Məhkəmə qərarları › İş №2(001)-1592/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1592/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1592/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 2.998,85 manat məbləğində əsas, 534,13 manat məbləğində faiz, cəmi 3.532,98 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 3.000 manat məbləğində pulu iddiaçıdan götürmüş, lakin sonradan maddi imkanının pisləşməsi səbəbindən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə banka borcu yaranmışdır. İddia üzrə tələb edilən borc məbləğini qəbul edir, lakin həmin məbləği hər ay 150-200 manat olmaqla hissə-hissə ödəməyə razıdır. Göstərilənlərin nəzərə alınmasını və iddia üzrə tələb edilən borc məbləğinin ondan aylar üzrə hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” KB ASC məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının bu barədə ərizəsini nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4842tkFİL8/14 saylı krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün illik 28 % dərəcəsi ilə faiz ödəmək şərti ilə 84 ay müddətinə 3.000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş kredit məbləğini iddiaçıdan qəbul etmiş, həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətlərdə tələb olunan məbləğlərdə ödənişlər etməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilərək, borc məbləği barədə məlumat verilmiş və yaranmış borc məbləğinin 3 iş gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borc məbləğinin tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə, iddia ərizə ilə məhkəməyə müraciət etmiş və həmin müqavilə üzrə cavabdehin xx.xx.2020-ci il tarixə 2.998,85 manat məbləğində əsas, 534,13 manat məbləğində faiz, cəmi 3.532,98 manat məbləğində borcunun olduğunu iddia edərək, həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qismən qəbul edir, əsas və faiz borcunun ondan aylar üzrə (hər ay 150-200 manat olmaqla) hissə-hissə tutulmasını xahiş edir. Kredit müqaviləsi üzrə kredit müddəti bitməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, həmin müqavilə üzrə borc məbləğini əks etdirən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməli, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.998,85 manat məbləğində əsas, 534,13 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh əsas və faiz borcunun ondan aylar üzrə hissəhissə tutulması barədə xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.998,85 manat məbləğində əsas, 534,13 manat məbləğində faiz, cəmi 3.532,98 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2.998,85 (iki min doqquz yüz doxsan səkkiz manat, səksən beş qəpik) manat məbləğində əsas, 534,13 (beş yüz otuz dörd manat, on üç qəpik) manat məbləğində faiz, cəmi 3.532,98 (üç min beş yüz otuz iki manat, doxsan səkkiz qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı “xxxx” Kommersiya Bankı ASCnin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar