Məhkəmə qərarları › İş №2(001)-1667/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1667/2022

01.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1667/2022 01.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun mülkiyyətində olan yaşayış sahəsinə yaradılmış maneənin aradan qaldırılması, onun həyətində cavabdeh tərəfindən açılmış pəncərənin cavabdehin hesabına sölükərək bağlanması və onun həyətyanı sahəsində cavabdeh tərəfindən inşa edilmiş evin divarının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, ünvan 2 iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin evin qonşuluğunda yaşayır, iddiaçının öz mülkiyyətindən sərbəst istifadəsinə imkan vermir. Belə ki, cavabdehin evi 1 metrdən artıq hissədə iddiaçıya aid həyətin sahəsinə düşür, yəni iddiaçıya aid sahə zəbt edilmişdir. Bundan başqa, cavabdeh iddiaçıya aid olan sahədən pəncərə açmışdır. Bu pəncərə iddiaçıya maneçilik törədir, belə ki, iddiaçı öz həyətində rahat gəzə bilmir, habelə, cavabdehin evindəki səs-küy iddiaçının evindən rahatlıqla eşidilir ki, bu da iddiaçıya rahat yaşamağa maneədir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Vəkil1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərdi ki, ekspert rəyi ilə də müəyyən olunur ki, Cavabdeh tərəfindən inşa edilmiş, texniki pasportda nəzərdə tutulmayan tikililər torpaq sahəsinin onun istifadəsində olan hissəsində inşa edilmiş, iddiaçının heç bir hüquqlarını pozmur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(001)-634/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh X5, X3 və X4 qarşı “mlkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqdan, ümumi sahəsi 39,3 kv.metrdən ibarət yaşayış evinin pəncərəsinin qarşısına bərkidilmiş taxta materialların İddiaçı hesabına sökülməsi və Cavabdeh əmlakından maneəsiz istifadə hüququnun bərpa edilməsi qərara alınmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir və apellyasiya məhkəməsində iş üzrə icraat hazırki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçının məqsədi həmin qətnamənin qanuni qüvvəyə minməsini müxtəlif üsullarla yubatmaqdır və hazırki iddia da məhz bu məqsədlə verilmişdir. Faktiki olaraq iddia əsassızdır, buna görə də rədd edilməlidir. Mülki iş materiallarında olan: - MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,01637 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evinin “A” tikilisi 2 otağı 05 aprel 2012-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır, “A” tikilisi 2 otaq Cavabdeh “Q” tikilisi 2 otaq isə X2 mülkiyyətindədir. Məhkəmə hazırki mübahisə ilə bağlı yerində müayinə keçirmiş, müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan tikililət iki mərtəbədən ibarətdir, hər mərtəbədə 4 otaq vardır. Həyətdən 2-ci mərtəbəyə pilləkən qoyulmuş, pilləkənin sol tərəfindən pilləkənə yaxın məsafədə 2 pəncərə, 1 nəfəslik, cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsi vardır. Cavabdehə məxsus ünvana baxış keçirilərkən müəyyən olunmuşdur ki, həyətdə 3 mərtəbəli yaşayış evi vardır. Ev 2 yaşayış mərtəbəsi və 3-cü mərtəbə təmirsiz vəziyyətdə mansardan ibarətdir. Ümumilikdə 4 otaq 1 mansardan ibarətdir. Evin 2-ci mərtəbəsinin 1-ci və 2-ci otaqlarında iddiaçı tərəfə 2 pəncərə, 1 nəfəslik mövcuddur. Pəncərələrən biri bayır tərəfdən kartonla bağlanmışdır. Faktiki olaraq işıq düşən pəncərə yoxdur. Məhkəmənin 18 aprel 2022-ci il tarixli, 2(001)-1667/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında bu sual qoyulmuşdur - ünvan 2 ünvanında yerləşən, İddiaçı, Cavabdeh və X2 paylı mülkiyyətində olan fərdi yaşayış evi üzrə Cavabdeh tərəfindən iş materiallarında olan çıxarış (5-ci səh.) və texniki pasportda (15-ci səh.) göstərilənlərdən əlavə hər-hansı tikili, o cümlədən divar və pəncərə inşa edilmişdirmi, edilmişsə həmin tikili və (və ya) divar, pəncərə İddiaçı məxsus hissədən istifadəyə maneə törədirmi (havalandırma və işiqlandırma da nəzərə alınmaqla)? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli, 10/3152 saylı rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən, İddiaçı, Cavabdeh və X2 paylı mülkiyyətində olan fərdi yaşayış evi üzrə Cavabdeh tərəfindən iş materiallarında olan texniki pasportun göstəricilərindən əlavə özünün istifadəsində olan torpaq sahəsində A literli yaşayış evinə bitişik və üzərində əlavə tikililər inşa olunmuş, həmçinin İddiaçı istifadəsində olan həyətyanı sahəyə doğru 1,1x1,2 m. və 1,0x1,3 m. ölçüdə pəncərə boşluğu açılmışdır. Cavabdeh tərəfindən inşa olunmuş tikililər İddiaçı istifadəsində olan evin pəncərələri qarşısında yerləşmədiyini nəzərə alaraq, həmin tikililər İddiaçı yaşayış evinə düşən təbii işıqlandırmanın və havalandırmanın qarşısını kəsmir. Lakin, Cavabdeh tərəfindən inşa olunmuş əlavə tikililər İddiaçı məxsus hissədən istifadəyə maneə törədib-tərətməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 164.1-ci maddəcinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Hazırki iddia tələbində iddiaçı cavabdehin onun istifadəsində olan torpaq sahəsində 1 metrdən artıq hissədə daxil olmaqla tikili inşa etdiyini, beləliklə ona aid torpaq sahəsini zəbt etdiyini, habelə həmin sahəyə pəncərə açmaqla onun özünə aid torpaqdan sərbəst istifadəsinə maneə yaratdığını göstərsə də, iş üzrə verilmiş ekspert rəyində Cavabdeh tərəfindən texniki parportda göstərilənlərdən əlavə tikililərin məhz Cavabdeh məxsus sahədə aparıldığı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Hazırki halda iddia ərizəsində göstərilənlər, yəni cavabdehin inşa etdiyi tikilinin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi, habelə, cavabdeh tərəfindən açılmış pəncərənin iddiaçıya özünə aid torpaq sahəsindən sərbəst istifadəyə maneçilik törətməsi iş üzrə müəyyən edilmir. Əksinə əldə olunmuş 2022-ci il tarixli, 10/3152 saylı ekspert rəyində Cavabdeh tərəfindən inşa olunmuş tikililər İddiaçı istifadəsində olan evin pəncərələri qarşısında yerləşmədiyini nəzərə alaraq, həmin tikililər İddiaçı yaşayış evinə düşən təbii işıqlandırmanın və havalandırmanın qarşısını kəsmədiyi müəyyən olunmuş, Cavabdeh tərəfindən aparılmış tikinti işlərinin iddiaçının hüquqlarını hansı qaydada və formada pozduğuna dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməli, onun verilməsi üçün ödənilmiş dövlət rüusmu iddiaçıya aid edilməli, habelə, ekspertiza xərci kimi 100 manat məbləğində pul vəsaiti iddiaçıdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması və s.” tələbinə dair iddiası təmin edilməsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar