Məhkəmə qərarları › İş №2(001)-1699/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1699/2022

10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1699/2022 10.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Expressbank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Expressbank ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Expressbank ASC-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Expressbank ASC ilə borcalan Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, GA.123647.1 nömrəli kredit limitinin ayrılması haqqında baş saziş imzalanmışdır. Həmin baş saziş üzrə öhdəliklərin təminatı kimi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,7 m2 olnan mənzil xx.xx.2019cu il tarixli, GA.123647.1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Tərəflər arasında bağlanmış baş sazişə əsasən Expressbank ASC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli, 101846-123647/4 nömrəli kredit müqaviləsi ilə illik 18 faiz dərəcəsi ilə 16 ay müddətinə 70000 manat məbləğində kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/4269/2021 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Expressbank ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. İddia ərizəsində X2 və Zahidova (Əliyeva) Səbinə Şəmşir qızı səhv olaraq göstərilmişdir. Ona görə də Cavabdeh xx.xx.2019-cu il tarixli 101846-123647/4 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 48863,13 manat, faiz borcuna görə 11449,38 manat olmaqla cəmi 60312,51 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla cəmi 40 manatın və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 271,75 manat dövlət rüsumunun tutularaq Expressbank ASC-yə ödənilməsinə, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh tam mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,7 m2 olan mənzilə yönəldilməsinə, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracda satılmasına, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsinə, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına və həmin mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GA.123647.1 saylı kredit limitinin ayrılması haqqında baş sazişdən müəyyən olunur ki, bank borcalana 490000 manat məbləğində, 84 ay müddətinə, illik maksimum 30% dərəcəsi ilə kredit limiti ayırmış, borcalan isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndindən müəyyən olunur ki, kredit müqavilələri üzrə hesablanmış faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək borcalanın adına açılan ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Müqavilənin 5.1.6-cı bəndinə əsasən bank borcalan bu müqavilə ilə müəyyənləşdirilən öhdəliklərindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış GA.123647.1 saylı xx.xx.2019cu il tarixli kredit limitinin ayrılması haqqında baş saziş üzrə xx.xx.2019-cu il tarixli № 101846-123647/4 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank illik 18% ödəmək, 16 ay müddətinə qaytarmaq şərti ilə borcalana yaşayış sahəsinin alınması üçün 70000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən bu kredit müqaviləsi GA.123647.1 saylı xx.xx.2019-cu il tarixli kredit limitinin ayrılması haqqında baş saziş əsasında bağlanmış və onun ayrılmaz hissəsi sayılır. Expressbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 101846-123647/4 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh götürdüyü 70000 manat kreditə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 70000 manat, faiz borcuna görə 9256,88 manat ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında olan sahəsi 113,7 m2 olan mənzil Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 2733 saylı reyestr kitabının 254750 saylı vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan Expressbank ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli № GA.123647.1 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, tərəflər bankla borcalan arasında bağlanmış GA.123647.1 saylı xx.xx.2019-cu il tarixli kredit limitinin ayrılması haqqında baş sazişdə nəzərdə tutulan öhdəliklərin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınan xüsusi mülkiyyət hüququ ilə ipoteka qoyana məxsus olan Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,7 m2 olan mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka predmetinin müəyyən edilmiş ilkin satış qiyməti (likvid) 140000 manat təşkil edir. İpoteka müqaviləsinin 6.1.1-ci bəndinə əsasən borcalan və ya ipoteka qoyan ipoteka ilə təmin edilmiş əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasını 90 təqvim günü müddətinə gecikdirdikdə bankın ipoteka predmetinə tələb yönəltmək hüququ vardır. DƏDRX-nin çıxarışından müəyyən olunur ki, ipoteka qoyan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi 16 saylı evin 109 saylı mənzilinin xx.xx.2019-cu il tarixli, GA.123647.1 saylı kredit limitinin ayrılması haqqında baş saziş üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka saxlayan Expressbank ASC qarşısında ipoteka ilə yüklülüyü xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2733 nömrəli reyestr kitabının 254750 nömrəli vərəqində qeydə alınmışdır. Expressbank ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli № 101846-123647/4 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə əsas borca görə 48863,13 manat, faiz borcuna görə 11449,38 manat olmaqla cəmi 60312,51 manat borcu vardır, kredit müqaviləsi üzrə gecikmə 551 gün təşkil edir. Expressbank ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli 001/007/4269/2021 saylı bildirişdən müəyyən olunur ki, bank borc alan/ipoteka qoyana xx.xx.2019-cu il tarixli № 101846-123647/4 saylı kredit müqaviləsi üzrə borcun 3 gün ərzində ödənilmədiyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Expressbank ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli № GA.123647.1 saylı ipoteka müqaviləsi üzrə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,7 m2 olan mənzilə tutmanın yönəldilməsi barədə ipoteka qoyan Cavabdeh göndərilmiş bildirişin qeydə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlər portalından xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Expressbank ASC-nin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanladığı ərizəsi ********** nömrəsi ilə qeydiyyata alınmış, təsdiqetmə bildirişi verilmiş və bu barədə 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlər portalından xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, bildirişin qeydə alınması ilə bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 05/Q- 1980/69 saylı arayışın surətindən müəyyən olunur ki, Cavabdeh ilə X5 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3568 nömrəsi ilə akt qeydi tərtib edilmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2022-ci il tarixli 59 saylı hesabatından müəyyən olunur ki, Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,7 m2 olan mənzilin bazar dəyəri 170000 manat, likvid dəyəri 150000 manat təşkil edir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2022-ci il tarixli 43 saylı hesab-fakturasından müəyyən olunur ki, Cavabdeh məxsus Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi ev 16 mənzil 109 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113,7 m2 olan mənzilin qiymətləndirilməsinin dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2039 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, borcalan Cavabdeh xx.xx.2019-cu il tarixli № 101846-123647/4 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixinə əsas borca görə 48863,75 manat, faiz borcuna görə 11293,84 manat borcu vardır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.4.-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti İpoteka haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 59.1.-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2.-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Məcəllənin 59.4.-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcalan Cavabdeh Expressbank ASC ilə bağladığı GA.123647.1 saylı xx.xx.2019-cu il tarixli kredit limitinin ayrılması haqqında baş saziş üzrə xx.xx.2019-cu il tarixli № 101846- 123647/4 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 48863,13 manat, xx.xx.2019-cu il tarixli № 101846-123647/4 saylı kredit müqaviləsinin qüvvədə olduğu müddətə faiz borcuna görə 11293,84 manat borcu yaranmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borc alanın əsas borca görə 48863,13 manat, faiz borcuna görə 11293,84 manat borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi bu məbləğdə borcun cavabdehdən tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməklə ipoteka predmetinin açıq hərracdan satılmasına, satışdan əldə olunacaq vəsait hesabına borcun və məhkəmə xərclərin ödənilməsinə, ipoteka predmeti hərracda satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka qoyan ipoteka predmetini tərk etmədikdə cavabdehin mənzildən çıxarılmaqla mənzilin boşaldılmasına dair iddia tələbləri əsaslıdır və ona görə də təmin edilir. Məhkəmə eyni zamanda hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən müəyyən olunan ipoteka predmetinin likvid dəyəri olan 150000 manat əsas götürülməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə ipoteka predmetindən X1 və Zahidova (Əliyeva) Səbinə Şəmşir qızının çıxarılması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı bu şəxslərə qarşı tələb irəli sürsədə, onları iddia ərizəsində cavabdeh qismində göstərmədiyindən, qeyd olunan şəxslərin bağlanmış müqavilələr üzrə kreditor qarşısında hansı öhdəliklərinin olmasına dair sübutlar məhkəməyə təqdim etmədiyindən, iddiaçının nümayəndəsi bu şəxslərin səhv olaraq iddia ərizəsində yazılmasını bildirdiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh GA.123647.1 saylı xx.xx.2019-cu il tarixli kredit limitinin ayrılması haqqında baş saziş üzrə bağlanmış xx.xx.2019-cu il tarixli № 101846-123647/4 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 48863,13 manat, faiz borcuna görə 11293,84 manat, məhkəmə xərclərinə görə 311,75 manat olmaqla cəmi 60468,72 manat Expressbank ASC-nin xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manat dövlət nəfinə tutulsun. Cavabdeh ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulsun. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi 16 saylı evin 109 saylı mənzili (yeni qaydalarla: ünvan 1 ilkin satış qiyməti 150000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsi 16 saylı evin 109 saylı mənzili (yeni qaydalarla: ünvan 1 hərracda satıldıqdan 1 ay sonra Cavabdeh mənzildən çıxarılmaqla mənzil boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar