Məhkəmə qərarları › İş №2(001)-18/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-18/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-18/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh «xxxx» MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(001)- 3721/2018 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 12600 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” MTK-dan tutularaq İddiaçı xeyrilə verilməsi qət edilmişdir. 24.09.2020-ci il tarixdə cavabdeh «xxxx» MTK-nın nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(001)-3721/2018 saylı qiyabi qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(001)-3721/2018 saylı qiyabi qətnaməsi qəbul edilərkən cavabdeh «xxxx» MTK məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli, 2(001)-3721/2018 saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.12.2020-ci il tarixli, 2(001)- 6110/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında “Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 143a saylı evin, 158 saylı mənzilinin arakəsmə divarlar da nəzərə alınmaqla ümumi sahəsi neçə kvadrat metr təşkil edir” sualı qoyulmuşdur. İş materiallarında olan 16.04.2021-ci il tarixli, 10/3961 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 143a saylı evin 158 saylı mənzilinin arakəsmə divarları da nəzərə alınmaqla ümumi sahəsinin 80,6 kv.m. olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, onunla cavabdeh arasındakı müqavilə 2013-cü ildə bağlanmış və müqavilə bağlanarkən o, ümumi sahəsi 80,63 kv.m. olan mənzil üçün cəmi 66922 manat pul ödəmişdir. Həmin mənzilə dair ona çıxarış verilərkən isə məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 64,65 kv.m.-dir. Belə olan halda onun hüquqlarının kobud şəkildə pozulması və cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi aşkardır. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» MTK-nın nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirdi ki, iddia tələbinin heç bir qanuni əsası yoxdur. Belə ki, iddiaçıya mənzil təsdiq olunmuş layihə üzrə ayrılmış və mənzilin sahəsində bu qədər ciddi uyğunsuzluğun olması mümkün deyil. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam həcmdə icra edilmiş və müqavilədə nəzərdə tutulmuş mənzil iddiaçıya təhvil verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh «xxxx» MTK arasında “binada mənzil tikintisi haqqında müqavilə” 25.11.2013-cü il tarixdə bağlanmış və müqavilənin şərtlərinə görə «xxxx» MTK ünvan 1 ünvanında tərəfindən tikilmiş binanda 1 otaqlı, 80,63 kv.m. sahəsi olan 158 nömrəli mənzili payçı İddiaçı verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin 66922 manat dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüş və 25.11.2013-cü il tarixli maliyyə arayışına əsasən mənzilin tam pay dəyəri payçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 143a, mənzil 158 11.01.2018-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir və mənzilin ümumi sahəsi 64,65 kv.m.-dir. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 143a saylı evin 158-ci mənzilin texniki pasportundan görünür ki, mənzil 1 otaqlıdır, ümumi sahəsi 64,65 kv.m., yaşayış sahəsi 23,72 kv.m.-dir. Eyni zamanda texniki pasportda qeyd olunur ki, dəhliz – 18,96 kv.m., hamam 4 kv.m., yaşayış otağı 23,72 kv.m., mətbəx 16,27 kv.m., balkon isə 1,7 kv.m.-dir. İş materiallarında olan 16.04.2021-ci il tarixli, 10/3961 saylı ekspert rəyindən isə göründüyü kimi, tədqiqat nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 143a saylı evin, 158 saylı mənzilinin arakəsmə divarları da nəzərə alınmaqla ümumi sahəsi 80,6 kv.m-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə iş materiallarında olan və mötəbərliyi mübahisələndirilməyən 16.04.2021ci il tarixli, 10/3961 saylı ekspert rəyini əsas götürərək hesab edir ki, iş materiallarında olan sənədlərlə iddianın əsaslı olması sübut olunmur və ona görə də, iddia tələbi rədd edilməlidir. Lakin bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış müqaviləyə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ekspert rəyinə əsasən 80,6 kv.m. olduğu halda, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində həmin mənzilin sahəsinin hansı əsaslarla 64,65 kv.m. qeyd edilməsi iş materiallarından aydın deyil və nəticə etibarilə qeyd olunan ziddiyyətlər vətəndaşın qeyrimüəyyən vəziyyətdə, maddi və mənəvi itkilərlə qarşı-qarşıya qalmasına gətirib çıxarır, bu isə yolverilməzdir. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar