vətəndaşların kredit öhdəliyinin icrası ilə bağlı güzəştli şərtlər müəyyən edilmişdir. Bu nə kreditorların, nə də borcluların vəziyyətinin pisləşməsinə deyil, əksinə onların vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirdir. Odur ki, tərəflər arasında yeni hüquq münasibətlərinin yaranmasından dolayı iddia müddətinin axımı ən geci 31 dekabr 2019-cu il tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə yekun olaraq o qənaətə gəlir ki, cavabdehin iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə vəsatəti əsassız olduğundan nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, 10 mat 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə 1171,53 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, 20 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 10 mat 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə 1171,53 (bir min yüz yetmiş bir dollar, əlli üç sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilsin, 20 (iyirmi) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1511/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1511/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver