Məhkəmə qərarları › İş №2(001)-1813/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1813/2021

14.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1813/2021 14.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin, ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, ümumiyyətlə ərizə “iddia ərizəsi” formasında tərtib edilməmişdir. Belə ki, ərizədə cavabdeh kimi cəlb edilən şəxsi və onun poçt ünvanını, iddia tələbinin konkret olaraq nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir; -149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; -152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd edilən prosessual qanunvericiliyin normalardan da aydın olur ki, iddiaçı tərəfindən hər bir cavabdehə qarşı yönəldilmiş tələb və tələbin əsaslandığı hallar konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin hər bir cavabdehə qarşı yönəlmiş tələbin və tələbin əsaslandığı halların iddia ərizəsində dəqiq göstərilməli olması onu nəzərdə tutur ki, hər bir cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu qanunda göstərilmiş formulələrin adlarına görə deyil, onların əsaslandığı hallara görə özü üçün müəyyən etməlidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələblərini və tələblərini əsaslandırdıqları halları konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən iddia ərizəsində ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddiaçı Bahəddin qızı qanunun bu tələbinə də riayət etməmiş, iddia ərizəsində ərizəyə əlavə edilmiş sənədlərin siyahısını göstərməmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar