Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1666/2021 11.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdeh “xxxx” Şirkətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “xxxx” Şirkətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən və “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən “xxxx” adında hüquqi şəxsin mövcudluğuna dair məlumat aşkar edilməmiş, iddiaçı özü isə iddia ərizəsinə həmin adda hüquqi şəxsin mövcudluğuna və hüquqi şəxsin ünvanının Bakı şəhərinin Binəqədi rayonuna aid olduğuna dair hər hansı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Belə olan halda hesab edirəm ki, hüquqi şəxsin hüquqi ünvanının Binəqədi rayonuna aid olmasına dair hər hansı sənəd iddia ərizəsinə əlavə edilmədiyinə görə, iddia tələbinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, iddia ərizəsinin sonunda “İddiaçı” yazılsa da, ərizə iddiaçı tərəfindən imzalanmamış və iddia ərizəsində ona dövlət rüsumunun ödənilməsinə dair qəbzin və iddia ərizəsinin tərəflərin sayına görə surətinin əlavə edilməsi göstərilsə də, nə iddia ərizəsinin surəti, nə də ki, dövlət rüsumunun ödənilməsinə dair qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh “xxxx” Şirkətinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1666/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1666/2021
11.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver