Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1730/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A02S” (İMEİ Kodu **********48878) markalı telefon, “Lenovo” markalı kompüter üçün 171,2 manat ödənilməmiş hissə və 17,8 manat cərimə borcu olmaqla, cəmi 189 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1926,6 manat olan “Samsung Galaxy A02S” (İMEİ Kodu **********48878) markalı telefonu, Lenovo markalı kompüteri ilkin 24 manat, 18 ay müddətinə, hər ay 105,7 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 189 manat olmaqla, ondan 171,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17,8 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2021-ci il tarixdə Lenovo markalı kompüter, X2 2 ilk, zəmanət+3 ildən imtina etmiş və 1379,4 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 376 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1379,4 manat, ümumilikdə 1755,4 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2024-cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh 01 fevral 2024-cü il tarixində məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, xidmət paketlərini geri qaytardığını, iddiaçının bunu nəzərə almadığını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-dən “Samsung Galaxy A02S” markalı telefon və “Lenovo” markalı kompüter götürmüşdür. 2021-ci il tarixdə “Lenovo” komputeri, “X2 2 il”, “Zəmanət+3 il”i geri qaytarmışdır. Həmin vaxt kompyuterə yazdıqları “Paket M” qiyməti 30,60 (otuz manat 60 qəpik) və “X4” qiyməti 140,40(yüz qırx manat 40 qəpik) ümumilikdə 171 (yüz yetmiş bir) manat məbləğin silinməsini tələb etmişdir.Çünki komputeri qaytaranda bu paketlər də onun daxilində avtomatik şəkildə onlara geri qaytarılmışdır. Məhkəməyə təqdim edəcəyi sənəddə paketlərin siyahısının aşağısında da göstərilib ki, qanunda nəzərdə tutulmuş olduğu halda paketlərin geri qaytarılması mümkündür. Mümkün olduğu halda paketlərin məbləği borcdan silinməmişdir. İndi isə məhkəməyə müraciət edərək, həmin pulu aldığı məhsulun ödənilməmiş hissəsi kimi təqdim edib ondan əsassız şəkildə pul tələb edirlər. Həmin 171(yüz yetmiş bir) manat pulun məhkəməyə təqdim edəcəyi müqavilədə məhsulun yox, məhz paketlərin qiyməti olduğu açıq-aşkar görünür. O, kreditə aldığı “Samsung Galaxy A02S” markalı telefona qoyulmuş 376,20 manat qiymətinində, özlərinin də iddia ərizəsində qeyd etdiyi kimi 376 manatını ödəniş etmişdir. Yəni onun cəmi 0,20(iyirmi qəpik) manat borcu qalıb. Etirazının əsaslığını sübut edən sənədlər-tərəflər arasında bağlanmış müqavilə, paketlərin siyahısıdır. Özü iki dəfə insult keçirmiş xəstə qadındır. İddiaçı MMCnin bu cür əsassız iddiaları narahatlığına, səhhətinin daha da pisləşməsinə səbəb olur. Onun heç öz dərmanlarını almağa imkanı çatmır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən “Lenovo” markalı İdeapad öz istəyinə uyğun geri qaytarılmış və bütün məbləğ borcundan silinmişdir. Paket-M mobil telefon üçün nəzərdə tutulmuş xidmətdir ki, həmin xidmət ilə account(hesab) açılır, antivirus, 6 aylı online konoteatr, 12 aylıq reklam bloklayıcı, 6 ay İT dəstək və s. yüklənir. Paket combomax isə noutbuk üçün nəzərdə tutulmuş proqramdır ki, bu da özündə əməliyyat sisteminin, ofis tətbiqlərinin və anti-virus yüklənməsini nəzərdə tutur. Bu paketlər cavabdehin adına açılıb, o istədiyi kompüterlə bu proqramlara giriş edə bilər və həmin proqramlar üzrə parollar cavabdehin özündədir. İstifadəçi cavabdeh olduğundan, həmin proqramlar kompüterin üstündə satışa çıxarıla bilməz. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirib, etirazında yazılanlara uyğun izahat verdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Lenovo” markalı İdeapad pulu olmadığı və həmin qiymətə uyğun olmadığını düşündüyünə görə, aldıqdan 5 gün sonra geri qaytarmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 23276296 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 24 manat olmaqla, 18 ay müddətinə, hər ay 105,70 manat ödəmək şərti ilə, dəyəri 376,20 manat olan “Samsung Galaxy A02S” (İMEİ Kodu **********48878) markalı telefon, 1.156,20 manat olan “Lenovo” markalı kompüter, 72 manat olan “X2 2 il”, 151,20 manat olan “Zəmanət+3 il”, 30,60 manat olan “Paket M” və 140,40 manat olan “Paket ComboMax” satmışdır. X3 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy A02S” (İMEİ Kodu **********48878) markalı telefon, “Lenovo” markalı kompüter “X2 2 il”, “Zəmanət+3 il”, “Paket M” və “Paket ComboMax” Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə İddiaçınə 171,2 manat əsas borc və 17,8 manat cərimə olmaqla, cəmi 189 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə “Lenovo” markalı kompüter, “X2 2 il”, “Zəmanət+3 il”-dən imtina etmişdir və 1379,4 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 376 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1379,4 manat, ümumilikdə 1755,4 manat təşkil edir, ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 1% həcmində hesablanmış cərimə 31,5 manat təşkil etdiyi halda, müştəriyə güzəşt olaraq 17,8 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MMC-nin 16 fevral 2024-cü il tarixli 3512 №-li Arayışından görünür ki, “Paket M”-ə- akkaunt yaradılması, mobil tətbiqinin yüklənilməsi, antivirusun quraşdırılması, online kinoteatr İVİ-6 ay, Reklam bloklayıcı AWAX-12 ay daxildir. “Paket ComboMax” –a əməliyyat sisteminin quraşdırılması, komputerin ilkin quraşdırılması, ofis tətbiqlərinin quraşdırılması, Eset Nod32 Anti-Virus 1Y/1P və office suite for windos daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 23276296 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən “Samsung Galaxy A02S” (İMEİ Kodu **********48878) markalı telefonla yanaşı həmin telefonda “Paket-M” adı ilə akkaunt yaradılması, mobil tətbiqinin yüklənilməsi, antivirusun quraşdırılması, online kinoteatr İVİ-6 ay, Reklam bloklayıcı AWAX-12 ay kimi xidmətlər göstərilmiş və onun dəyəri tərəflər arasında bağlanmış müqaviləyə əsasən 30,6 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda həmin müqaviləyə əsasən “Lenovo” markalı kompüter “X2 2 il”, “Zəmanət+3 il” və “Paket ComboMax” ilə birlikdə cavabdehə satılmış, lakin cavabdeh maddi imkanı olmadığına görə xx.xx.2021-ci il tarixdə “Lenovo” markalı kompüter “X2 2 il”, “Zəmanət+3 il”dən imtina etmiş və onların dəyəri olan 1379,3 manat məbləğində pul vəsaiti borcundan silinmişdir. “Lenovo” markalı kompüterdə iddiaçı tərəfindən “Paket ComboMax” adı ilə əməliyyat sisteminin quraşdırılması, komputerin ilkin quraşdırılması, ofis tətbiqlərinin quraşdırılması, Eset Nod32 Anti-Virus 1Y/1P və office suite for windos kimi xidmətlər göstərilmiş və onun dəyəri tərəflər arasında bağlanmış müqaviləyə əsasən 140,40 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda iddiaçı xx.xx.2021-ci il tarixli 23276296 nömrəli müqavilə üzrə 171,2 manat məbləğində əsas borcun ödənilməsini tələb edir, cavabdeh isə həmin tələbə etiraz edərək, “Lenovo” markalı kompüteri geri qaytardığından, ona göstərilən xidmətlərin də borcundan silinməli olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, 171,2 manat məbləğində əsas borcun tutulması hissəsində iddia tələbi əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir. Belə ki, “Paket-M” xidməti “Samsung Galaxy A02S” (İMEİ Kodu **********48878) markalı telefona göstərilmiş və həmin telefon hal-hazırda cavabdehin mülkiyyətindədir. Eyni zamanda “Lenovo” markalı kompüter cavabdeh tərəfindən iddiaçının təqsiri olmadan geri qaytarıldığından, həmin əşyanın qaytarılması cavabdehi həmin kompüterə “Paket ComboMax” daxil olan xidmətlər göstərilməsinə görə 140,40 manat məbləği ödəməkdən azad etmir. Həmçinin məhkəmə onu da qeyd edir ki, həmin xidmət cavabdehin istəyi ilə iddiaçı tərəfindən göstərilmiş, proqram üzrə hesablar cavabdehin adına açılmış və kompüterin qaytarılmasının əsası həmin xidmətdə olan nöqsanlarla bağlı olmamışdır. Eyni zamanda cavabdeh istənilən vaxt həmin proqramlardan istifadə edə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2021ci il tarixli 23276296 nömrəli müqavilə üzrə götürülmüş öhdəliklər tam icra edilməmişdir. Digər tərəfdən, iddiaçı 17,8 manat cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğdə dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 17,8 manat məbləğində hesablanmış cərimənin 1 (bir) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 171,2 manat əsas borcu və 1 manat cərimə borcu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 27 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 3 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 171,2 (yüz yetmiş bir manat 20 qəpik) manat məbləğində əsas borc və 1 (bir) manat məbləğində cərimə olmaqla, cəmi 172,20 (yüz yetmiş iki manat 20 qəpik) manat məbləğində borc və 27 (iyirmi yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1730/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1730/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver