Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1795/2022 20.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 23 iyun 2020-ci il tarixli kredit müqaviləsi üzrə 261,03 manat məbləğində əsas, 21,09 manat məbləğində faiz, 26,72 manat məbləğində cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 1,15 manat məbləğində əldən çıxmış fayda, cəmi 309,99 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə 08 fevral 2022-ci il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş və növbəti prosessual hərəkətlər barədə məlumat verilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddia ilə razı olmadığını, iddiaçıya olan kredit borcunu artıqlaması ilə ödədiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1795/2022 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizə üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı qismən müdafiə edərək, bildirmişdir ki, cavabdehə qarşı hazırki iddia qaldırıldıqdan sonra onun tərəfindən ümumilikdə 180 manat məbləğində kredit ödənilmiş və bu ödənişlərin hər biri mövcud olan əsas borcdan silinmişdir. Eyni zamanda, cavabdehin faiz və cərimə məbləği daha da artmışdır. Buna baxmayaraq, bank iddia tələbinin həcmini artırmamışdır. Göstərilənlərin nəzərə alınmasını və cavabdehdən hazırda qalıq qalmış əsas, habelə iddia üzrə tələb edilən faiz, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Cavabdeh 16 mart və 19 aprel 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak edərək, iddianı qəbul etmədiyini, apardığı bir sıra ödənişlərin iddiaçı tərəfindən nəzərə alınmadığını və mövcud borcdan silnmədiyini, reallığı əks etdirməyən faiz və cərimə borclarının hesablandığını, götürdüyü 1.500 manat məbləğində kreditin əvəzi olaraq cəmi 2.057,43 manat, iddia üzrə tələb edilən 309,99 manat borca görə isə cəmi 257,43 manat ödəniş etdiyini, hazırda iddiaçıya hər hansı borcunun olmadığını bildirmiş və iddia üzrə tələb edilən borcun silinməsini, ödənilmiş dövlət rüsumunun isə iddiaçıya aid edilməsini xahiş etmişdir. Bundan sonra məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda xx.xx.2022-ci il tarixdə məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Məhkəmə, cavabdehin iddiaya münasibətini, habelə iddiaya qarşı eyni məzmunlu etiraz ərizəsini nəzərə alıb, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyib, cavabdehin iddiaya qarşı münasibətini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə, illik 24% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, habelə hesablanmış faiz və gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə 261,03 manat məbləğində əsas, 21,09 manat məbləğində faiz, 26,72 manat cərimə, müqavilənin müddətinin bitdiyi, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş dərəcəsi ilə hesablanmış 1,15 manat məbləğində əldən çıxmış fayda, cəmi 309,99 manat məbləğində borcun yarandığını iddia edərək, həmin məbləğin, habelə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, borcunun olmadığını bildirmiş və bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1795/2022 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Borcun tələb edildiyi xx.xx.2022-ci il tarixdən sonra həmin müqavilə üzrə ümumilikdə ödənilmiş 180 manat məbləğində pul mövcud olan əsas borcdan silinmişdir. Hazırda iddiaçı bu ödənişin nəzərə alınmasını və qalıq qalmış əsas, iddia üzrə tələb edilən faiz, cərimə və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, götürdüyü 1.500 manat məbləğində kreditin əvəzi olaraq cəmi 2.057,43 manat, iddia üzrə tələb edilən 309,99 manat borca görə isə cəmi 257,43 manat ödəniş etdiyini, hazırda iddiaçıya hər hansı borcunun olmadığını bildirir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Həmin tarixdən sonra ödənilmiş kredit borcunun 9,48 manat hissəsi mövcud olan faiz borcunun silinməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatları, habelə cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərini nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, borcun hesablandığı xx.xx.2022-ci il tarixindən sonra qeyd edilən kredit müqaviləsi üzrə ödənilmiş pulun 180 manat hissəsi mövcud olan əsas borcun silinməsinə yönəlmişdir. Belə olan halda, cavabdehin kredit müqaviləsi üzrə hazırda (261,03 – 180 = 81,03) 81,03 manat məbləğində əsas borcu qalmış olur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən məhz 81,03 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 1,15 manat məbləğində faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən və həmin tarixə cavabdehin ödənilməmiş əsas borcu olduğundan iddiaçı illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilər. Lakin məhkəmə hesab edir ki, bu məbləğ cavabdehdən iddiaçının xeyrinə tutula bilməz. Belə ki, iddiaçı cavabdehdən 21,09 manat məbləğində faiz borcu tələb etməkdə haqlı olmamışdır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixə cavabdehin 25,51 manat məbləğində faiz borcunun yarandığının göstərilməsi ilə bağlı olmuşdur. Belə olan halda, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 1,15 manat məbləğində faiz borcu ilə birlikdə cavabdehin ümumilikdə (25,51 + 1,15 = 26,66) 26,66 manat məbləğində faiz borcu yaranmış olur. Lakin nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən sonra həmin müqavilə üzrə aparılmış ödənişin (7,21 + 2,27 = 9,48) 9,48 manat hissəsi mövcud olan faiz borcunun silinməsinə yönəlmişdir. Maliyyə arayışında bu məbləğin nəzərə alındığı göstərilsə də, hazırda tələb edilən faiz borcu məbləğindən belə qənaətə gəlmək olur ki, hesablama düzgün aparılmamış, bu səbəbdən yenidən hesablanmalıdır. Bununla belə, məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən sonra faiz borcu qismində mədaxil edilmiş 9,48 manat məbləğində pul kredit müqaviləsi üzrə kredit müddətinin sonuna hesablanmış 25,51 manat məbləğində faiz və həmin tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış 1,15 manat məbləğində faiz borcunun cəmindən silinməli (26,66 – 9,48 = 17,18), qalan 17,18 manat məbləği cavabdehin xx.xx.2022-ci il tarixinə yaranmış faiz borcu qismində müəyyən edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh gecikməyə yol verdiyi halda cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 26,72 manat məbləğində cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə, cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 5 manat məbləğində müəyyən edilməli, məhz bu məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasəniddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 81,03 manat məbləğində əsas, 17,18 manat məbləğində faiz, 5 manat məbləğində cərimə, cəmi 103,21 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 81,03 (səksən bir manat, üç qəpik) manat məbləğində əsas, 17,18 (on yeddi manat, on səkkiz qəpik) manat məbləğində faiz, 5 (beş) manat məbləğində cərimə, cəmi 103,21 (bir yüz üç manat, iyirmi bir qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1795/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1795/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver