Məhkəmə qərarları › İş №2(001)-1779/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1779/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1779/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh səmimiliyinə inanaraq, cavabdeh xx.xx.2020-ci il tarixində 2000 manat məbləğində borc vermişdir. Cavabdeh almış olduğu pulu xx.xx.2021-ci il tarixində qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, o, izahatında bildirdi ki, pulu onun mərhum həyat yoldaşı Nigar, Yeganə və Zakir adlı şəxslərə vermişdir, pulun verilməsində özü şəxsən iştirak etməmişdir. Həyat yoldaşının sözlərinə görə 2000 manat pulu o, Nigara vermişdir. Cavabdehlərə pul mərhum həyat yoldaşı tərəfindən verilsədə, həmin pul ona məxsusdur. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdiri ki, iddianı qəbul etmir. Belə ki, o, heç kimdən nə pul götürməmiş, nə də ki, iş materiallarında olan iltizamı imzalamamışdır. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Çingiz Əbilağa oğlundan 2000 manat borc pul almışdır. 3 ay müddətində qaytaracaq. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü vərəqində olan xx.xx.2020-ci il tarixli iltizamdakı (qəbzdəki) yazılar – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü vərəqində olan xx.xx.2020-ci il tarixli iltizamdakı (qəbzlərdəki) imzanın – Cavabdeh tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 əmlakına dair Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və onun vərəsələri əri- İddiaçı və oğlu-X5 tərəflərindən müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə 2V-179, 2V- 180 və 2V-181 reyestrlərdə qeyd edilməklə tərəflərindən mərhumun vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. AZ-İ seriyalı 579170 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X3 arasında olan nikah Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuşlar və 926 nömrə ilə qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü vərəqində olan xx.xx.2020-ci il tarixli iltizamdakı (qəbzdəki) imzanın – Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə araşdırması zamanı, həmçinin məhkəmə iclasları zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən tələbdə qeyd olunan məbləği iddiaçı özü yox, onun arvadı, mərhum X1 adlı şəxsə vermişdir. Bu halı məhkəmə iclasları zamanı iddiaçının özü də təsdiq etmişdir. Belə halda iddiaçının həmin iddianı X2 vərəsəsi kimi əsl cavabdeh olan “Nigar” adlı şəxsə qarşı qaldırmağa hüququ var idi. Həmçinin, ekspertiza zamanı mülki iş materiallarında olan iltizamın cavabdeh tərəfindən icra olunduğu müəyyən olsa da, həmin iltizamdakı imzanın cavabdeh tərəfindən icra olunub-olunmadığı müəyyən edilə bilməmişdir. Belə ki, iltizamdakı mətn kiril qrafikası ilə yazılsa da, imza latın qrafikası ilə yazılmışdır. Əlavə olaraq məhkəmə iclasları zamanı cavabdeh bildirmişdir ki, o, ümumiyyətlə latın qrafikası ilə yaza bilmir və iltizamdakı imza onun tərəfindən icra olunmamışdır. Qeyd olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar