Məhkəmə qərarları › İş №2(001)-159/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-159/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-159/2022 10.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3955,84 manat əsas borcu, 34,78 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 3990,62 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 14.05.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 1% ödəmək şərti ilə 60 ay müddətinə 3962,53 manat məbləğində kredit verilmişdir. Borcun təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyət daşıdıqlarını öz üzərlərinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 3955,84 manat əsas borcu, 34,78 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 3990,62 manat məbləğində borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə kredit və ona hesablanmış faiz və cərimə məbləğinin geri qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının nümayəndəsi Ə.Zeynallı 10.03.2022-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmağını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında 14.05.2019-cu il tarixdə bağlanmış nzaz11603_KMP saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 1% ödəmək şərti ilə 60 ay müddətinə 3962,53 manat məbləğində kredit verilmiş və ödəniş cədvəlinə uyğun olaraq 14.06.2019-cu il tarixdən 14.05.2024-cü il tarixədək aylıq 67,74 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə digər Cavabdeh2 arasında nzaz11603_KMP saylı 14.05.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. - maliyyə arayışından görünür ki, Cavabdeh1 03.02.2021-ci il tarixə İddiaçı ASC-yə 3955,84 manat əsas borcu, 34,78 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 3990,62 manat borcu vardır. - hesab üzrə çıxarışa əsasən Cavabdeh1 tərəfindən 14.05.2019-cu il tarixdən 14.04.2020-ci il tarixədək hər ay mütamadi olaraq ödənişlər etmişdir. - iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş bildirişlərdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası 3 bank iş günü müddətinə yerinə yetirməyi tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin 24.01.2022-ci il tarixli, 9/9461 nömrəli ekspert rəyinə əsasən, 14.05.2019-cu il tarixli, nzaz1603_KMP saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 03.02.2021-ci il tarixə banka olan borcu 3948,80 manat əsas, 41,65 manat faiz borcu olmaqla, ümumilikdə 3990,45 manat təşkil edir. İddiaçı ASC ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, məhkəmə hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməklə, iddia tələbi əsas borcun tutulması hissəsində ekspert rəyinin təyin etdiyi məbləğdə, əsas borc üzrə hesablanmış faiz borcu isə iddia ərizəsində nəzərdə tutulan məbləğdə təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdeh (zamin) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh (zamin) Cavabdeh2 iddiaçı-kreditor İddiaçı ASC qarşısında cavabdeh-borclu E.Hümbtov ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiklərindən kredit müqaviləsi üzrə 3948,80 manat əsas borc, 34,78 faiz borcu cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3948,80 manat əsas borc və 34,78 faiz borcu olmaqla, ümumilikdə 3983,58 (üç min doqquz yüz səksən üç manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərcin 50(əlli) manatı iddiaçı İddiaçı ASC-dən, qalan 50(əlli) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar