Məhkəmə qərarları › İş №2(001)-1516/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1516/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1516/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1.254,61 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi 13.04.2017-ci il tarixinə 1.646,91 ABŞ dolları məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% faiz dərəcəsi ilə hesablanmış 215,39 ABŞ dolları məbləğində faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.397,07 ABŞ dolları cərimə, cəmi 4.514,98 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 29% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 2.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh iddiaçıdan qeyd edilən müqavilə üzrə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətlərdə kredit məbləğini qaytarmağı, habelə hesablanmış faiz məbləğinin,ödənişlərdə gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Bundan sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası qaydasında həmin müqavilə üzrə mövcud olan əsas borcdan 684,33 ABŞ dolları məbləğində pul silinmişdir. Eyni zamanda, həmin Fərmana əsasən kredit müqaviləsinin restrukturizasiya edilməsi məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh1 07 oktyabr 2019-cu il tarixdə bildiriş göndərmiş, lakin cavabdeh bu məsələ ilə bağlı öz fikrini bildirməmiş və bu səbəbdən 13.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc restrukturizasiya olunmamışdır. İddiaçı da qeyd edilən silinməni, habelə ötən dövr ərzində əsas borc üzrə 61,06 ABŞ dolları məbləğində pulun ödənilməsini nəzərə alıb, 13.04.2015ci il tarixli müqavilə üzrə cavabdehin 1.254,61 ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi 13.04.2017-ci il tarixinə 1.646,91 ABŞ dolları məbləğində faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% faiz hesablanmış 215,39 ABŞ dolları məbləğində faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.397,07 ABŞ dolları məbləğində cərimə, cəmi 4.514,98 ABŞ dolları borcun yarandığını iddia edir və həmin borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti 13.04.2017-ci il tarixdə bitmişdir. Həmin müqavilə üzrə cəmi iki dəfə ödəniş edilmişdir. Həmin ödənişlərin 61,06 ABŞ dolları hissəsi mövcud olan əsas, 48,33 ABŞ dolları hissəsi isə mövcud olan faiz borcundan silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14.05.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qeyd edir ki, Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını və hesabdan çıxarış məlumatlarını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh1 1.254,61 ABŞ dolları məbləğində əsas borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 13.04.2017-ci il tarixinə yaranmış 1.646,91 ABŞ dolları məbləğində faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu məbləğdə faiz borcu tələb etməkdə haqlı olmamışdır. Belə ki, kredit məbləğinin 2.000 ABŞ dolları, kredit müddətinin 24 ay, illik faiz dərəcəsinin isə 29 % olması nəzərə alındığı halda, cavabdeh hər hansı məbləğdə borc ödəmədiyi təqdirdə kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixə onun (2.000 x 29 % / 100 % = 580 ABŞ dolları x 2 il = 1.160 ABŞ dolları) 1.160 ABŞ dolları məbləğində, yəni hazırda tələb ediləndən daha az məbləğdə faiz borcu yaranmış olur. Lakin nəzərə alınmalıdır ki, kredit müqaviləsi bağlandıqdan sonra həmin müqavilə üzrə ilk ödəniş ayında, yəni 14.05.2015-ci il tarixdə ödəniş cədvəli üzrə müəyyən edilmiş əsas və faiz borcu az fərqlə ödənilmişdir və həmin ödənişin 61,06 ABŞ dolları hissəsi (ödəniş cədvəlinə əsasən ödəniş 62,47 ABŞ dolları olmalı idi, həqiqətdə 62,67 ABŞ dolları ödənilmiş, sadəcə olaraq bu ödənişin 1,61 ABŞ dolları hissəsi yaranmış faiz borcun silinməsinə yönəlmişdir) əsas, 48,33 ABŞ dolları hissəsi isə faiz borcunun silinməsinə yönəlmişdir. Bununla da 14.05.2015-ci il tarixdən sonra (2.000 – 61,06 = 1.938,94) 1.938,94 ABŞ dolları əsas borc qalmışdır. Lakin bundan sonra hər hansı məbləğdə ödəniş edilməmişdir. Kompensasiya qaydasında 684,33 ABŞ dolları isə kredit müqaviləsi üzrə kredit müddəti bitdikdən sonra silinmişdir. Bu səbəbdən bu hesablamaya daxil edilə bilməz. Bununla belə, sadə riyazi hesablamaya əsaslanaraq və qalıq əsas borcun 1.938,94 ABŞ dolları, qalan müddətin 23 ay, illik faiz dərəcəsinin isə 29% olması nəzərə alınmaqla hesablama apararaq, məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən müqavilə üzrə kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 13.04.2017-ci il tarixə (1.938,94 x 29% /100 % = 562,30 ABŞ dolları bir il üçün hesablanmış faiz borcu, 562,30 / 12 ay x 23 ay = 1.077,74 ABŞ dolları 23 ay üçün yaranmış faiz borcu) 1.077,74 ABŞ dolları məbləğində faiz borcu yaranmış olur. Bu səbəbədn məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və 13.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 13.04.2017ci il tarixə yaranmış 1.077,74 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 215,39 ABŞ dolları məbləğində faiz borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)-1594/2016 saylı, 16 avqust 2016-cı il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə 16 avqust 2016-cı il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müddəti isə 13.04.2017-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 13.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1.397,07 ABŞ dolları məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği endirilməli və 100 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Eyni zamanda, müəyyən edilmişdir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 13.04.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 13.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Məhkəmə qeyd edir ki, həm kredit, həm də zaminlik müqaviləsi eyni tarixdə bağlanmış və zaminlik müqaviləsinin 4.3-cü bəndinə əsasən tərəflər zəmanət müqaviləsinin bütün şərtlərin tam yerinə yetirilməsindən sonra qüvvədən düşməsi barədə razılığa gəlmişlər. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 4.3-cü bəndinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. "Bu Zəmanət müqaviləsi bütün şərtlərin tam yerinə yetirilməsindən sonra qüvvədən düşür" ifadəsi (müddəası) isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətini ehtimal etmək mümkün deyil. Həmçinin, Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 13.04.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.04.2015-ci il tarixli kredit müqaviləsi ilə tərəflər razılaşmışlar ki, Bank borcalana 24 ay müddətinə, yəni 13.04.2017ci il tarixədək kredit vermişdir. Borclu kredit və hesablanmış faiz borcunu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 13.05.2015ci il tarixdə, sonuncu ödəniş 13.04.2017-ci il tarixdə həyata keçirilməlidir. Başqa sözlə, tərəflər arasında bağlanılmış müqavilənin şərtindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 13.04.2017-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, 13.04.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı 13.04.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmiş, hazırki məsələ ilə bağlı 10.12.2020-ci il tarixdə (2 ildən artıq müddət keçdikdən sonra) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyil, kəsici müddətdir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur, belə bir müddətin tətbiq edilməsi bilavasitə məhkəmənin səlahiyyətindədir. Bununla belə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və bu səbəbdən iddia tələbi Cavabdeh2 borcun tutulması hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 13.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 1.254,61 ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 13.04.2017-ci il tarixə yaranmış 1.077,74 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları məbləğində cərimə, cəmi 2.432,35 ABŞ dolları məbləğində borc, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 1.254,61 (bir min iki yüz əlli dörd ABŞ dolları, altmış bir sent) ABŞ dolları məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 13.04.2017-ci il tarixə yaranmış 1.077,74 (bir min yetmiş yeddi ABŞ dolları, yetmiş dörd sent) ABŞ dolları məbləğində faiz, 100 (bir yüz) ABŞ dolları məbləğində cərimə, cəmi 2.432,35 (iki min dörd yüz otuz iki ABŞ dolları, otuz beş sent) ABŞ dolları məbləğində borc, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar