Məhkəmə qərarları › İş №2(001)-1800/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1800/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1800/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə İddiaçı “xxxx”ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Atababayev Abdulsalam Atababa oğlunun vərəsələri X1 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə 1.167,20 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, mərhum Atababayev Abdulsalam Atababa oğlunun arvadıdır. Əri xəstə olduğundan xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcunu “xxxx” ASC-yə lazımi qaydada ödəyə bilməmiş, bu səbəbdən onun iddiaçıya borcu yaranmışdır. Atababayev Abdulsalam Atababa oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Ondan miras qalmış əmlakı o və oğlu Cavabdeh2 qəbul etmiş və bu barədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Sonradan onun razılığı ilə miras qalmış avtomobil oğlunun mülkiyyətinə keçmişdir. Mərhum ərindən qalmış borcun ondan tutulmasına etiraz etmir. Lakin hazırda dərzi olaraq fəaliyyət göstərir və gəlirləri aşağı səviyyədədir. Bu səbəbdən iddia üzrə tələb edilən məbləği hər ay hissə-hissə ödəyə bilər. Göstərilənlərin nəzərə alınmasını və iddia üzrə tələb edilən əsas borc məbləğinin ondan aylar üzrə hissəhissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxx”ASC ilə Atababayev Abdulsalam Atababa oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Atababayev Abdulsalam Atababa oğluna 30 ay müddətinə illik 29% dərəcəsi ilə faiz ödəmək şərti ilə 1.480 manat məbləğində kredit verilmişdir. Atababayev Abdulsalam Atababa oğlu kredit müqaviləsi ilə müəyyən edilmiş məbləği qəbul etmiş və kredit müqaviləsində göstərilmiş müddətdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faiz məbləğini və gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Atababayev Abdulsalam Atababa oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 26 saylı notariat kontorunun məlumatına əsasən ondan miraz qalmış əmlak arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 tərəfindən qəbul edilmiş və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Atababayev Abdulsalam Atababa oğlundan miras qalmış “Tofaş şahin” minik markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda onun oğlu Cavabdeh2 mülkiyyətindədir. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilərək, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Atababayev Abdulsalam Atababa oğlunun borcunun yarandığı bildirilmiş və borcun 7 gün ərzində ödənilməsi onlardan tələb edilmiş, əks halda yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə Atababayev Abdulsalam Atababa oğlunun vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldrımış və qeyd edilən müqavilə üzrə 1.167,20 manat məbləğində əsas borcun qaldığını iddia edərək, həmin məbləğin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin bu cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh1 iddianı qismən qəbul edir və yaranmış əsas borc məbləğini aylar üzrə hissə-hissə ödəmək imkanına malik olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, Atababayev Abdulsalam Atababa oğlu xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, bununla da həmin müqavilənin tələblərini pozmuşdur. Onun ölümündən sonra ondan miras qalmış əmlakdan hazırda cavabdeh qismində müəyən edilmiş arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 bərabər hissələrdə pay ayrılmışdır. Bu səbəbdən Atababayev Abdulsalam Atababa oğlunun vərəsələri Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Atababayev Abdulsalam Atababa oğlunun “xxxx” ASC-yə yaranmış borcunu ondan miras qalmış əmlakdan əldə etdiyi paya mütənasib surətdə borclu kimi tam ödəməyə borcludurlar. Belə ki, cavabdehlər mirası (əmlakı) qəbul etmiş vərəsələr kimi onun əmlak hüquqlarını əldə etmişlər və eyni zamanda, onun vəzifələrinin icraçısına çevrilmişdilər. Bu baxımdan da cavabdehlər hazırda onun kreditoru qismində çıxış edən “xxxx” ASC-nin mənafelərini (yaranmış borcun ödənilməsini) təmin etməlidilər. Məhkəmə cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun məbləğlərini nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir, 1.167,20 manat məbləğində əsas borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb iddiaçı tərəfindən tələb edilən bütün borc məbləğinin cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, Atababayev Abdulsalam Atababa oğlunun həmin kredit müqaviləsi üzrə “xxxx” ASC-yə yaranmış borcuna görə cavabdehlərin məsuliyyətinin həddi yalnız mirasın həcmi araşdırıldıqdan sonra miras aktivinə mütənasib surətdə müəyyən edilməlidir. Bu baxımdan məhkəmə nəzərə alır ki, Atababayev Abdulsalam Atababa oğlunun iki vərəsəsi var və miras qalmış əmlak dəyər baxımından borc məbləğinin cavabdeh qismində çıxış edən vərəsələrdən tutulmasını mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Atababayev Abdulsalam Atababa oğlunun vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1.167,20 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Atababayev Abdulsalam Atababa oğlunun vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1.167,20 (bir min bir yüz altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar