Məhkəmə qərarları › İş №2(001)-1716/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1716/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1716/2022 11.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı gecikdirilmiş faiz borcunun və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 05 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə 05 fevral 2010-cu il tarixdən 05 fevral 2011-ci il tarixədək, yəni kredit müqaviləsinin bitdiyi tarixdən bir il müddətinə gecikdirilmiş vaxt üçün illik 5 faizlə əsas borca hesablanmış 811,79 ABŞ dolları məbləğində borcun və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi üzrə əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının illik uçot dərəcəsi ilə hesablanmış 2011-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək olan 13134 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 13945,79 ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdeh 05 avqust 2008-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (indiki adı İddiaçı ASC) illik 26 faizlə 18 ay müddətinə 23000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təminatı olaraq “Toyota Prado” markalı, **- OP-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli, 2(001)-2853/2010 saylı qətnaməsinə əsasən, Cavabdeh "xxxx" İKB ASC0nin xeyrinə 16235,76 ABŞ dolları əsas, 2643,54 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19379,3 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması, borcun Cavabdeh məxsus “Toyota Prado” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması hesabına ödənilməsi qərara alınmışdır. Həmin qətnamə vaxtında icra edilməmiş, 24 avqust 2018-ci il tarixdə qismən icra edilərək avtomobil açıq hərracda satılmış, əldə edilmiş 2948,32 ABŞ dolları məbləğində vəsait Cavabdeh qətnamə üzrə olan borcundan silinmişdir. Borc məbləği ilə bağlı əlavə heç bir ödəniş edilməmişdir. Göründüyü kimi, qətnamə 2010-cu il tarixdə qəbul edilməsinə baxmayaraq, 24 avqust 2018-ci il tarixdə qismən icra edilmiş, qətnamə üzrə qalan borc məbləği isə Cavabdeh tərəfindən hazırki dövrə kimi icra edilməmişdir. Bu səbəbdən Cavabdeh 05 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə 05 fevral 2010-cu il tarixdən 05 fevral 2011-ci il tarixədək, yəni kredit müqaviləsinin bitdiyi tarixdən bir il müddətinə gecikdirilmiş vaxt üçün illik 5 faizlə əsas borca hesablanmış 811,79 ABŞ dolları borcu və qətnamə üzrə əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının illik uçot dərəcəsi ilə hesablanmış 2011-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək olan 13134 ABŞ dolları əldən çıxmış fayda olmaqla, mumilikdə 13945,79 ABŞ dolları məbləğində dəymiş ziyan borcu vardır. 2018-ci ildə avtomobilin satılması ilə icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir. Qətnamə üzrə borc tam ödənilmədiyindən, onlar icra məmurunun qərarından şikayət vermişlər, şikayətləri təmin edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, borc öhdəliyinin mövcud olmamasına dair arayışdan bankın məlumatı yoxdur. Faktiki olaraq, cavabdeh tərəfindən borc öhdəliyi icra edilməmişdir. Buna görə də, iddiaçıya dəymiş ziyan ödənilməlidir. Sonda E.B.Məcidov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, iddia tamamilə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 05 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli qətnaməsi mövcuddur. Buna görə də, hazırki iddia üzrə icraata xitam verilməlidir. Digər tərəfdən, bank tərəfindən cavabdehə təqdim edilmiş 17 noyabr 2020-ci il tarixli məktubda göstərilmişdir ki, cavabdehin 05 avqust 2008-ci il tarixli, 245/08 AK saylı kredit müqaviləsindən irəli gələn, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-2853/2010 saylı, 04 oktyabr 2010cu il tarixli qətnaməsi üzrə bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Göründüyü kimi, bank tərəfindən həm belə məzmunlu məktubun verilməsi, həm də hazırki iddia arasında ziddiyyət mövcuddur. Həmçinin, iddia ərizəsində göstərilmişdir ki, məhkəmənin 2010-cu il tarixli qətnaməsi indiyədək icra edilməmişdir. Yəni, 2010-cu ildən icra edilməyən qətnaməyə görə bank tərəfindən bilərəkdən 11-12 il gözlənilmiş, həmin müddət üzrə ona dəymiş zərər tələb edilir. Halbuki, bank bunu daha öncə də edə bilərdi və belə olan halda cavabdehdən hazırki iddia tələbində göstərilən məbləğdə borc yaranmazdı. Yəni, bank vətəndaşın maddi vəziyyətini daha da pisləşdirmək üçün 11-12 il sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, bununla iddia müddətini də buraxmışdır. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini, əks halda iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: - 05 avqust 2008-ci il tarixli, 245/08 AK saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən 18 ay müddətinə illik 26 faizlə 23000 ABŞ dolları məbləğində kredit götürmüşdür. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli, 2(001)- 2853/2010 saylı qətnaməsinə əsasən, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 245/08 AK saylı, 05 avqust 2008-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə, həmin müqavilənin predmeti olan, X1 məxsus “Toyota Prado” markalı, **-OP- *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına "xxxx" İKB ASC-nin xeyrinə 16235,76 ABŞ dolları əsas, 2643,54 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları penya, cəmi 19379,3 ABŞ dolları borc məbləği, həmçinin 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması qərara alınmışdır. - hesabdan çıxarış məlumatlarından görünür ki, 24 avqust 018-ci il tarixdə hərrac protokoluna əsasən 2948,32 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh hesabına daxil edilmiş, həmin tarixdə kredit borcundan çıxılmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunun tutulması ilə bağlı iddiaçının nümayəndəsinin izahatında göstərilənlərdən bəlli olduğu kimi, məhkəmə qətnaməsi mövcud olduğundan, kredit müqaviləsinin müddəti 05 fevral 2010-cu il tarixdə bitdiyindən və borc məbləği hazıradək ödənilmədiyindən, iddiaçının gecikdirilmiş faiz borcunun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “...kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin (MM-in) 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri) MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, müəyyən edilir ki, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməməsi halında kreditor gecikdirilmiş vaxt üçün illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Hazırki halda iddiaçı cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinin müddətinin bitdiyi 05 fevral 2010-cu il tarixdən 05 fevral 2011-ci il tarixədək olan müddət üzrə illik 5 faiz, həmin tarixdən 19 aprel 2022-ci il tarixədək olan müddət üzrə isə illik bank uçot dərəcəsi ilə hesablanmış faizlərin ödənilməsini tələb edir. Müəyyən edilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot faiz dərəcəsi 2011-ci il üzrə 5,25 faiz, 2012-ci il üzrə 5 faiz, 2013-cü il üzrə 4,75 faiz, 2014-cü il üzrə 3,88 faiz, 2015-ci il üzrə 3 faiz, 2016-cı il üzrə 8,7 faiz, 2017-ci il üzrə 15 faiz, 2018-ci il üzrə 10,94 faiz, 2019-cu il üzrə 8,38 faiz, 2020-ci il üzrə 6,9 faiz, 2021-ci il üzrə 6,9 faiz, 2022-ci il üzrə 7,62 faizdir. Məhkəmə hesab edir ki, iddia tələbdə göstərilən məbləğlərə uyğun təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki işlə bağlı qəbul etdiyi 10 noyabr 2021-ci il tarixli, 2(001)-7175/2021 saylı qərardadına əsasən, iş üzrə ictaata xitam verilmiş, qərardad onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini almış məhkəmə aktı mövcud olduğundan iş üzrə icraata xitam verilməlidir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(103)-12011/2021 saylı qərardadına əsasən, Binəqədi Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2853/2010 saylı, 04 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə 05 avqust 2008-ci il tarixli, 245/08 AK saylı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması tələb edilmiş, hazırki iddia tələbi isə həmin kredit müqaviləsi üzrə əldən çıxmış faydanın tutulması təşkil edir. Belə olan halda, hazırki iddia tələbinin predmeti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2853/2010 saylı, 04.10.2010-cu il tarixli qətnaməsi ilə baxılmış iddia tələbinin predmeti ilə eynilik təşkil etmir. Məhkəmə cavabdehin nümayəndəsinin icraata xitam verilməsinə dair ərizəsində istinad etdiyi Azərbaycan Respublikasının Ali Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarına münasibətdə qeyd edir ki, həmin, yəni Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(102)-5665/2021 saylı qərarından görünür ki, İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 05 avqust 2008-ci il tarixli, 245/08 AK saylı kredit müqaviləsi üzrə yaranmış 13287,44 ABŞ dolları əsas, 20359,46 ABŞ dolları faiz, 1174,55 ABŞ dolları cərimə borcunun, habelə 3630,9 ABŞ dolları gecikdirilmiş faiz borcunun, ümumilikdə 52452,35 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 fevral 2021-ci il tarixədək cavabdehin banka həmin kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğlərə uyğun borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hal-hazırda kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olsa da, iddiaçı yenidən eyni əsaslarla, kredit borcunun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(102)-5665/2021 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(102)-5665/2021 saylı qərarı İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş faiz borcunun tutulması tələbinə dair iddiası üzrə çıxarılmışdır. Hazırki iddia tələbində isə iddiaçı cavabdehdən kreditin vaxtında ödənilməməsi ilə bağlı ona vurulmuş zərərin əvəzini tələb edir və bu iddia tələbi ilə əvvəlki iddia tələbinin eynilik təşkil etməməsi Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(103)-12011/2021 saylı qərardadı ilə öz təsdiqini tapmışdır. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Binəqədi Rayon Məhkəməsinin 04 oktyabr 2010-cu il tarixli, 2(001)-2853/2010 saylı icra sənədi üzrə icraata xitam verilməsinə dair 31 avqust 2018-ci il tarixdə qəbul edilmiş qərar Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 8(001)-166/2022 saylı qərardadı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 05 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə 05 fevral 2010-cu il tarixdən 05 fevral 2011-ci il tarixədək, yəni kredit müqaviləsinin bitdiyi tarixdən bir il müddətinə gecikdirilmiş vaxt üçün illik 5 faizlə əsas borca hesablanmış 811,79 ABŞ dolları məbləğində borcun və əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının illik uçot dərəcəsi ilə hesablanmış 2011-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək olan 13134 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 13945,79 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 05 avqust 2008-ci il tarixli kredit müqaviləsi üzrə 05 fevral 2010-cu il tarixdən 05 fevral 2011-ci il tarixədək, yəni kredit müqaviləsinin bitdiyi tarixdən bir il müddətinə gecikdirilmiş vaxt üçün illik 5 faizlə əsas borca hesablanmış 811,79 ABŞ dolları məbləğində borc və əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının illik uçot dərəcəsi ilə hesablanmış 2011-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək olan 13134 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 13945,79 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar