Məhkəmə qərarları › İş №2(001)-18/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-18/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-18/2020 20.02.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddia ərizəsi üzrə İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kart müqaviləsi üzrə vəsaitin hesabdan çıxarıldığı tarixdən ilk 30 gün ərzində faiz hesablanmayaraq, 31-ci gündən başlayaraq borcalan kart hesabından çıxarılmış pul vəsaitinə görə illik 20%, 121-ci gündən başlayaraq illik 26% olmaqla 24 ay müddətinə xx.xx.2017-ci il tarixinədək qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit kartı müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospektində xüsusi mülkiyyətində olan 21a nömrəli evin 4-cü mərtəbəsində yerləşən 4 otaqlı 10 nömrəli mənzil sonrakı ipoteka ilə yüklü edilmişdir. Sonrakı ipoteka müqaviləsi xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kart müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə əsas borca görə 2918,57 ABŞ dolları, cərimə faizinə görə 4052,93 ABŞ dolları borcu vardır. Bununla əlaqədar cavabdehə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Ona görə də, Cavabdeh1 İddiaçıASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kart müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2918,57 ABŞ dolları, cərimə faizinə görə 4052,93 ABŞ dolları olmaqla cəmi 6971,50 ABŞ dolları borcun, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 31 manatın tutulmasına, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospektində xüsusi mülkiyyətində olan 21a nömrəli evin 10 nömrəli mənzilinə yönəldilməsinə, bu əmlakın ilkin satış qiyməti 245000 manat olmaqla açıq hərracda satılmasına və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kart müqaviləsi üzrə 6971,50 ABŞ dolları borcunun və iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilən 61 manatın tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit kart müqaviləsinə əsasən bank ona 24 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək qaytarmaq və illik 17% ödəmək şərti ilə 10000 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsidən irəli gələn öhdəliyinin icrasının təmini üsulu kimi İddiaçı ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı sonrakı ipoteka müqaviləsinə əsasən oğlu Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin 10 saylı mənzili İddiaçı ASC-yə ipotekaya qoyulmuşdur. O, bankdan borcu ABŞ dolları ilə alsa da, manatla qaytarmış və apardığı hesablamalara əsasən onun banka borcu yoxdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kartı müqaviləsindən müəyyən olunur ki, bank şəxsi istehlak məqsədilə 24 ay müddətinə xx.xx.2017-ci il tarixinədək qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit kartı verməyi borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada, müqavilənin şərtləri əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin 10 saylı mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1510 saylı reyestr kitabının 137924 saylı vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan borcalanın xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kartı müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin 10 saylı mənzilini ipoteka saxlayan qarşısında yenidən ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndindən müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 202000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin 10 saylı mənzilinin xx.xx.2014-cü il tarixli 408-SF/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 42 ay müddətinə İddiaçı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin 10 saylı mənzilinə dair tutmanın yönəldilməsinə dair İddiaçı ASC-nin bildirişi qeydə alınmışdır. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli 106 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kartı müqaviləsi üzrə xx.xx.2019-ci il tarixə əsas borca görə 2856,94 ABŞ dolları, cərimə faizinə görə 4052,93 ABŞ dolları borcu vardır. Müqavilə üzrə faiz hesablanması xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2016-cı il tarixli 669 saylı pretenziyadan müəyyən olunur ki, bank borcalana kredit kartı müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə kreditin girov qoyulan əmlakın satılması hesabına ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin 10 saylı mənzilinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 305000 manat müəyyən edilir. Legal Prime MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli LP- 104/19 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin 10 saylı mənzilinin ilkin satış qiyməti 245000 manat müəyyən edilir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 23522 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış sənədləri, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış 985-SF/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixinə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan cəmi borcu 13970 ABŞ dolları məbləğində, xx.xx.2019-cu il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) olan cəmi borcu isə 2918,57 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 9999,00 ABŞ dolları, faiz borcu üzrə 3970,00 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 2918,57 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdən sonra xx.xx.2019-cu il tarixli Fərmana əsasən Cavabdeh1 61,63 ABŞ dolları məbləğində kompensasiya ödənişinin əsas borca yönəldilməsi ilə bağlı hesabdan çıxarış sənədində xx.xx.2019-cu il tarixdə silinməsi mövcüddur. Aparılan ekspertiza tədqiqatı zamanı borcun xx.xx.2019-cu il tarixə hesablanılması soruşulduğundan, xx.xx.2019-cu il tarixdə Fərmanla bağlı aparılmış silinmə hazırki hesablama zamanı nəzərə alınmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kart müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə (2918,57- 61,63=2856,74) 2856,74 ABŞ dolları borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, məhkəmə iddiaçının əsas borca görə 2856,74 ABŞ dolları tələbini, tutmanın ipoteka predmetinə yönəldilməklə ipoteka predmetinin açıq hərracdan satılmasına dair tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin borcalanın borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2016-cı il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cərimə faizinə görə borcalandan 50 ABŞ dolları tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən qiymətləndirmə nəticəsində ipoteka predmetinin 2018-ci il üçün bazar dəyərinin 245000 manat olamsı müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti 245000 manat olmaqla hərraca çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli № 985-SF/15K saylı kredit kart müqaviləsi üzrə əsas borca görə 2856,74 ABŞ dolları, cəriməyə görə 50 ABŞ dolları olmaqla cəmi 2906,74 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 61 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manat dövlət nəfinə tutulsun. Cavabdeh1 ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 300 manat Legal Prime MMC-nin xeyrinə tutulsun. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti 21a saylı evin 10 saylı mənzili ilkin satış qiyməti 245000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən 2906,74 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və məhkəmə xərclərinə görə 61 manat İddiaçı ASC-nin hesabına, 300 manat Legal Prime MMC-nin hesabına, 145 manat dövlət nəfinə keçirilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar