Məhkəmə qərarları › İş №2(001)-1791/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1791/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1791/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin və faizlərin qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı eyni adlı tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə 20 aprel 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin bankın hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 6371 manat, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 1129 manat pul vəsaitinin, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə 63 manat faizlərin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 ilk iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərdi ki, bank ilə cavabdeh arasında 25 yanvar 2019-cu il tarixdə Birkart Miles ödəniş kartına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank emissiya etdiyi Azərbaycan Respublikası ərazisində və hüdudlardan kənarda istifadə edilə bilən ödəniş kartını cavabdehin istifadəsinə verməyi öhdəsinə götürmüş, cavabdeh isə müvafiq komisyon haqqı, ona göstərilmiş bank xidmətlərinin haqqının bankın qüvvədə olan tarif dərəcələrinə əsasən banka ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə üzrə istifadəsində olan plastik karta müxtəlif vaxtlarda mədaxillər edərkən texniki səhvlikdə hesaba artıq mədaxillər olunmuşdur. Belə ki, müxtəlif tarixlərdə cavabdeh tərəfindən ümumilikdə hesaba 5800 manat mədaxil edildiyi halda onun hesabına 13300 manat, yəni 7500 manat artıq pul köçürülmüşdür. Bank tərəfindən Cavabdehla əlaqə saxlanılmış və əsassız olaraq əldə etdiyi vəsaiti geri qaytarması tələb edilmişdir. O isə, əsassız olaraq əldə etdiyi pul vəsaitini banka qaytarmaqdan yayınmışdır. Bank tərəfindən həmin məbləğdən 1129 manat məbləğində vəsait tutulmuş, lakin 6371 manat ödənilməmiş qalmışdır. Buna görə də, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə fayalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 449.2-ci maddəsində qeyd edilmişdir ki, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. X4 Heyətinin qərarı ilə 18.12.2020-ci il tarixdən uçot dərəcəsi 6,25 faiz miqdarında müəyyən edilmiş və dəyişməmişdir. Cavabdehin 13 fevral 2019-cu il tarixdən başqalayaraq məxaric etdiyi pul vəsaitlərinə qanunsuz sahib olduğunu bildiyi və ya bilməli olduğunu nəzərə alaraq, o, 13 fevral 2019cu il tarixdən başlayaraq iddiaçının hesabına pul vəsaitini əsassız əldə etməklə faydalanmağa görə həmin vəsait məbləğindən faizləri də iddiaçıya ödəməlidir. Bundan başqa, Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan bank hesabındakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə, qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Bankla cavabedh arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli müqavilənin 2.1-ci bəndinin c yarımbəndinə əsasən, bankın müştərinin kart hesabına artıq və ya səhvən köçürülmüş pul vəsaitlərini müştərinin əlavə razılığı olmadan hesabdan silmək hüququ vardır. Həmçinin, müştərinin bank qarşısında öhdəliyinin irasının təmin edilməsinin bir üsulu kimi müştərinin bankda olan hesablarından pul vəsaitlərinin müştərinin sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsinə nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələri – akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməni digər təminat üsulları sırasına daxil etmişdir. Bu baxımdan, qarşılıqlı iddia tamamilə əsassızdır və rədd edilməlidir. Sonda R.C.Məmmədov məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 16 yanvar 2020-ci il tarixdə bank tərəfindən onun hesabından heç bir hüquqi əsas olmadan özbaşına və gizli olaraq 1129 manat vəsait silinmişdir. Bununla da, cavabdeh əsassız varlanmaya yol vermişdir. Buna görə də, həmin pul ona qaytarılmalı, pulun tutulduğu 16 yanvar 2020-ci il tarixdən bank uçot dərəcəsi üzrə faizlər hesablanmaqla ona 63 manat da bankdan tutularaq ödənilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan hesab çıxarışlarından görünür ki, 06 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək Cavabdeh kart hesabına müxtəlif vaxtlarda ümumilikdə 5800 manat pul mədaxil edilsə də, karta həmin dövr üzrə ümumilikdə 13300 manat pul köçmüşdür. Həmin məbləğdən 1129 manat bank tərəfindən tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091-ci maddəsin əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. - 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh 06 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək müxtəlif vaxtlarda hesabına mədaxil etdiyi ümumilikdə 5800 manat 7800 manat artıq olmaqla 13300 manat olaraq köçürülməsi texniki səhf nəticəsində baş versə də, iddiaçının hesabına artıq mədaxil olunan məbləğlərin əsassız olduğunu bilmiş və bununla bağlı hər hansı tədbir görməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 6371 manat məbləğində pul vəsaiti ondan tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə məhkəmə hesab edir ki, ilk iddia faizlərin tutuması hissədə təmin edilə bilməz. Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddiasına münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli “Birkart Miles ödəniş kartına dair müqavilə”nin 2.1-ci bəndinin “c” yarımbəndində bankın hüquq və vəzifələri bölməsində göstərilmişdir ki, “müştərinin kart hesabına artıq və ya səhvən köçürülmüş pul vəsaitlərini müştərinin əlavə razılığını almadan (akseptsiz qaydada) hesabdan silmək...” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdehun hesabından 1129 manatı tutmaqda haqlı olmuş, belə olan halda həmin pula görə faizlərin tutulmasının əsası yoxdur və göstərilənlərə əsasən, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 25 manat hissəsi Cavabdeh oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməli, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh tərəfindən ödəniomiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin və faizlərin qaytarılması” tələbinə dair ilk iddiası qismən təmin edilsin. 6371 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İlk iddia qalan hissədə rədd edilsin. İlk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh İddiaçı ASC-yə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin və faizlərin qaytarılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar