Məhkəmə qərarları › İş №2(001)-1735/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1735/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1735/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 17 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 manat məbləğində borcun, notariat ofisində xidmət haqqı olaraq ödədiyi 12 manatın, mənəvi zərərin əvəzi kimi isə 1000 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdeh onun evində kirayədə qalmış, aylıq kirayə haqqını kəsrlərlə ödədiyindən 3010 manat borcu yaranmışdır. O, cavabdehdən pulunu tələb etdikdə, cavabdeh pulu ödəyəcəyini bildirərək, ona notarial qaydada müqavilə bağlamağı təklif etmişdir. O, razılaşmış, 25 avqust 2022-ci il tarixdə özünün tanıdığı Bakı şəhəri 27 saylı notariat ofisinə cavabdehlə birlikdə gələrək, orada borc müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən, cavabdeh borcunu 25 noyabr 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin borc hal hazıradək ödənilməmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bundan sonra cavabdeh ona zəng vuraraq, onu məhkəməyə verdiyi üçün bundan sonra borcunu ümumiyyətlə ödəməyəcəyini bildirmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, o, həqiqətən də iddiaçının evində kirayədə qalmış, evdən çıxarkən iddiaçıya 310 manat kirayə haqqı borcu olmuşdur. Həmin borcla bağlı notariat ofisinə getmişlər, o, gözlərinin zəif olması ilə əlaqədar ikinci qrup əlil olduğundan borc müqaviləsindəki məbləği görməmiş, müqaviləyə imza etmişdir. Təxminən 2 gün sonra müqavilədə borcun 310 manat deyil, 3000 manat yazıldığını müəyyənləşdirmiş, dərhal iddiaçıdan bunun səbəbini öyrənməyə çalışsa da, iddiaçı müxtəlif bəhanələrlə ona cavab verməkdən yayınmışdır. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 3M-537 nömrəli notariat işi araşdırılarkən müəyyən edilmişdir ki: - İddiaçı ilə Cavabdeh arasında 25 avqust 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, İddiaçı 3000 manat pul borcunu notariusun “Günay”Bankda olan depozit vasitəsi ilə Cavabdeh vermiş, Cavabdeh xx.xx.2022-ci il tarixədək borcunu qaytarmağı öhdəsinə götürmüşdür. - Notariat xərci kimi 116 manat Cavabdeh tərəfindən ödənilmişdir. - Kredit müqaviləsinin ikinci səhifəsində Cavabdeh əlyazma ilə müqavilədə göstərilənləri təsdiqləmişdir. - Xəzinə mədaxil orderindən görünür ki, 3000 manat pul İddiaçı tərəfindən notariusun depozit hesabına köçürülmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1ci maddəsi təşkil edir ki, həmin maddəyə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında borc müqavilənin bağlanması yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş müqavilə ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, notariat işi materiallarının araşdırılması ilə iddia tələbinin əsas borc hissəsi tam sübuta yetirilmiş olur. Buna görə də, əsas borcun əvəzi kimi 3000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, beləliklə iddia bu hissədə təmin edilməlidir. Bu məqamda məhkəmə cavabdehin izahatında göstərdiklərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən notarial xərclərin ödənilməsi, müqavilənin ikinci səhifəsində onun əlyazması məhkəmə iclasındakı izahatı ilə ziddiyyət təşkil edir və məhkəmə hesab edir ki, onun məhkəmədəki bu məzmunda izahatı özünümüdafiə xarakterlidir. İddia iddiaçının xidmət haqqı kimi ödədiyi 12 manatın cavabdehdən tutulması hissəsində də təmin edilməlidir, çünki buna dair xəzinə mədaxil orderləri mövcuddur. İddianın mənəviz zərərin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı iddia tələbində cavabdehdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi pulun tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki iş materialları ilə iddiaçının müharibə veteranı olmaqla, dövlət rüsumunun ödənilməsindən azad olunduğu müəyyən edildiyindən, iddia 3000 manat həddində təmin edildiyindən, bu məbləğdə iddianın verilməsi üçün ödənilməli dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Hazırki halda ödənilməli dövlət rüsumu 50 manat (30 manat + 2000 manatın 1 faizi, yəni 20 manat) cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. Borcun əvəzi kimi 3000 manat, notariat xərci kimi 12 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar