Məhkəmə qərarları › İş №2(001)-1811/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1811/2020

03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1811/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “xxxxxxxxxx” MMC-nin (KATV1) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin, göstərilmiş xidmətə görə ödənilmiş pulun və dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” MMC (K@TV1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 21,30 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün ödənilmiş 150 manat pulun, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 191,70 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxxxxxxxx” MMC (K@TV1) iddia ərizəsini onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının "Televiziya və radio yayımı haqqında" Qanununa uyğun olaraq, xx xxxxxx 2005-ci il tarixdə və xx xxxxxx 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə “xxxxxxxxxx” MMC kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “xxxxxxxx” hüquq firması ilə xx xxx 2008-ci il, xx xxxx 2011-ci il, xx xxxxx 2014-cü il, xx xxxx 2015-ci il və xx xxxxxx 2018ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. AR DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 1 saylı MKİS arayışına əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2008-ci il tarixdə həmin ünvanda yaşayan Cavabdeh ilə İddiaçı MMC arasında “K@TV1” xidmətlərinin göstərilməsinə dair bağlanmış müqaviləyə əsasən həmin ünvan “K@TV1” Kabel televiziyasının şəbəkəsinə qoşulmuş və abonent son ödəməsini xx.xx.2010-cu il tarixində edərək, xx.xx.2010-cu il tarixdə 25,20 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2011-ci il tarixdə “xxxxxxxx” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Bu barədə 0800 C saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0800 C saylı akt tərtib edilənədək, həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2010-cu il tarixdə baxış keçirilmişdir. Yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx xxxxxx 2015-ci il tarixədək 9 manat və xx xxxxxxxx 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmiş, yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2010cu il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tərtib olunduğu xx.xx.2011-ci il tarixə qədər olan müddət 71 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə cavabdehin iddiaçıya müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurduğu zərər 21 manat 30 qəpik təşkil edir. İddiaçı MMC ilə “xxxxxxxx” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün nümayəndəyə 150 manat pul ödəyir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxx” MMC-nin (KATV1) nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC xx.xx.2005-ci il tarixdə 0105-P142-43560 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət qeydiyyatına alınmışdır və onun məqsədlərinə digər fəaliyyət növlərinin həyata keçirilməsi ilə yanaşı kabel televiziyasının təşkili və istismara verilməsi də daxildir. Azərbaycan Respublikası Milli Teleradio Şurası tərəfindən İddiaçı MMC-yə (K@TV1) teleradio yayımı üçün lisenziya verilmişdir. ünvan 1 saylı mənzilinin sahibi Cavabdeh ilə “xxxxxxxxxx” MMC (K@TV1) arasında bağlanmış müqaviləyə əsasən bu ünvan KATV 1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. Həmin mənzil üzrə xx.xx.2010-cu il tarixində son ödəmə edilmiş və xx.xx.2010-cu il tarixdə 25,20 manat məbləğində borcla abonent şəbəkədən ayrılmışdır. Bundan sonra həmin mənzil üzrə rəsmi müraciət edilmədən və hər hansı hüquqi əsas olmadan, müqavilədən kənar qaydada kabel şəbəkəsindən istifadə edilməyə başlanmış, yəni mənzil qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuşdur. Bu mənzil üzrə qanunsuz qoşulması halları iddiaçının və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə xx.xx.2011-ci il tarixdə keçirilmiş baxış zamanı aşkar edilmiş və həmin tarixdə bu barədə müvafiq akt tərtib edilmişdir. Sonuncu dəfə həmin binaya xx.xx.2010-cu il tarixdə baxış keçirilmişdir. İddiaçı binaya sonuncu baxış, yəni xx.xx.2010-cu il tarixini qanunsuz qoşulmanın əvvəli, aktın tərtib edildiyi, yəni xx.xx.2011-ci il tarixini isə qanunsuz qoşulmanın son tarixi kimi qəbul edir və nəticədə cavabdehin 71 gün ərzində kabel şəbəkəsindən qanunsuz olaraq istifadə etdiyini iddia edir və həmin vaxt İddiaçı MMC-nin KATV1 kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün 1 aylıq abunə haqqının 9 manat (1 gün - 0,30 qəpik) olmasını bildirərək, ümumilikdə (71*0,30=21,30) 21,30 manat məbləğində pulun vurulmuş zərərin əvəzi qismində həmin mənzilin mülkiyyətçisi olan Cavabdeh tələb edir. İddiaçı ona göstərilən xidmətə görə “xxxxxxxx” MMC-yə 150 manat məbləğində pul vəsaiti və məhkəmədə hazırki iddianın qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödəmişdir, həmin məbləğlərin də cavabdehdən tutulmasını tələb edir. “Telekommunikasiya haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər; 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC (K@TV1) ilə Cavabdeh Feyruz qızı arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh Feyruz qızına məxsus olan mənzil K@TV 1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və ona bu istiqamətdə xidmət göstərilmişdir. Lakin sonradan cavabdeh müqavilə üzərinə götürdüyü öhdəliklərin icrasından imtina etmiş və hər ay ödəməli olduğu 9 manat abunə haqqını xx.xx.2010-cu il tarixdən sonra ödəməmişdir. Bununla da tərəflər arasında bağlanmış müqavilə hüquqi nəticə etibarı ilə ləğv edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh sonradan hər hansı əsas olmadan, o cümlədən yeni müqavilə bağlamadan və ödəniş etmədən yenidən həmin kabel şəbəkəsinə qoşulmuş və bu hal iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə aşkar edilmişdir. Bununla belə, cavabdeh hüquqi nəticə etibarı ilə hər hansı hüquqi əsas olmadan, o cümlədən ödəniş etmədən iddiaçının göstərdiyi xidmətlərdən istifadə etmiş və nəticədə iddiaçının hər ay əldə edə biləcək 9 manat abunə haqqından onu məhrum etmişdir. Bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan cavabdehin hesabına hər ay abunə haqqı məbləğində əsassız varlanması kimi qiymətləndirilməlidir. Lakin nəzərə alınmalıdır ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bununla belə, iddiaçı cavabdehə qarşı xx.xx.2013-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, hazırki iddia ilə yalnız xx.xx.2020-ci il tarixdə (9 ildən sonra) iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsi iddia müddəti deyil, kəsici müddətdir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Bununla belə, məhkəmə hesab edir ki, mülki qanunvericiliklə müəyyən edilmiş 2 illik müddət ərzində iddiaçı tərəfindən cavabdehə qarşı tələb irəli sürülmədiyindən cavabdehin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və bu səbəbdən iddia tələbi “zərərin əvəzinin tutulması” hissəsində rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia üzrə “vurulmuş zərərin əvəzinin tutulması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “göstərilmiş xidmətə görə ödənilmiş pulun və dövlət rüsumunun əvəzinin tutulması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “vurulmuş zərərin əvəzinin tutulması” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “göstərilmiş xidmətə görə ödənilmiş pulun və dövlət rüsumunun əvəzinin tutulması” hissəsində də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin, göstərilmiş xidmətə görə ödənilmiş pulun və dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi rədd edilməldir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş zərərin, göstərilmiş xidmətə görə ödənilmiş pulun və dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar