Məhkəmə qərarları › İş №2(001)-156/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-156/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-156/2025 08.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muxtarova Lamiyə Hüseyn qızının katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, “Telefon mağasının” satıcısı, o, yəni Nümayəndə Cavabdeh ilə 01 fevral 2021-ci il tarixli 110 nömrəli və 01 fevral 2021-ci il tarixli 111 nömrəli Nisyə mal satın alması müqavilərii bağlamışdır. Cavabdeh 01 fevral 2021-ci il tarixli 110 nömrəli müqaviləyə əsasən “İphone 11 Pro Max” markalı telefonu 12 aylıq kreditlə 3600 manata almış və hazırkı vaxtadək cavabdeh tərəfindən 210 manat ödənilmişdir. Bundan Əlavə 01 fevral 2021-ci il tarixli 111 nömrəli Nisyə mal satın alması müqaviləsinə əsasən Cavabdeh “İphone 11 Pro Max” markalı telefonu 12 aylıq kreditlə 3600 manat dəyərində almış ilkin ödəniş də daxil olmaqla 2250 manat ödənilmiş, lakin hazırda qalan 4950 manat borcunu ödəməkdən imtina edir. Eyni zamanda, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də, o, hesab edir ki, həmin məbləğlər də, cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmişdir ki, o, Nümayəndə telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxartmışdır. Hazırkı vəziyyətdə də, cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmasına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsa idi o, yəni Nümayəndə maddi itkilərlə qarşılaşmayacaqdır. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o, borcun ödənilməsindən imtina etmişdir. O, buna görə ciddi maddi itkilərlə qarşılaşmışdır. Bundan başqa, o, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsə idi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Cavabdehin yuxarıda qeyd edilən 01 fevral 2021-ci il tarixli 110 nömrəli müqaviləyə əsasən İphone 11 Pro Max markalı telefona yaranan borcu 2500 manat, 01 fevral 2021-ci il tarixli 111 nömrəli müqaviləyə əsasən İphone 11 X6 mal satın alması müqaviləsinə əsasən yaranan borcu 2450 manat olmuşdur. Bundan əlavə, o, müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, 01 fevral 2021-ci il tarixli 110 nömrəli müqaviləyə görə 250 manat, 01 fevral 2021-ci il tarixli 111 nömrəli Nisyə mal satın alması müqaviləsinə görə 250 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə yaranan 500 manat peniya və 74.50 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istəyir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442 və 739.2ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 01 fevral 2021-ci il tarixli 110 nömrəli müqaviləyə görə 2500 manat və buna hesablanmış peniya pulu 250 manat və 01 fevral 2021-ci il tarixli 111 nömrəli Nisyə mal satın alması müqaviləsinə əsasən yaranan borc 2450 manat və bu muqaviləyə hesablanmış peniya pulu 250 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə yaranan 4950 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 500 manatın, nəticə etibarı ilə ümumilikdə 5450 manat pul vəsaitinin və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 74.50 manat dövlət rüsumunun alınaraq ona, yəni iddiaçı Nümayəndə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Nümayəndə eyni zamanda, məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, əlavə olaraq məhkəmə iclaslarında iştirakı ilə bağlı ona dəymiş 980 manat məbləğində yol və gəlişgediş xərclərinin də cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, 2016-cı ildən İstanbul şəhərində yaşadığını, pandemiya dövrü İstanbul şəhərində telefonların qiymətinin baha olmasını nəzərə alaraq, qohumu (əmisioğlu) X3 pul göndərək ona Naxçıvandan telefonlar almasını tapşırdığını, onun vasitəsilə iddiaçıdan 2019-cu il tarixdə nağd pul verərək iki ədəd “İphone 11 Pro MAX” markalı mobil telefon aldığını, X2 ona istədiyi telefonları alıb göndərdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı Nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 110 nömrəli və xx.xx.2021-ci il tarixli 111 nömrəli “nisyə mal satın alması” müqavilələrindən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə 2 ədəd İphone 11 Pro Max markalı telefonlar satılmışdır. İş materiallarında olan 110 nömrəli təhvil-təslim aktına əsasən məlum olur ki, 3600 manat dəyərində 1 ədəd “İphone 11 Pro Max” markalı telefon Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 111 nömrəli təhvil-təslim aktına əsasən məlum olur ki, 3600 manat dəyərində 1 ədəd “İphone 11 Pro Max” markalı telefon Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Nümayəndə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Nümayəndə ilə bağladığı xx.xx.2021-ci il tarixli 110 nömrəli müqaviləyə əsasən 2500 manat əsas, 250 manat cərimə (penya) borcu və xx.xx.2021-ci il tarixli 111 nömrəli müqaviləyə əsasən 2450 manat əsas, 250 manat cərimə (penya) borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 4950 manat əsas və 500 manat cərimə (penya) borcu vardır. İş materiallarında olan iddiaçı Nümayəndə tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə 5 gün müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli və 07 yanvar 2025-ci il tarixli biletlərdən görünür ki, Nümayəndə məhkəmə iclaslarında iştirak etmək üçün Naxçıvan – Bakı və Bakı-Naxçıvan reyslərinə bilet almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli, 4/719 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 01 fevral 2021-ci il tarixli 110 №-li və 01 fevral 2021-ci il tarixli 111 №-li “nisyə mal satın alması” müqavilələrində “Alıcı: İmza” qrafalarındakı imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış 10 may 2024-cü il tarixli “xx xxxxxxxx 1982ci il təvəllüdlü Cavabdeh 2016-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə” İAMAS bazasında qeydə alınmış məlumatlarında görünür ki, xx xxxxxxxx 1982-ci il təvəllüdlü Cavabdeh 03 aprel 2018-ci il tarixdə ölkə hüdudlarını tərk etmiş, 03 fevral 2021ci il tarixdə dövlət sərhədindən ölkəyə giriş həyata keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 cavabdehin əmisi oğlu olmaqla yanaşı, cavabdehin xahişi ilə iddiaçı tərəfindən cavabdehə 2 ədəd “İphone 11 Pro Max” markalı mobil telefonların verilməsini, həmin müqavilələr bağlanan zaman cavabdehin ölkə hüdudlarından kənarda olmasını, lakin “Whatsapp” mesajlaşma mübadilə sistemi vasitəsilə ilə video görüntülü şəkildə hər iki tərəfin bir-biri ilə danışmasını, danışıq həyata keçirildikdən sonra cavabdehə məxsus pul vəsaitindən 1000 manat məbləğində ilkin ödənişin məhz onun tərəfindən həyata keçirilməsini, telefonların isə onun tərəfindən cavabdehə göndərilməsini təsdiq etmişdir. Bir neçə dəfə cavabdehlə əlaqə saxlayaraq, ödənişin həyata keçirilməsini xahiş etsə də, sonradan cavabdehlə əlaqə saxlamağın qeyrimümkün olduğunu, cavabdehin digər şəxslərə də borclarının olmasını öyrəndiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.(maddə 777.2.) Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tapşırıq əsasında hərəkət dən cavabdehin əmisi oğlu X2 vasitəsilə tərəflər arasında xx.xx.2021-ci il tarixli 110 nömrəli və xx.xx.2021-ci il tarixli 111 nömrəli nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələrin predmetini 2 ədəd “İphone 11 Pro MAX” markalı telefonlar təşkil etmişdir. İddiaçı tərəf sözügedən müqavilələrə əsasən cavabdehdən müvafiq olaraq 01 fevral 2021-ci il tarixli 110 nömrəli müqaviləyə görə 2500 manat və buna hesablanmış penya pulu 250 manat və 01 fevral 2021-ci il tarixli 111 nömrəli Nisyə mal satın alması müqaviləsinə əsasən yaranan borc 2450 manat və bu muqaviləyə hesablanmış penya pulu 250 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə yaranan 4950 manat əsas borcun, gecikdirilmiş penya pulu olan 500 manatın, nəticə etibarı ilə ümumilikdə 5450 manat pul vəsaitinin və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 74.50 manat dövlət rüsumunun alınaraq ona, yəni iddiaçı Nümayəndə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh tərəf isə məhkəmə iclasında iştirak edərək, tərəflər arasında müqavilə münasibətlərinin olmadığını, həmin müqavilələr bağlanan zaman ölkə hüdudlarında olmamasına və müqavilələrdəki imzaların ona məxsus olmamasına əsaslanaraq iddia tələbinin təmin edilməsinə etiraz etdiyini bildirsə də, eyni zamanda təsdiq etmişdir ki, tərəfindən əmisi oğlu X3 iki ədəd “İphone 11 Pro MAX” markalı telefonların Naxçıvandan alınaraq ona göndərilməsini xahiş etdiyini, həmin telefonların ona göndərildiyini, həmin telefonların dəyərinin X3 göndərdiyini bildirmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X4 cavabdehin əmisi oğlu olmaqla yanaşı, cavabdehin xahişi ilə iddiaçıdan 2 ədəd “İphone 11 Pro Max” markalı mobil telefonların alınmasını və cavabdehə göndərilməsini təsdiq etmiş, həmin müqavilələr bağlanan zaman cavabdehin ölkə hüdudlarından kənarda olması səbəbilə “Whatsapp” mesajlaşma mübadilə sistemi vasitəsilə ilə video görüntülü şəkildə hər iki tərəfin bir-biri ilə danışmasını, danışıq həyata keçirildikdən sonra cavabdehə məxsus pul vəsaitindən 1000 manat məbləğində ilkin ödənişin məhz onun tərəfindən həyata keçirilməsini təsdiq etmişdir. Bundan əlavə şahid bildirmişdir ki, bir neçə dəfə cavabdehlə əlaqə saxlayaraq, ödənişin həyata keçirilməsini xahiş etsə də, sonradan cavabdehlə əlaqə saxlamaq qeyrimümkün olmuş, cavabdehin digər şəxslərə də borclarının olmasını öyrənmişdir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə hesab edir ki, cavabdehin dəlilləri inandırıcı və ağlabatan deyildir. Belə ki, məhkəmə araşdırması zamanı iki ədəd eyni markalı telefonun məhz Naxçıvandan alınması, həmin telefonların məhz cavabdehin qohumu vasitəsilə alınması belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında həqiqətən şifahi nisyə alqı-satqı müqavilə münasibətləri olmuşdur, iddiaçı tərəfindən həmin müqavilə üzrə öhdəliklər icra edilsə də, cavabdeh tərəfindən öhdəliklər tam icra edilməmişdir. Cavabdeh tərəf telefonların məhz X4 tərəfindən Naxçıvandan alınmasını etiraf etsə də, əşyaların dəyərinin tam şəkildə ödənilməsi barədə müvafiq mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 110 nömrəli və xx.xx.2021ci il tarixli, 111 nömrəli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən xx.xx.2021-ci il tarixli, 110 nömrəli müqaviləyə əsasən 2500 manat ödənilməmiş hissə və xx.xx.2021-ci il tarixli, 111 nömrəli müqaviləyə əsasən 2450 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 4950 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli müqavilələr üzrə hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan cərimə borcunun məbləği azaldılaraq, cavabdehdən xx.xx.2021-ci il tarixli, 110 nömrəli müqavilə üzrə cərimə borcunun 10%-i miqdarında, yəni 25 manat məbləğində cərimə və xx.xx.2021-ci il tarixli, 110 nömrəli müqavilə üzrə cərimə borcunun 10%-i miqdarında, yəni 25 manat məbləğində cərimə tutulmalıdır. İddiaçının digər tələbinə, yəni “980 manat məbləğində yol və gəliş-gediş xərclərinin cavabdehdən tutulması” tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Həmin Məcəllənin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhz mülki prosessual qanunvericiliyin normaları baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəf mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək, məhkəmə proseslərində iştirak etmiş, bununla bağlı müəyyən xərclər sərf etmişdir, halbuki mülki-prosessual qanunvericiliyin tərəflərə tanıdığı imtiyazlardan istifadə edərək, həmin xərclərə məruz qalmaya bilərdi. Belə ki, məhkəmə tərəflər iştirak etməsə belə bütün mülki işlərə məhkəmə iclasında baxaraq, məhkəmənin hazırlıq iclasında təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, yekun qərar qəbul edir və tərəfin baxış iclasında fiziki iştirakı zəruri deyil. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı yol xərclərini azaltmaq üçün hazırki iddia tələbi ilə müqavilənin bağlandığı yer üzrə məhkəməyə də müraciət edə bilərdi. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh şifahi nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 110 nömrəli müqaviləyə əsasən 2500 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 111 nömrəli müqaviləyə əsasən 2450 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 5000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Nümayəndə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən yol və gəliş-gediş xərclərinin ödənilməsi tələbi həmin hissəsində əsassız olduğundan təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 110 nömrəli müqaviləyə əsasən 2500 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 111 nömrəli müqaviləyə əsasən 2450 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 5000 manat məbləğində pul vəsaiti iddiaçı Nümayəndə xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 74.50 manat dövlət rüsumunun 78%-i, yəni 58.11 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 22%-i, yəni 16.39 manatı iddiaçıya aid edilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 126 manat ekspertiza xərcinin 78%-i, yəni 98.28 manatı Cavabdeh, qalan 22%-i, yəni 27.72 manatı iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar