Məhkəmə qərarları › İş №2(001)-1566/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1566/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1566/2022 14.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 28.09.2007-ci il tarixdə rəsmi qeydə alınmış nikahın pozulmasını, 17.12.2007-ci il təvəllüdlü X1 ananın yanında saxlanılmasını, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 28.09.2007-ci il tarixdə rəsmi qaydada nikah bağlamışlar. Birgə nikahdan Tunar adlı övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Nikahları formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nikahın pozulmasına və uşağın ananın himayəsində saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflər 28.09.2007-ci il tarixdə 1146 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon VVADQ Şöbəsində nikah bağlamışlar və birgə nikahdan 17.12.2007-ci il təvəllüdlü X2 anadan olmuşdur. Nikaha xitam verilməsinin əsasları və qaydası Ailə Məcəlləsinin 4-cü fəslinin, nikahın pozulmasının qeydə alınması məsələləri isə həmin Məcəllənin 25-ci fəslinin müddəaları ilə tənzimlənir. Məhkəmə AR Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 22, 60.1-60.4, 61.1, 62.2, “Uşaq hüquqları haqqında Konvesiyanın” 3-cü maddəsinin 1-ci bəndi, 18-ci maddəsinin 1-ci bəndi, 27-ci maddəsinin 2-ci bəndi, “Uşaq hüquqları”haqqında AR Qanunun 19-cu maddələrinə əsaslanaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır, tərəflər könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadəsini açıq nümayiş etdirmişlər, eyni zamanda ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün iddia təmin olunmalı, onların arasında olan nikah pozulmalıdır. Nikah pozulduqdan sonra tərəflərin azyaşlı uşaqları ananın himayəsində saxlanılmalıdır. Məhkəmə AR Ailə Məcəlləsinin 75, 76 və 78.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki,valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə cavabdehin qazancının qeyri-müntəzəm olmasını və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmamasını nəzərə alaraq, alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatları ilə bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment müəyyən edilməklə tutulması ədalətli olar. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddaçı 24.01.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı arasında 28.09.2007-ci il tarixdə 1146 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon VVADQ Şöbəsində bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 17.12.2007-ci il təvəllüdlü X2 anası Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızının yanında saxlanılmalı, 24.01.2022-ci il tarixdən başlayaraq, 17.12.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızı arasında 28.09.2007-ci il tarixdə 1146 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon VVADQ Şöbəsində bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 17.12.2007-ci il təvəllüdlü X2 anası Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızının yanında saxlanılsın. 24.01.2022-ci il tarixdən başlayaraq, 17.12.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ziyadova (Zeynalova) Nisə Fəxrəddin qızının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar