Məhkəmə qərarları › İş №2(001)-1750/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1750/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1750/2020 20.02.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” MMC-nin xeyrinə 1.850 manat məbləğində əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 1.850 manat dəyərində Mitsubishi kondisioneri satılmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcı alınmış malların dəyərindən ilkin ödəniş etməklə, hər ay üçün 154,17 manat ödəmək şərtilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alğı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 0 manat ödəniş etmiş, 1.850 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ərizə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə xx xxxxxx 2020-ci il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş və növbəti prosessual hərəkətlər barədə məlumat verilmişdir. Müəyyən edilmiş müddət və bundan sonra da cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Habelə, işə iddia icraatı qaydasında baxılması üçün hər hansı əsas müəyyən edilməmişdir. Bu səbəbdən müəyyən edilmiş müddətlərə riayət etməklə hesab edirəm ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, təqdim edilmiş sənədlərin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh “xxxx” MMC-dən ilk ödəniş qismində 0 manat, 12 ay müddətinə ayda 154,17 manat ödəməklə, ümumi qiyməti 1.850 manat olan Mitsubishi markalı kondisioneri nisyə almış, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik görütmüşdür. Hazırda iddiaçı cavabdehin 1.850 manat əsas borcunun yarandığını iddia edir və bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı tərəfindən cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmişdir. Bu səbəbdən iddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə baxılması üçün icraata qəbul edilmiş və cavabdehə xx xxxxxx 2020-ci il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazın və ona əlavə olunmuş sənədlərin məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, habelə növbəti prosessual hərəkətlər barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əşyanın nisyə alğısatqısına dair müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehinhərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Beləliklə, nisyə alğı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış və tələb edilən əsas borc məbləğini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh 1.850 manat məbləğində əsas borc “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edirəm ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1.850 manat məbləğində əsas borc, habelə 30 manat məbləğində dövlət rüsumu “xxxx” MMCnin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-230-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1.850 (bir min səkkiz yüz əlli) manat məbləğində əsas borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar