Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1619/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Yılan Aliyə qarşı “alimentin dəyişdirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Yılan Aliyə qarşı “alimentin dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3074/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan 386 manat alimentin dəyişdirilərək birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat alimentin dəyişdirilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx.xx.2017-ci ildən rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı 2 övladları doğulmuşdur. xx.xx.2022-ci il tarixli 2(001)-3074/2022 saylı qətnaməsi ilə Yılan Ali ilə onun arasında xx.xx.2017-ci il tarixdə 78 nömrəli akt qeydi ilə Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış nikah pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 onun yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda cavabdehin maddi durumu normaldır. Övladlarının həm yaşı, həm də maddi tələbatları artmışdır və o, onların tələbatlarını tək ödəyə bilmir. Maddi cəhətdən çətinlik çəkir. Özü tək qadındır. Əlavə gəlir yeri yoxdur. Bu səbəbdən övladlarının saxlanılması üçün aliment məbləğinin dəyişdirilməsi qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qəbul edir, təmin edilməsinə etiraz etmir. O, bu barədə məhkəməyə yazılı ərizəsini təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3074/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, Yılan Ali ilə Yılan (Hacılarova) Sevinc Rafiq qızı arasında xx.xx.2017-ci il tarixdə 78 nömrəli akt qeydi ilə Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 anaları Yılan (Hacılarova) Sevinc Rafiq qızının yanında saxlanılmaları, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdeh Yılan Alidən tutularaq iddiaçı Yılan (Hacılarova) Sevinc Rafiq qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiyaya dair, 10 manat isə kargüzarlıq-poçt göndərişlərinə dair xərc ödəmişdir. AZ-İİİ seriyalı 945381 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 atası Yılan Ali oğlu, anası Yılan (Hacılarova) Sevinc Rafiq qızıdır. AZ-İİİ seriyalı 952172 nömrəli “doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 atası Yılan Ali oğlu, anası Yılan (Hacılarova) Sevinc Rafiq qızıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3074/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması haqqında Binəqədi Rayon Məhkəməsinin 2(001)-3074/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 1 ildən çox müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat məbləğində alimentin ödənilməsinə razı olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin 2(001)-3074/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər bir uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3074/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdeh Yılan Alidən tutularaq İddiaçı ödənilsin. Cavabdeh Yılan Alidən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1619/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1619/2024
27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver