Məhkəmə qərarları › İş №2(001)-1732/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1732/2024

29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1732/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3034/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 235 manat və əlavə xərclərə görə 100 manat vəsaitin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, övladı anadangəlmə e.itmə qüsurludur və eyni zamanda yaşıdlarına nisbətən beyin olaraq inkişafda geriləmə vardır. Uşağın bu yaşda müayinə və müalicəsinə ciddi yanaşılmadıqda onun böyüyəndə daha da pisləşəcəyi gğzlənilir. TSEK-in arayışından da bunu görmək olar. X7 övladının tibbi xidmət göstərilməsi üçün müraciət edərək 2 ay ərzində 816 manat ödəniş etməyi göstərilmişdir. Bu səbəbdən əlavə xərcə görə övladına çəkilən xərclərdə göstərilən 50 manatın miqdarının dəyişdirilərək 100 manat olmasına ehtiyac yaranmışdır. Hazırda cavabdehin maddi durumu normaldır. Övladının həm yaşı, həm də maddi tələbatları artmışdır və onların tələbatını tək ödəyə bilmir. Tək qadın olaraq maddi cəhətdən çətinlik çəkir, əlavə gəlir yeri yoxdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki,uşağın müalicəsinə 2 yaşından başlanılıb, tez-tez uşağı həkim qəbuluna aparır. Sonuncu dəfə həkim qəbuluna 50 manat və MRT-yə görə isə 150 manat ödəniş etmişdir, uşaq hazırlığa gedir, cavabdeh ümumiyyətlə uşaqla maraqlanmır, yalnız alimenti ödəməklə kifayətlənir. Onun valideynləri Şabranda yaşayır və cavabdehlə qonşudurlar. Cavabdeh həyətində özü üçün ikinci ev tikmişdir və dedikləri kimi kirayədə yaşamır. Getcontactda anasının mobil nömrəsində adı faizə pul verən şəxs kimi qeyd edilmişdir. Nikahda olan vaxt cavabdehin “Priora” avtomobili olmuş, hazırda avtomobilini yeniləmiş və anasının adına qeydiyyata aldırmışdır. O, uşağa görə 300 manat müavinət alsa da, həmin məbləğ uşağın müalicəsinə çatmır.

4. Cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də iddiaya yazılı qaydada etiraz təqdim etmiş və nümayəndə vasitəsilə təmsil edilmişdir.

5. Cavabdehin yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı artıq neçənci dəfədir ki, alimentin artırılması üçün məhkəməyə müraciət edir və hər dəfə heç bir sübut məhkəməyə təqdim etmədən əsassız yerə alimentin artırılmasını tələb edir. Hal-hazırda iddiaçı ondan uşaq üçün maksimum həddə, yəni 235 manat aylıq aliment və əlavə olaraq 100 manat miqdarında əlavə xərc tələb edir. İddiaçı ərizəsində onun maddi durumunun normal olduğunu, övladının yaşının və maddi tələbatlarının artıdığını və uşağa tibbi xidmət göstərildiyini əsas gətirir. Qeyd edir ki, onun digər nikahından xx.xx.2013-cü il təvəllüdlü Damla adlı qızı vardır ki, ona da hər ay 100 manat aliment ödəyir. Hal-hazırda Nümayəndə ilə ailəlidir və birgə nikahlarından 2 uşaqları vardır, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X10.O, övladını saxlamaqdan imtina etmir, lakin tələb edilən məbləğdə alimenti ödəməyə imkanı çatmır. Belə ki, özü xəstədir, hal-hazırda müalicələr alır (diaqnoz-ensefalopatiya). Heç bir yerdə işləmir, ailəsini güclə saxlayır və güclə hazırki alimentləri ödəyir. Həmçinin uşaqları saxlamaq bərabər şəkildə hər iki valideynin borcudur. X15 dövlətdən 300 manat pensiya alır. Bundan əlavə onun vəziyyətində yaxşılaşma ilə əlaqədar hər hansı dəyişiklik yoxdur. Əksinə iddiaçının özünün maddi vəziyyəti yaxşıdır, belə ki, iddiaçının gözəllik salonu var, nəqliyyat vasitəsi var.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi(arvadı) Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh iki dəfə uğursuz ailə qurmuşdur. Belə ki, cavabdeh xəstə olduğu üçün keçmiş arvadları onunla yaşamamışdır. O, cavabdehin üçüncü nikahdan olan arvadıdır və onların 2 uşağı var. Onlar uşaqların geyimini çatdıra bilmir, cavabdeh hazırda işsizdir. Qaynanası, əri və uşaqları xəstədir. Onları həkimə aparmağa imkanları yoxdur. Cavabdeh ürək xəstəliyindən əziyyət çəkir və ev şəraitində müalicə alır. Cavabdehin hazırda heç bir aliment borcu yoxdur, belə ki, onun alimentini qayınanası işlədiyi dövrdə ödəmişdir, lakin hazırda qayınanası özünü idarə edə bilmir. O, qohumlarından cavabdehin tutulmaması üçün pul alıb alimenti ödəyir. Cavabdehin avtomobili yoxdur, ümumiyyətlə o xəstəliyi ilə ağlı avtomobil idarə edə bilmir.

7. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında iştirak etməsə də, iddiaya yazılı qaydada etiraz təqdim etmiş və etirazını belə əsaslandırmışdır: “Aşağıda sadalananlara əsasən hazırki iddia tələbi təmin oluna bilməz: 1. İddiaçı bundan əvvəl də analoji iddia ilə mürciət edib və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilib. Həmin vaxtdan 1 il 6 ay keçdikdən sonra iddiaçı yenidən analoji iddia ilə müraciət edib və iddiasında tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə sübut təqdim etməyibdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. 2. Cavabdeh ensefolopatiya diaqnozlu xəstədir. Özünü müalicəyə ehtiyacı var. Lakin bun maddi imkanı çatmır. (xəstənin tibbi kartasından çıxarış əlavə olunur) 3. Cavabdeh bundan əvvəlki nikahından xx.xx.2013-cü il təvəllüdlü X8 adlı övladı vardır və hazırda onun saxlanması üçün X4 100 manat aliment ödəyir. (pul köçürmə sənədi əlavə olunur) 4. Cavabdeh 3-cü dəfə Nümayəndə ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü Məlahət, xx.xx.2017-ci il təvəllüdlü Tunar adlı övladları vardır. Hazırda həyat yoldşı hamilədir vəə təxmini doğum tarixi xx.xx.2024-cü il tarixinə təsadüf olunur. (müvafiq sənədlər əlavə olunur) 5. Cavabdeh işsizdir Avtoçilingər xidməti göstərmək üçün özünüməşğulluq proqramına qoşulmuşdur. Onun aylıq gəlirkləri 545 manat təşkil edir. Bu vəsaitlə alimentin artırılması mümkün deyildir. 6. Cavabdehin verdiyi məlumata əsasən iddiaçı uşağı fərdi əməyə cəlb etmişdir. Xahiş edirəm, qeyd olunanları nəzərə alasınız. və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarasınız.” Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3034/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat və uşağın müalicəsi üçün isə 50 manat məbləğində aliment Cavabdeh tutulur.

9. Birinci nikahdan olan uşağı X1 üçün isə cavabdehdən məhkəmə qətnaməsi ilə 100 manat aliment tutulur və cavabdehin üçüncü nikahından 2 yetkinlik yaşına çatmayan uşağı var və arvadı üçüncü uşağa hamilədir. Cavabdeh ensefolopatiya diaqnozlu xəstədir. X9 isə eşitmə qüsurludur.

10. İddiaçı uşağın maddi xərclərinin artması və müalicələri üçün ödənilən vəsaitin kifayət etməməsinə əsaslanaraq alimentin artırılmasını tələb edir. Maddi vəziyyətinin aşağı olması ilə bağlı cavabdeh tərəfin etirazını isə onun anasının adına olan avtomobillərlə təqzib edir.

11. Baş Dövlət Yol Polisi İdarəsinin məktubundan isə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdən cavabdehin anası X2 adına **-CS-*** nömrə nişanlı, 2019-cu il buraxılışlı, Haval H6 minik avtomibili vardır. Həmin avtomobilə dair Cavabdeh xx.xx.2021ci il tarixdə etibarnamə verilmiş və xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bundan başqa X2 mülkiyyətində **-BE-*** nömrə nişanlı, “Ford Transit” mikroavtobus vardır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

13. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

14. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

15. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

16. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

17. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

18. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

23. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

24. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşır və o qənaətə gəlir ki, ölkə üzrə yaşayış minimumunun artması dolayı olaraq əvvəlki illərə görə müəyyən edilmiş məbləğin cari il üçün uşağın minimal xərclərinin ödənilməsinə kifayət etmədiyi əsasından qaynaqlanır. Bundan əlavə uşağın yaşı ilə mütənasib olaraq onun xərclərinin artması hamıya bəlli olan haldır və bu faktın hər hansı sübutla təsdiq olunmasına ehtiyac yoxdur. Yəni yaşayış minimumunun cari il üçün artması əvvəlki dövrə görə müəyyən edilən həddə ödənilən vəsaitin uşağın minimal ehtiyaclarını qarşılamadığı hüquqi nəticəsini doğurur və bu hal nəticə etibarı ilə uşaq yanında qalan valideynin maddi vəziyyətini dəyişdirir.

25. Bu səbəbdən də məhkəmə yetkinlik yaşına çatmayanlar üçün 2024-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2022ci ildən uşaqların tələbatının, maddi xərclərinin onların yaşları ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərinə yaxın məbləğdə maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılmalı və hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.

26. Məhkəmə cavabdehin anasının adına olan avtomobilləri və cavabdehin etibarnamə ilə avtomobili idarə etdiyini nəzərə alaraq, hansı ki, cavabdehin məhkəmə islasında iştirak edən nümayəndəsi bunu qəti şəkildə inkar etmişdir, cavabdehin maddi vəziyyəti ilə bağlı etirazının dəlillərini inandırıcı hesab etmir. Eyni zamanda cavabdehin üç dəfə nikaha daxil olması və həmin nikahlardan da uşaqlarının olması onun valdeyn olaraq uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda onun xəstəliyi əmək qabiliyyətliliyini istisna etmir və uşaqların maraqları bütün digər mənafelərdən üstün olaraq qəbul edilir.

27. Məhkəmə iddianı digər hissədə ona görə əsaslı hesab etmir ki, əvvəla uşağın müalicəsi ilə bağlı iddiaçıya dövlət tərəfindən 300 manat yardım göstərilir və cavabdehdən də bundan əlavə 50 manat vəsait tutulur. Eyni zamanda uşağın saxlanılması və digər maraqlarının təmin edilməsi hər iki valideynin borcudur və hazırki halda iddiaçının göstərdiyi dəlillər tərəflərin bütün diqqətəlayiq maraqları nəzərə alınmaqla əlavə xərcə görə alimentin artırılmasına əsas vermir.

28. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

29. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir;

34. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

36. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3034/2022 saylı qətnaməsi ilə uşağın saxlanılması hissəsində müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırki qətnamə ilə Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3034/2022 saylı qətnaməsi əlavə xərcə görə tutulan aliment məbləğinin müstəqil icra olunması nəzərə alınmalıdır.

37. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində cavabdehdən 30 manat məbləğində vəsait tutularaq dövlət büdcəsinə ödənilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3034/2022 saylı qətnaməsi ilə uşağın saxlanılması hissəsində müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırki qətnamə ilə Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3034/2022 saylı qətnaməsi əlavə xərcə görə tutulan aliment məbləğinin müstəqil icra olunması nəzərə alınsın. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində Cavabdeh 30 (otuz) manat məbləğində vəsait tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar