Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1818/2021 04.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Süleyman oğlu, Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Süleyman oğlu, Cavabdeh3 və Cavabdeh4 oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.08.2014-cü il tarixli 05L000005708 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.12.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması əsasmda 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 23.03.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 323.99 manat ödəmiş, onun 4676.01 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.11.2020-ci il tarixə 228 gün üçün hesablanmış faiz borcu 722.46 manat təşkil edir. 06.11.2020-ci il tarixə 228 gün üçün hesablanmış cərimə 1039.11 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh2 Süleyman oğlu, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən xahiş etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13.08.2014-cü il tarixli 05L000005708 saylı kredit xətti müqaviləsinin və 20.12.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 Süleyman oğlundan, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 4676.01 manat məbləğində kredit borcu, 722.46 manat məbləğində faiz borcu və 1039.11 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6437,58 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 13.08.2014-cü il tarixli Kredit xətti müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən, bank tərəfindən kredit alana 30000 ABŞ dolları məbləğində 120 ay müddətinə kredit xətti açılmışdır. İş materiallarında olan 13.08.2014-cü il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 005R********** nömrəli Kredit Razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən Bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13.08.2014-cü il tarixli (zamin Cavabdeh4), 26.09.2017-ci il tarixli (zamin Cavabdeh3), 16.11.2018-ci il tarixli (zamin Cavabdeh2 Süleyman oğlu) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr İddiaçı QSC ilə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Süleyman oğlu arasında 13.08.2014-cü il tarixli, Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışlar. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 06.11.2020-ci il tarixə Banka olan əsas məbləğ üzrə borcu 4676,01 manat, faiz üzrə borcu 722,46 manat, cərimə borcu 1039,11 manat olmaqla, cəmi borcu 6437,58 manat təşkil edir. İş materiallarında olan 04.11.2020-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər mövcud olan borc və borc ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş atılacaq addımlar barədə məlumatlandırılmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin 1039,11 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə əsas borcu cavabdehlərdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 7,53 manat cərimə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Süleyman oğlu, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 4676,01 manat əsas borc, 722,46 manat faiz borcu və 7,53 manat cərimə borcu olmaqla, cəmi 5406 manat borc tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 83,98% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 25,19 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 Süleyman oğlu, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Süleyman oğlu, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 4676,01 manat əsas borc, 722,46 manat faiz borcu və 7,53 manat cərimə borcu olmaqla, cəmi 5406 (beş min dörd yüz altı) manat borc və ödənilmiş dövlət rüsumunun 25,19 (iyirmi beş manat on doqquz qəpik hissəsi) tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlər rüsumunun 4,81 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1818/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1818/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver