Məhkəmə qərarları › İş №2(001)-1707/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1707/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1707/2023 08.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “X3” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3” ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5776 manat əsas, 485,44 manat faiz borcu, 15,12 manat cərimə borcu olmaqla, cəmi 6276,56 manat borcun və 82,77 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “X3” KB ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə 18% ödəmək şərtilə 5776 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq "xxxx" KB ASC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcunun olmasını qismən, yəni əsas borc hissəsində qəbul etdi, lakin hazırda maddi imkanının olmadığı səbəbindən banka ödənişlər edə bilmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə və 1 saylı əlavəyə əsasən, Cavabdeh 60 ay müddətinə illik 18% olmaqla, 5776 manat məbləğində kredit verilmiş, sonuncu götürdüyü krediti xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 150 (sonuncu 145,90 manat) manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - “X3” ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X3” ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 5776 manat əsas, 485,44 manat faiz borcu, 15,12 manat cərimə borcu olmaqla, cəmi 6276,56 manat məbləğində borcu vardır. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişxəbərdarlıqdan görünür ki, kredit müqaviləsi üzrə yaranmış 5776 manat əsas, 369,76 manat faiz və 8,30 manat cərimə borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır (həmçinin birtərəfli qaydada kredit müqaviləsinin ləğv edilməsi). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh 5776 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz və cərimə borcunun tutulması ilə bağlı qeyd edir ki, iddiaçı borc barədə cavabdehə bildirişlə müraciət edərkən, maliyyə arayışında göstərilən məbləğ barədə deyil, başqa məbləğ barədə borclunu məlumatlandırmışdır. Ona görə də iddia tələbi faiz və cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair Qərarını nəzərə alaraq hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə Bildiriş göndərməklə, birtərəfli qaydada iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, hazırki vəziyyətdə iddiaçının yalnız bildirişdə göstərdiyi əsas və faiz məbləğləri, yəni iddia tələbi faiz hissəsində qismən təmin edilməlidir. Həmçinin hazırki vəziyyətdə iddiaçının yalnız əsas məbləğ və hesablanmış faizləri tələb etmək hüququ olduğundan, iddia tələbi cərimə hissəsində təmin edilməməlidir. Belə ki, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Hazırda isə bununla bağlı heç bir tələb mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 5776 manat əsas borc, 369,76 manat faiz borcu olmaqla, cəmi 6145,76 manat borc Cavabdeh tutularaq iddiaçı “X3” ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5776 manat əsas borc və 369,76 manat faiz borcu, olmaqla, cəmi 6145,76 (altı min yüz qırx beş manat, yetmiş altı qəpik) manat və 82,77 (səksən iki manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X3” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar