Məhkəmə qərarları › İş №2(001)-1699/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1699/2025

19.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1699/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddia üzrə Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “pəncərə qarşısında quraşdırılmış metal maneənin sökülməsi” tələbinə dair ilk iddiası, iddiaçı Nümayəndə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin, pəncərinin sökülməsi və yerinin bağlanması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı “pəncərə qarşısında quraşdırılmış metal maneənin sökülməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən onların yaşadıqları Motodrom ərazisində yerləşən şəxsi evin pəncərələri qarşısında qeyri-qanuni quraşdırılmış metal arakəsmə kimi tətbiq olunan maneələrin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildən başlayaraq, qaçqın kimi Motodrom ərazisində yaşayırlar. Vətəndaş Cavabdeh1 adlı şəxs qonşularıdır. Qaçqın, köçkün olmasa da, yaşadıqları qonşuluqda böyük bir ərazini tutaraq, özünə ev tikmişdir. Son zamanlar Sarıyev qərəzli şəkildə onların ailəsinə qarşı qanunsuz əməllərə yol verir. Son dəfə cavabdeh onların evinin cavabdehin həyətinə açılan pəncərələrini özbaşına qapamışdır. Onlar bu barədə polis idarəsinə şikayət etmiş və cavabdeh barəsində inzibati xəta ilə bağlı iş açılmış, qanunsuz əməli sübuta yetirilmiş və cərimə olunmuşdur. Lakin cavabdeh ona və ailəsinə qarşı qərəzli hərəkətlərini davam etdirməkdədir. Pəncərələrinin qarşısına quraşdırdığı metal arakəsmələri söküb götürməkdən boyun qaçırır. Onlar məcburi köçkün ailəsi olaraq, ailələri üçün imkan daxilində normal şərait yaradaraq yaşayır və heç kimə dəyib-dolaşmırlar. Qonşuların hamısı ilə normal münasibət saxlayırlar. Xali Sarıyev isə onların ailəsinə sataşır. Cavabdeh özbaşınalıq edərək, güya cavabdehin həyətinə açılır deyə onların pənəcərlərini dəmir örtüklə qapatmışdır. 40-cı Polis Bölməsi tərəfindən, cavabdehin onların ailəsinə qarşı törətdiyi hərəkətlər qanunsuz və özbaşınalıq kimi qiymətləndirilmiş və nəticədə cavabdehin onların pəncərələrinin qarşısına çəkdiyi dəmir örtükləri götürəcəyinə söz vermişdir. Lakin, aradan xeyli müddət keçməsinə baxmayaraq, dəmir örtükləri çıxarmamışdır. Cavabdeh təhrik edir ki, münaqişə yaransın. Deyir, gəlsinlər özləri çıxarsınlar. Lakin, onların bu hərəkətləri münaqişəyə səbəb ola bilər. O, süni münaqişəyə girməkdən çəkinir. Təəssüf ki, polis əməkdaşları münaqişənin nizama salınması istiqamətində zəruri addımlar atılmasını təmin etməmiş və tələblərini mülki mübahisə kimi qiymətləndirmişdir. Halbuki, Cavabdeh1 hərəkətləri özbaşınalıqdır. Polis cavabdehin qanunsuz əməllərinin qarşısını bir saat ərzində almaqla münaqişəni bitirə bilərdi. Belə olan halda, o, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməklə, Cavabdeh1 tərəfindən onların evinin pəncərələri qarşısında quraşdırılmış maneələrin sökülməsini tələb etmək zərurətində qalmışdır. Belə ki, hər bir vətəndaş başqa bir vətəndaş tərəfindən pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmə qarşısında tələb edə bilər. Mülki münasibətlərin iştirakçıları bir-birinə qarşılıqlı hörmətlə yanaşmalı, birgə yaşayış qaydalarına əməl etməlidirlər. Onların pəncərələri qonşu həyətinə açılır deyə qonşu tərəfindən qapadılması qanunsuz əməldir və qarşısı alınmalıdır.Məsələ ilə bağlı araşdırma apararaq pənəcərləri qarşısında quraşdırılmış maneənin aradan götürülməsi ilə bağlı müvafiq qərar çıxarılmasını təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq eyd etmişdir ki, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi tərəfindən məsələnin araşdırılması nəticəsində X1 Azərbaycan Respublikasının qanunvericiliyini pozaraq inzibati xəta törətdiyi müəyyən edilmişdir. Bunun əvəzində cavabdehin Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Daha sonra Nümayəndə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin, pəncərinin sökülməsi və yerinin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlərin inşa etmiş olduqları fərdi yaşayış evinin öz hesablarına sökülməsi, hasarın bərpa edilməsi, hasarla 2 metr məsafənin saxlanması və həyətə açılan 2 böyük pəncərənin bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar 2004-2005-ci il tarixindən özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. Onlar bura gələndə həmin ərazi boş torpaq sahəsindən ibarət idi. 2016-cı ildə qarşılıqlı iddia üzrə cavabdehlər həmin torpaq sahəsində onlara məxsus olan hasarın üzərindən onların etirazlarına baxmayaraq fərdi yaşayış evi inşa etmişlər. Bu azmış kimi 2024-cü ildə birbaşa olaraq onlara məxsus evə və həyətə baxan böyük pəncərələr açmışdırlar. O, cavabdehlərə bu pəncərələrin önünü bağlayacağını bildirdikdə isə “neyləyirsən et” deyə cavab vermişlər. Cavabdehlər tərəfindən onlara məxsus hasarın üzərində heç bir ara məsafəsi saxlanmadan, yəni şəhərsalma qaydalarına zidd şəkildə fərdi yaşayış evi inşa edilmiş, heç bir zərurət olmadan onlara məxsus evə və həyətə baxan böyük pəncərələr açılmışdır. Həmin pəncərələr yaşadıqları həyət sahəsinə və birbaşa evin girişinə baxdığı üçün onlara maneə yaradır, bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalarına ziddir. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində onun və ailə üzvlərinin rahatlığı və istirahət hüququ pozulur. Odur ki, cavabdehlərin qanunsuz olaraq inşa etmiş olduqları fərdi yaşayıç evləri cavabdehlərin hesabına sökülməklə, hasar bərpa edilməli və hasardan 2 metr ara məsafəsi saxlanmalıdır, bu mümkün olmadıqda isə cavabdehlərin açmış olduqları 2 böyük pəncərələr bağlanmalıdır. Bundan başqa, cavabdeh iddia ərizəsində israrla İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş protokola istinad etməkdədir. Qeyd edir ki, həmin maddə ilə təqsirli bilinməyinin hazırkı mülki mübahisəyə heç bir aidiyyatı yoxdu və orada işin nəticəsinə təsir edə biləcək heç bir hal müəyyən edilməmişdir. Cavabdehlər iddia ərizəsində əsassız olaraq onları hədə-qorxu gəlməkdə ittiham etməkdədirlər, halbuki, uzun müddətdir ki, bunun tam tərsi olaraq daim cavabdehlər tərəfindən rahatlıqları, istirahətləri pozulmaqdadır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə qarşılıqlı iddianı müdafiə edərək, təmin olunmasını, ilkin iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşılıqlı iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı 358348 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığına görə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 tərəfindən Binəqədi RPİ-nin 40-cı PB-də verilmiş izahatından görünür ki, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, uzun müddətdir ki, İddiaçı ilə qonşuluqda yaşayırlar. İddiaçı fərdi evindən pəncərə onların həyətyanı sahələrinə baxır. O və anası dəfələrlə İddiaçı irad bildirmişlər ki, həmin pəncərəni bağlasınlar. Lakin sözlərinə məhəl qoymamışdır Bu səbəblə o, xx.xx.2024-cü il tarixində evinə usta çağırıb, həmin pənəcərəni bağlatdırmışdır. Bu zaman Pərvanə adlı şəxs evin qarşısına çıxmış və onların arasında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Pərvanə onu təhqir etdiyi üçün o da İddiaçı təhqir etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, İddiaçı sözlə hədələməmişdir. Dedikləri yalandır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Hazırda iddiaçı Cavabdeh1 tərəfindən yaşadığı fərdi yaşayış pəncərələri qarşısında qeyri-qanuni quraşdırılmış maneələrin cavabdeh tərəfindən sökülməsi xahiş edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən fərdi yaşayış evi iddiaçının istifadəsindədir. İş materiallarından, həmçinin cavabdehin verdiyi izahatlardan müəyyən olunur ki, hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncunun istifadəsinə olan fərdi yaşayış evinin pəncərələri qarşısında qeyri-qanuni metal arakəsmə kimi tətbiq olunan maneələr quraşdırmış, bununla da iddiaçının qanunvericliklə müəyyən edilmiş mülkiyyət hüquqlarını pozmuşdur. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Məhkəmə qarşılıqlı iddia üzrə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, hazırda Nümayəndə qarşılıqlı iddia üzrə cavabdehlərin inşa etmiş olduqları fərdi yaşayış evinin öz hesablarına sökülməsi, hasarın bərpa edilməsi, hasarla 2 metr məsafənin saxlanması və həyətə açılan 2 böyük pəncərənin bağlanmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu iddialar təmin olunacağı təqdirdə, qarşıqlı iddia üzrə cavabdehlərin hüquqları lüzumsuz məhdudlaşdırılması ilə nəticələnir və bu onların hüquqlarının əhəmiyyətli dərəcədə pozacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, iddiaçının istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən fərdi yaşayış evinin pəncərələri qarşısında cavabdeh tərəfindən qeyri-qanuni quraşdırılmış metal arakəsmə kimi tətbiq olunan maneələr cavabdeh tərəfindən sökülməli, eyni zamanda qarşıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, eyni zamanda qarşılıqlı iddia rədd edildiyindən, qarşıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia təmin edilsin. İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış massivində yerləşən fərdi yaşayış evinin pəncərələri qarşısında Cavabdeh1 tərəfindən qeyri-qanuni quraşdırılmış metal arakəsmə kimi tətbiq olunan maneələr Cavabdeh1 tərəfindən sökülsün. Cavabdeh1 100 (yüz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar