Məhkəmə qərarları › İş №2(001)-1796/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1796/2021

08.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1796/2021 08.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə) “ödənilməmiş əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi”tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Binəqədi rayon MKTB-nin 102 saylı Mənzil Kommunal istismar sahəsindən ödənilməmiş on beş gün üçün əmək haqının 245 manat, üçüncü ayla bağlı 75 manat, maddi ziyanın əvəzi olaraq 980 manat və mənəvi zərərə görə 500 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15.07.2019-cu il tarixdə Binəqədi MKTBnin 102 saylı MKİS-nə süpürgəçi kimi işə qəbul edilmişdir. Lakin əmək haqqı alarkən məlum olmuşdur ki, onun işə qəbul edilməsi barədə 01.08.2019-cu il tarixdə 49-K saylı əmr verilmiş və 15 gün gec sənədləşdirilmişdir. 15 gün üçün heç bir ödəniş edilməmişdir. O, həmin 15 gün ərzində ona verilən tapşırıqları yerinə yetirmişdir. Növbəti aylarda isə ona əmək haqqı 490 manat yazılmışdır. Halbuki onunla işləyən başqa işçilərə hər ay 550 manat əmək haqı verilmişdir. O, 13.03.2020-ci il tarixdən 15.03.2020-ci il tarixədək xəstə olduğu müddətdə evdə qalmışdır. Bu barədə iş yerinə məlumat vermişdir. Qeydiyyatda olduğu rayona karantin səbəbindən gedə bilmədiyi üçün arayış ala bilməmişdir. Burada isə həkimlər 4 gün üçün bülleten açmadılar. MKİS-dən arayış tələb etdilər ki, bülletenin açılması mümkün olsun. Lakin arayış verilmədi. Özünün xəstəliyi ilə bağlı əlində lazımı xəstəlik kağızları vardır. Buna görə onu məcbur etdilər ki, ərizə yazaraq işdən çıxsın. Ona ağ kağız imza etdirdilər. İşdən çıxarıldıqdan sonra belə haqq-hesabı düzgün hesablamadılar. 18 gün iş gününün olmasına baxmayaraq cəmi 6 gün üçün əmək haqqı hesabladılar. Bununla bağlı MKTB-nin rəhbərliyinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, bayram və istifahət günləri onlara əmək haqq hesablanmır. O, aprel ayında işsiz kimi qeydiyyata alınmaq və işsizlər üçün nəzərdə tutulan 190 manat sosial müavinəti almaq üçün müraciət etmişdir. Ona adının işçi kimi qeyd edildiyi bildirilərək sosial müavinət verilməsindən imtina edilmişdir. Respublika vətəndaşlarına 3 dəfə belə maddi yardım edilsə də, o həmin yardımdan kənarda qalmışdır. O, işlədiyi müddətdə ödənilməmiş məzuniyyətlər üzrə pul əvəzinin verilməsi, son haqq-hesabın düzgün hesablanmaması, 15.07.2019-cu il tarixən 01.08.2019-cu il tarixədək işlədiyi müddət üzrə əmək haqqının hesablanıb verilməsi və sərt karantin qaydalarının tətbiqi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş 3 ay üçün 190 manat məbləğin əvəzinin ona ödənilməsi barədə ərizə ilə X6 Xidmətinə müraciət etmişdir. Bununla bağlı onun kartına yalnız 121 manat ödəniş edilmişdir. Ona verilmiş son haqq-hesabın hesablanmasında və ödənilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Binəqədi MKTB-nin rəisi barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərra qəbul edilmişdir. 15 gün üçün ödənilməmiş 245 manat cavabadeh tərəfindən ona ödənilməlidir. Həmçinin işlədiyi müddət ərzində üçüncü ayın maaşı ona 75 manat az ödənilmişdir. Bu məbləğ də, cavabdehdən tutulmalıdır. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmişdir. Əsəb gərginliyinə məruz qalması səbəbindən ona mənəvi zərər dəymişdir. Qanunsuz olaraq təzyiq altında işdən azad edilməsi, əmək haqqında məhrum edilməsi və işsiz qalması onun şüuruna mənfi təsir etmişdir. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 500 manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, Karantin vaxtı ona maaş verilməmişdir. 15 gün işlədiyinə görə 245 manat ödənilməmiş əmək haqqını, 75 manat üçüncü ay maaşından kəsilən əmək haqqını qarşı tərəfdən ona ağ kağıza imza etdirmişlər. İmza etmədiyi təqdirdə onu 1 ili tamam olmamış işdən çıxaracaqlarını bildirmişlər. Ona həmin gün işdən getməli olması bildirilmişdir. O isə 15 gün üçün əmək haqqını tələb etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bilirmişdir ki, axırıncı ay ona 390 manat ödənilmişdir. Lakin həmin pul onun əmək fəaliyyətinin haqqı olmamışdır. Mart ayını 18-də yekun hesabat edilmişdir. əmək haqı 1 dəfə 490, gələn dəfə 560, sonuncu dəfə isə təxmini 600 manatdan çox olmuşdur. Yenə onun 75 manatını kəsmişlər. Karantin vaxtı hamının maaş kartına 190 manat muavinət ödənilmişdir. Ona isə deyilmişdir ki, maaşı yüksən olduğundan ona həmin 190 manat məbləğində sosial yardım üçün ödənilən haqq düşmür. Həmçinin bildirmişdir ki, ona işləyəndə pul verməmişlərdir. Onu o qədər işlətmişlər ki, dözə bilməmişdir. Onu karonavirus dövründən işdən azad etmişlər. Demişdilər ki, korona xəstəsisən diyənə işə gəlmə. Onu başqasının yerinə işlətsələr də, əmək haqqı verməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı 2019-cu ilin avqust ayının 1-də işə başlamışdır. Qeyri-iş günlərində işə çıxmaları üçün saata görə əlavə haqq hesablanır. İddiaçı idarəyə gələrək 15 gün müddətində işlədiyini və ona əlavə əmək haqqı verilməməi barədə məlumat vermişdir. Onun məcburi qaydada işdən azad edilməsi ilə bağlı hər hansı dəlil yoxdur. Özünün isə bu barəəd yazılı şikayəti belə mövcud deyildir. Özü idarəyə ərizə təqdim edərək, işdən azad edilməsini xahiş etmişdir. Onu özü idarəyə dvət edərək, Namiq müəllimlə danışması və işə bərpa edilməsi üçün şərait yaratmışdır. Namiq müəllim 102 saylı MKTB-nin rəisidir. İddiaçı idarəyə gəlmişdir. Rəhbərliklə danışanda bildirmişdir ki, onu 15 gün işlətmişlər Avqust ayının 1-dən isə əmrini vermişlər Rəhbərlikdən isə məlumat verilmişdir ki, hazırki iddiaçı ümumiyyətlə 15 gün işləməmişdir. 15 gün harada, necə artıq işləməsi məlum deyildir. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X8 izahatında bildirdi ki, vətəndaş tərəfindən müfəttişliyə əmək hüquqlarının pozulması ilə bağlı şikayət edilmişdir. Mübahisəni araşdıran müfəttiş hal-hazırda idarədə işləmir. 19 iyun 2020-ci il tarixində xanım tərəfindən şikayət edilmişdir. Sentyabr ayında isə MKTB tərəfindən sənədlər təqdim edilmişdir. Şikayət əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 114.1.1-ci maddəsi rəhbər tutularaq X5 barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh növünü tətbiq edilməsi qərara alınmışdır. Əmək haqlarının hesablanması ilə bağlı onlara məktub göndərilmişdir. Müqavilədə 378 manat ödəniş olunmalıdır. Hesablama düzgün olmamışdır. Bülletendə olduqları günü iş günü hesablayıblar. Son haqq-hesabı düzgün hesablamamışdırlar. Müfəttişliyin əlavəsindən sonra məktubdan sonra əlavə 121 manat ödənilib. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İddiaçı ünvanlanan məktubdan görünür ki, onun “Bakı şəhər Mənzil Kommunal Təsərrüfattı Departamentinin Binəqədi Rayon MKTB”-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında X6 Xidmətinə ünvanladıqları müraciətə Bakı şəhər idarəsində baxılmışdır. Bununla əlaqədar Bakı şəhər Mənzil Kommunal Təsərrüfattı Departamentinin Binəqədi Rayon MKTB-nin rəhbərliyi tərəfindən təqdim edilmiş məkuba və sənədlərə baxılmış və son haqq-hesabının hesablanmasında və ödənilməsində əmək qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən “Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon MKTB-nin rəisi X5 barəsində AR İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçı əmək kitabçasının surətindən görünür ki, N.Ə.Cəfərov tərəfindən İddiaçı 01.08.2019-cu il tarixli əmrlə Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 102 saylı MKİS-ə süpürgəçi işinə qəbul edilməsi barədə 49 K saylı əmr verilmişdir. İddiaçı əmək kitabçasının surətindən görünür ki, N.Ə.Cəfərov tərəfindən İddiaçı 18.03.2020-ci il tarixli əmrlə Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 102 saylı MKİS-ə süpürgəçi işindən öz ərizəsinə əsasən azad edilməsi barədə 11-K saylı əmr verilmişdir. DƏMX-nın BŞİ-nin rəis müavini X3 tərəfindən tərtib edilən 09 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* saylı qərardan görünür ki, 29 sentyabr 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən vətəndaş İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyinə görə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 114.1.1-ci maddəsi rəhbər tutularaq onun barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh növünü tətbiq edilməsi qərara alınmışdır. Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 102 saylı MKİS rəisi N.Ə.Cəfərov tərəfindən verilən 18 mart 2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı 102 saylı MKİS-nin süpürgəçi 18.03.2020-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68.2ci maddəsinin a bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, işlədiyi müddət ərzində etmədiyi məzuniyyət günlərinin sayı 14 gündür. Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 102 saylı MKİS rəisi E.A.Nəsirov tərəfindən verilən 01.08.2019-cu il tarixli 49-K saylı əmrdən görünür ki, Səmədova X2 rayon MKTB-nin 102 saylı MKİS-nə 01.08.2019-cu il tarixdən, əmək müqaviləsi bağlamaq şərtilə yol süpürgəçi işinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinə 18.03.2020-ci il tarixində xitam verilmişdir. Bildiriş sistemdən 17.08.2020-ci il tarixdə çap edilmiş, çap edildiyi tarixdə qüvvədə olmuşdur. Baş mühasib Z.Qasımov tərəfindən verilən arayışdan görünür ki, İddiaçı 2019-cu ilin Vİİİ-Xİİ ayları və 2020-ci ilin İ-İİİ ayları üzrə əmək haqqı cədvəlinə əsasən İddiaçı 2020-ci ilin mart ayında 258,60 mnat əmək haqqı, son haqq-hesab 174 manat olmaqla, ümumilikdə 432,60 manat əmək haqqı almışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 01.08.2019-cu il tarixli əmrlə Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 102 saylı MKİS-ə süpürgəçi işinə qəbul edilmişdir. İşəgötürənin adı Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB olmuşdur Daha sonra 18.03.2020-ci il tarixli əmrlə Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin 102 saylı MKİS-ə süpürgəçi işindən öz ərizəsinə əsasən azad edilməsi barədə 11-K saylı əmr verilmişdir. İddiaçı iddia edir ki, 15.07.2019-cu il tarixdən 01.08.2019-cu il tarixədək müqavilədən kənar işlədilmişdir-buna görə 245 manat tələb edir, bundan başqa axırıncı əmək haqqından 75 manat ödənilməmişdir- həmin pulu tələb edir, eyni zamanda işdən çıxarıldıqdan sonra 2 ay işsiz qalmış və ona zərər dəymişdir-buna görə 2 aylıq əmək haqqı, yəni 980(490+490) manat məbləğində zərər tələb edir, o cümlədən 500 manat mənəvi zərər tələb edir. Mülki iş materiallarını nəzərdən keçirib məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ilə əmək münasibətlərinə işçinin təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı bunun əksini, yəni ərizə yazmağa məcbur edildiyini bildirsə də, istinad etdiyi hallara dair sübut təqdim edə bilməmişdir. Bu baxımdan iddiaçının könüllü olaraq işdən azad edildiyi müddətdən sonra həm maddi, həm mənəvi zərərlə bağlı tələb irəli sürməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarina əsasən mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqazidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqazidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Göründüyü kimi əvvəla zərərin mövcudluğu ilə bağlı sübut təqdim edilməmişdir, hər bir halda zərərin mövcudluğu təsdiq olunsa belə, həmin halın cavabdehin təqsirli hərəkətləri(hərəkətsizliyi) ilə bağlı yarandığı müəyyən edilmir. Bundan başqa iddiaçı işə götürmə barədə əmr qəbul edilənə kimi 15 gün işlədiyini və buna görə əmək haqqı ödənilmədiyini bildirsə də, həmin halla da bağlı hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı sonuncu ayın əmək haqqından, yəni son haqq hesabından 75 manat əksik ödənilməsini bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 tərəfindən göstərilən son haqq hesabın hesablanmasında və ödənilməsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmiş və bununla bağlı İnzibati qaydada protokol tərtib edilmiş və vəzifəli şəxsin barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçıya 121 manat pul ödənilmişdir. Yəni iddiaçının iddia ərizəsində göstərdiyi hal aradan qalxmışdır. İddiaçının özü də iddia ərizəsində bu faktı etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərüfatı Birliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə) “ödənilməmiş əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə) “ödənilməmiş əmək haqqının, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar