Məhkəmə qərarları › İş №2(001)-1698/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1698/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1698/2025 24.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********43960 İphone 14 pro max markalı telefon, apple airpods pro qulaqlıq, apple adapter üçün 1070,6 manat ödənilməmiş hissə, İnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 621.18 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann paltaryuyan, kondisioner Tcl Tac üçün 1333,1 manat ödənilməmiş hissə, 399,93 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********85030 Samsung Galaxy A05 markalı telefon üçün 76 manat ödənilməmiş hissə, 22,8 manat cərimə, ümumilikdə 4547,21 manat məbləğində borc, 65,48 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İmei kod **********43960 İPHONE 14 PRO MAX markalı telefon, X5qlıq, Apple Adapter, Paltaryuyan Hoffmann, TCL TAC kondisioner, İmei kod **********85030 SAMSUNG GALAXY A05 markalı telefon almış və nəticədə 4547.21 (dörd min beş yüz qırx yeddi manat, 21 qəpik) manat borcu yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5330.96 (beş min üç yüz otuz manat, 96 qəpik) manat (18 ay x 256.72 manat + 710 manat ilkin ödəniş) olan İmei kod **********43960 İPHONE 14 PRO MAX markalı telefon, APPLE AİRPODS PRO qulaqlıq, Apple Adapter üçün ümumilikdə, 2715.38 (iki min yeddi yüz on beş manat, 38 qəpik) manat olmaqla ondan, 2070.6 (iki min yetmiş manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 621.18 (altı yüz iyirmi bir manat, 18 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1452.6 (bir min dörd yüz əlli iki manat, 60 qəpik) manat (18 ay x 80.7 manat + 0 manat ilkin ödəniş) olan Paltaryuyan Hoffmann, Tcl Tac kondisioner üçün ümumilikdə, 1733.03 (bir min yeddi yüz otuz üç manat, 3 qəpik) manat olmaqla ondan, 1333.1 (bir min üç yüz otuz üç manat, 10 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 399.93 (üç yüz doxsan doqquz manat, 93 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 278 (iki yüz yetmiş səkkiz) manat (12 ay x 19 manat + 50 manat ilkin ödəniş) olan İmei kod **********85030 SAMSUNG GALAXY A05 markalı telefon üçün ümumilikdə, 98.8 (doxsan səkkiz manat, 80 qəpik) manat olmaqla ondan, 76 (yetmiş altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.8 (iyirmi iki manat, 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3581.86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilələrinin nin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh iddiaya dair əsaslandırılmış etirazını təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, №03214936 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən X3 ilkin ödənişlə İMEİ kod **********43960 İphone 14 pro max markalı telefon, apple airpods pro qulaqlıq, apple adapter almış və 18 ay müddətinə ayda 256,72 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; Müqavilənin 3.4-cü maddəsinə əsasən müştəri Müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən, cihazın İMEİ Kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. xx.xx.2023-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X3 №03214936 saylı müqaviləyə əsasən İMEİ kod **********43960 İphone 14 pro max markalı telefon, apple airpods pro qulaqlıq, apple adapteri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışa görə, X3 nisyə alğısatqı müqaviləsi əsasında satılmış İMEİ kod **********43960 İphone 14 pro max markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X2 İMEİ kod **********43960 İphone 14 pro max markalı telefon, apple airpods pro qulaqlıq, apple adapter üçün əsas borcu 2070 manat, cərimə borcu 621,18 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum olmaqla, cəmi 2715,38 manat məbləğində borcu var. "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №03249160 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən X3 ilkin ödənişsiz Hoffmann paltaryuyan, Tcl Tac kondisioner almış və 18 ay müddətinə ayda 80,7 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X3 №03249160 saylı müqaviləyə əsasən Hoffmann paltaryuyan və Tcl Tac kondisioneri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X2 Hoffmann paltaryuyan, Tcl Tac kondisioner üçün əsas borcu 1333,1 manat, cərimə borcu 399,93 manat olmaqla, cəmi 1733,03 manat məbləğində borcu var. "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, №09544661 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən X3 ilkin ödənişlə İMEİ kod **********85030 Samsung Galaxy A05 markalı telefon almış və 12 ay müddətinə ayda 19 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, X3 №09544661 saylı müqaviləyə əsasən İMEİ kod **********85030 Samsung Galaxy A05 markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X2 İMEİ kod **********85030 Samsung Galaxy A05 markalı telefon üçün əsas borcu 76 manat, cərimə borcu 22,8 manat olmaqla, cəmi 98,8 manat məbləğində borcu var. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 65,48 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 3 müxtəlif tarixdə nisyə alğı-satqı müqavilələri bağlanmış, xx.xx.2023-cü il tarixli, №03214936 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı X3 nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə ayda 256,72 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli, №03249160 saylı əşyanın nisyə alqısatqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı X3 nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə ayda 80,7 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, №09544661 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı X3 nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə ayda 19 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 65,48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehdən xx.xx.2023-cü il tarixli, №03214936 saylı və xx.xx.2024-cü il tarixli, №03249160 saylı müqavilələr üzrə tələb edilən cərimə məbləğlərinə münasibətdə qeyd edir ki, iddia həmin hissələrdə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixli, №03214936 saylı müqavilə üzrə iddiaçı tərəfindən hesablanmış 621,18 manat cərimə məbləği endirilməli və 207 manat məbləğində müəyyən edilməli, xx.xx.2024-cü il tarixli, №03249160 saylı müqavilə üzrə iddiaçı tərəfindən hesablanmış 399,93 manat cərimə məbləği endirilməli və 133 manat məbləğində müəyyən edilməli həmin məbləğ cavabdehdən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, №03214936 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 2070,6 manat, cərimə borcuna görə 207 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsuma görə 23,6 manat, xx.xx.2024-cü il tarixli, №03249160 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 1333,1 manat, cərimə borcuna görə 133 manat, xx.xx.2024-cü il tarixli, №09544661 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 76 manat, cərimə borcuna görə 22,8 manat olmaqla, hər üç müqavilə üzrə 3866,1 manat pul vəsaiti və 65,48 manat məbləğində dövlət rüsumu cavabdeh X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, №03214936 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 2070,6 manat, cərimə borcuna görə 207 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsuma görə 23,6 manat, xx.xx.2024-cü il tarixli, №03249160 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 1333,1 manat, cərimə borcuna görə 133 manat, xx.xx.2024-cü il tarixli, №09544661 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 76 manat, cərimə borcuna görə 22,8 manat olmaqla, hər üç müqavilə üzrə 3866,1 (üç min səkkiz yüz altmış altı manat, on qəpik) manat pul vəsaiti və 65,48 (altmış beş manat, qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar