Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1568/2022 16.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Accessbank QSC-nin Cavabdeh Bəbi qızına qarşı 30.06.2010-cu il tarixli 05R000003180 saylı kredit razılaşmasına əsasən 2872,13 ABŞ dolları borcun, dövlət rüsumuna görə 68,84 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Accessbank QSC-nin Cavabdeh Bəbi qızına qarşı 30.06.2010-cu il tarixli 05R000003180 saylı kredit razılaşmasına əsasən 2872,13 ABŞ dolları borcun, dövlət rüsumuna görə 68,84 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, X3 AccessBank QSC ilə bağladığı 04.12.2007-ci il tarixli 05L000000397 saylı kredit xətti müqaviləsi əsasında 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə X6 AccessBank QSC ilə bağladığı 30.06.2010-cu il tarixli 05R000003180 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş arayışla X2 öldüyü banka məlum olmuşdur. X2 2872,13 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Bank tərəfindən müvafiq notariat orqanlarına və digər aidiyyatı orqanlara sorğular verilmiş, lakin X2 adına vərəsəlik işi açılmamış, qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamış, həmçinin X2 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak və nəqliyyat vasitəsi aşkar olunmamışdır. Kredit müqaviləsinin 3.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə X2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X5 və cavabdeh Cavabdeh Bəbi qızı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X6 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Borclular kredit razılaşmasının 2.4-cü bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduqları vəsaitləri banka qaytarmamışlar. Azərbaycan Respublikası DİNnin BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş arayışa əsasən, X5 vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. X1 qanun və ya vəsiyyətnamə üzrə vərəsəsi olmadığından kredit müqaviləsi üzrə borcun zamindən tələb edilməsi zərurəti yaranmışdır. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Ona görə də Cavabdeh iddiaçı AccessBank QSC-in xeyrinə 05R000003180 saylı kredit razılaşması üzrə cəmi 2872,13 ABŞ dolları borcun, dövlət rüsumuna görə 68,84 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı Accessbank QSC-nin nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiyini, işə Accessbank QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçı Accessbank QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı AccessBank QSC-nin iddia ərizəsindən və iş materiallarından aydın olur ki, X6 ilə AccessBank QSC arasında bağlanmış 04.12.2007-ci il tarixli 05L000000397 saylı kredit xətti müqaviləsi əsasında borcalana 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən borcalana veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə X6 AccessBank QSC ilə bağladığı 30.06.2010-cu il tarixli 05R000003180 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. X6 ilə AccessBank QSC arasında bağlanmış 04.12.2007ci il tarixli 05L000000397 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh ilə AccessBank QSC arasında 05S000001306 saylı 19.05.2009-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda X5 ilə AccessBank QSC arasında da zaminlik müqaviləsi bağlanmışdır. X6 06.02.2011-ci il tarixdə, X5 isə 24.09.2020-ci il tarixdə ölmüşdür. Bu səbəbdən bank zamin Cavabdeh qarşı borc tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. AccessBank QSC ilə zamin Cavabdeh arasında bağlanmış zaminlik müqaviləsi 04.12.2007-ci il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün bağlanmışdır. Kredit xətti müqaviləsinin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. AccessBank QSC ilə X7 arasında bağlanmış 05R000003180 saylı 30.06.2010-cu il tarixli kredit razılaşmasına dair zamin Cavabdeh ilə heç bir müqavilə bağlanmamışdır. Cavabdeh 05R000003180 saylı 30.06.2010-cu il tarixli kredit razılaşması üzrə borcalanın öhdəliyinin icrasına təminat verməmişdir. Həmin saziş üzrə Cavabdeh öhdəliyi yaranmadığından hesab edir ki, bu öhdəliyə görə ondan borc məbləği tələb oluna bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə, müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh ilə bağlanmış zaminlik müqaviləsinin müddəti 19.05.2011-ci il tarixdə bitdiyindən, iddiaçı isə hazırkı tələblə məhkəməyə 11.01.2022-ci ildə müraciət etdiyindən zaminin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən xitam verilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib, vəkili və nümayəndəsi Vəkil izahatını təsdiq etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AccessBank QSC ilə X6 arasında bağlanmış 04.12.2007-ci il tarixli 05L000000397 saylı kredit xətti müqaviləsindən müəyyən olunur ki, bank borcalana 10000 ABŞ dolları kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsinin 1.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 10000 ABŞ dolları məbləğində kredit xəttini açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Kredit xətti müqaviləsinin 1.2-ci bəndindən müəyyən olunur ki, bu müqavilə və kedit razılaşmaları əsasında istənilən məbləğ 60 ay, 04.12.2012-ci il tarixdən gec olmayaraq verilməlidir. Borcverən AccessBank QSC ilə zamin Cavabdeh arasında bağlanmış 19.05.2009-cu il tarixli 05S000001306 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh borcalan X2 borcverən qarşısında 04.12.2007-ci il tarixli 05L000000397 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. AccessBank QSC ilə X6 arasında bağlanmış 04.12.2007-ci il tarixli 05L000000397 saylı kredit xətti müqaviləsi üzrə 30.06.2010-cu il tarixli 05R000003180 saylı kredit razılaşmasından müəyyən olunur ki, bank məbləği 10000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2,5% olmaqla 24 ay müddətinə, yəni 02.07.2012-ci il tarixədək qaytarmaq şərti ilə, kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. AccessBank QSC-nin Cavabdeh ünvanladığı 17.12.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. AccessBank QSC-nin 11.01.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan X2 30.06.2010-cu il tarixli 05R000003180 saylı kredit razılaşması üzrə 24.12.2021-ci il tarixə əsas borca görə 2872,13 ABŞ dolları borcu vardır. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.02.2011-ci il tarixli AZ-İ 455208 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 06.02.2011-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.02.2011-ci il tarixdə 116 saylı akt qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı 19.05.2009-cu il tarixli 05S000001306 saylı zaminlik müqaviləsinə əsasən borcalan X2 borcverən qarşısında 04.12.2007-ci il tarixli 05L000000397 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat vermiş, tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, kredit xətti müqaviləsində kreditin hansı faizlə verilməsi müəyyən edilməmiş, həmin müqavilənin tərəfləri kredit xətti ilə ayrılacaq kreditin şərtlərinin bağlanacaq ayrıca razılaşma əsasında müəyyən ediləcəyi barədə razılaşmış, zamin borcalanın 30.06.2010-cu il tarixli 05R000003180 saylı kredit razılaşmasından irəli gələn öhdəliklərinin icrasına təminat verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də məhkəmə borcverənin zaminə qarşı tələblərini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25.07.2019-cu il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanan zaminlik müqaviləsinə əsasən, zamin borc verənə borc alanın, yalnız 04.12.2007-ci il tarixli 05L000000397 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verdiyindən, kredit xətti müqaviləsində kreditin hansı faizlə verilməsi müəyyən edilmədiyindən, kredit xətti ilə ayrılan kreditin şərtlərinin tərəflər arasında bağlanacaq ayrıca razılaşma əsasında müəyyən ediləcəyi razılaşdırıldığından, cavabdeh borcalanın 30.06.2010-cu il tarixli 05R000003180 saylı kredit razılaşmasından irəli gələn öhdəliklərinin icrasına təminat vermədiyi üçün həmin razılaşma bağlanarkən cavabdehin 19.05.2009-cu il tarixli 05S000001306 saylı zaminlik müqaviləsinə əsasən zaminliyinə bütövlükdə xitam verildiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Accessbank QSC-nin Cavabdeh Bəbi qızına qarşı 30.06.2010-cu il tarixli 05R000003180 saylı kredit razılaşmasına əsasən 2872,13 ABŞ dolları borcun, dövlət rüsumuna görə 68,84 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-1568/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1568/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver