Məhkəmə qərarları › İş №2(001)-1738/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1738/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1738/2022 31.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsinə, 29 dekabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit məbləğdə 200 manat alimentin tutulmasına dair qətnamə çıxırılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabeh Cavabdeh ilə 10 oktyabr 2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə girərək, evlənib ailə qurmuşlar. Birgə nikahdan bir uşaqları olmuşdur. 29 dekabr 2009-cu il tarixdə X6 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2014-cü il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, 29 dekabr 2009-cu il təvəllüdlü X6 onun yanında saxlanılmış və yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit məbləğdə 120 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşağın maddi tələbatını ödəmir. Həddindən artıq azdır. Uşağın təhsilinin, həmçinin sağlamlığının qayğısına qalınması üçün xeyli vəsait tələb olunur. O isə, tək və işsiz olduğundan bütün maddi tələbatlarını ödəmək imkanı yoxdur. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Buna baxmayaraq, məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusunun iştirakı ilə təsdiqlətdiyi ərizəsindən görünür ki, o, İddiaçı 2022-ci ilin fevral ayından etibarən aylıq 200 manat məbləğinə vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Bu barədə cavabdehin ərizəsini məhkəməyə iddiaçı təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı 227898 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 18 dekabr 2014-cü il tarixində 451 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Səfərəliyev”, qadına “Musayeva” soyadı verilmişdir.

7. Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 07 yanvar 2010-cu il tarixində verilən, AZ-İİ seriyalı, 382184 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X2r.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8252/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X5 arasında 10 oktyabr 2008-ci il tarixdə Füzuli rayon Qeydiyyat Şöbəsində, akt qeydləri kitabının 451 nömrəsi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X4 anası X1 yanında saxlanılması, Cavabdeh övladı X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay uşaq üçün 120 manat, sabit pul məbləğində alimentin tutulması və X3 ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə X5 arasında olan nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 anasının yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8252/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X4 anası X1 yanında saxlanılması, Cavabdeh övladı X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay uşaq üçün 120 manat, sabit pul məbləğində alimentin tutulması və X3 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı Binəqədi Rayon Məhkəməsinin 2(001)-8252/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay üçün 200 manat məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh iddiaçıya 2022-ci ilin fevral ayından 200 manat aliment ödəməyə razı olduğunu bildirmiş bu barədə notarial qaydada təsdiq olunmuş ərizəsini isə iddiaçı məhkəməyə təqdim etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

11. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

12. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

13. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

14. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

15. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

16. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsini qanuna uyğun hesab edir və o qənaətə gəlir ki, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, o cümlədən notarial qaydada təsdiq edildiyi üçün şübhə yaratmasına əsas yoxdur.

17. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

22. Yuxarıda sadalanan normaların tələbi baxımından məhkəmə hesab edir ki, iddianın etirafı qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

27. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

29. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir.

30. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

31. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8252/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin fevral ayından hesablanmaqla Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Ramiz qızına verilməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8252/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin fevral ayından hesablanmaqla Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Ramiz qızına verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar