Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-160/2023 13.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 36 saylı evin 14 saylı mənzilinə dəymiş 1149 manat məbləğində maddi ziyanın və 32 manat ödənilmiş dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 36 saylı evin 14 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur və bu barədə ona ƏMDK tərəfindən çıxarış verilmişdir. Uzun müddətdir ki, həmin ünvanda oğlu ailəsi ilə birlikdə yaşayır. Cari ildə ona məlum olmuşdur ki, mənzildən keçən şaxtada sızıntı vardır və bu barədə binanın komendantına müraciət etmişdir. Komendant isə çatışmazlığı aradan qaldıracağına söz vermişdir. Daha sonra qonşular tərəfindən ona bildirilmişdir ki, bu problem təkcə onun yox, binanın ümumi problemidir və digər qonşulara da həmin nasazlıq səbəbindən ziyan dəymişdir. Bununla bağlı "xxxx" MMC-nin işçilərinə, rəhbərliyinə məlumat verilsə də, hazırki günədək mənzilinə dəymiş ziyan və binanın(mənzilin) şaxtasında olan nasazlıqlar cavabdeh tərəfindən aradan qaldırılmamış və ya qüsurların və dəymiş ziyanın aradan qaldırılmasına cəhd göstərilməmişdir. Bir neçə ay bundan qabaq isə MMC tərəfindən inşa edilmiş binaya nəzarətin edilməməsi səbəbindən mənzilinə aid pəncərə sınmış və insanların həyatı üçün təhlükə yaranmışdır. Mənzilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə tərəfindən "xxxx" MMC-yə müraciət edilmiş və 15 mart 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən zərərin məbləği 1149 manat müəyyən edilmişdir. Dəfələrlə cavabdehə müraciət edərək dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı məhkəmə iclaslarında iştirak etməsə də, məhkəməyə müraciətlərində iddia ərizəsini müdafiə etdiyini və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasları barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə mülki işə qiyabi icraat qaydasında baxılmasına qərar vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən 36 saylı evin 14 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyat aparılmışdır(çıxarış: Seriya RX-1339568).
6. "xxxx" MMC-nin “Tikinti-təmir xərclərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyinə əsasən,ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilə 1149 manat məbləğində ziyan dəymişdir.
7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən, mülki iş üzrə məhkəmə tikinti texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertlər qarşısında su sızmanın nəticəsində zərərin dəyib-dəyməməsi, su sızmanın səbəbləri və zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2022-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin mövcud bazar dəyərinin təqribən 931.5 manat məbləğində olduğu müəyyən edilmiş, ekspertiza qarşısında qoyulmuş digər suallara cavabdehin baxışda iştirak etməməsi və şaxtaya baxış keçirilməsinin mümkün olmaması səbəbindən cavab verilməsi istisna edilmişdir. Ekspertiza xərci 50 manat dəyərində müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
10. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
15. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması.
16. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçının mənzilinə su sızma, eyni zamanda pəncərənin şüşəsi ilə birlikdə sınması nəticəsində maddi ziyan dəymişdir. Belə ki, müstəqil qiymətləndiricinin rəyinə əsasən həmin zərərin aradan qaldırılması üçün 1149 manat vəsait tələb olunur. Bununla yanaşı ekspertiza tədqiqatı zamanı su sızma nəticəsində də iddiaçının mənzilinə zərər vurulduğu öz təsdiqini tapır.
17. İşin mübahisələndirilən halı zərərin vurulmasında cavabdehin təqsirinin mövcudluğu olmuşdur. Bununla bağlı məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilsə də, cavabdeh tərəf tədqiqat keçirilməsinə şərait yaratmamış, ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etmişdir. Hansı ki, ekspertiza tədqiqatı aparılmalı olan yer cavabdehin nümayəndəsinin(komendant və.s) daimi fəaliyyət göstərdiyi və cavabdehin nəzarət etdiyi məkandır. Üstəlik mübahisə ilə bağlı dəfələrlə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və iddiaya münasibətdə hər hansı mövqe sərgiləməmişdir. Göstərilənlər məhkəmədə o qənaət yaranmasına əsas verir ki, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməyərək, ekspertiza tədqiqatına şərait yaratmayaraq iddianın təmin edilməsindən yayınmağa çalışmışdır.
18. Halbuki Mülki-Prosessual Məcəllənin 97.5-ci maddəsində qeyd edilmişdir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
19. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsasını təşkil edən halların müəyyən edilməsi yalnız ekspertiza tədqiqatı ilə sübut edilə bildiyindən və cavabdeh ekspertizanın keçirilməsində iştirak etməkdən yayındığından ekspertiza təyin edilən fakt təsdiq edilmiş hesab olunmalıdır. Yəni zərərin cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
24. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
25. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
26. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.
27. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Nəticə:
28. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1149 manat məbləğində pul vəsaiti və 32 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə ekspertiza tədqiqatının dəyəri olan 50 manat da cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 1149(bir min yüz qırx doqquz) manat məbləğində pul vəsaiti və 32(otuz iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin.(Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev