Məhkəmə qərarları › İş №2(001)-1659/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1659/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1659/2021 22.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan Philips markalı LED televizor, Samsung markalı paltaryuyan, Kenwood markalı ətçəkən, Braun markalı ütü, Samsung markalı tozsoran almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 255 manat (əsas borc – 232 manat, cərimə - 23 manat) borcu; tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan Hoffmann markalı soyuducu, Hoffman markalı paltaryuyan, Panasonic markalı LED televizor almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya 1544 manat (əsas borc – 1404 manat, cərimə - 140 manat) borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh «xxxx» MMC-dən Philips markalı LED televizor, Samsung markalı paltaryuyan, Kenwood markalı ətçəkən, Braun markalı ütü, Samsung markalı tozsoran almışdır. xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh «xxxx» MMC-dən Hoffmann markalı soyuducu, Hoffman markalı paltaryuyan, Panasonic markalı LED televizor almışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay ərzində ayda 116 manat ödəmək şərti ilə aldığı malın dəyərini xx.xx.2019cu il tarixədək; xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay ərzində ayda 108 manat ödəmək şərti ilə aldığı malın dəyərini xx.xx.2021-ci il tarixədək «xxxx» MMC-yə ödəməli idi. İş materiallarında olan təhvil-təslim aktlarının surətlərindən görünür ki, Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş malları iddiaçıdan təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixə cavabdehin «xxxx» MMC-yə 1636 manat əsas borc və 163 manat cərimə olmaqla, cəmi 1799 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1636 manat əsas borc və 163 manat cərimə borcu olmaqla, cəmi 1799 manat borc tutularaq iddiaçı «xxxx» MMCyə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1636 manat əsas borc və 163 manat cərimə borcu olmaqla, cəmi 1799 (min yeddi yüz doxsan doqquz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar