Məhkəmə qərarları › İş №2(001)-1822/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1822/2021

13.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1822/2021 13.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “ödənilməmiş pul və ona hesablanmış dəbbə pulunun geri qaytarılması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300 manat əsas borc və hesablanmış dəbbə pulunun bir qismi olan 80 manat, ümumilikdə 380 manat məbləğində borcun, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilən 20 manat dövlət rüsumunun tutulub kreditor İddiaçı MMC-yə ödənilməsini xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin məcəllənin 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Bundan başqa Mülki-Prosessual Məcəllənin 284-4-cü maddəsində kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtinanın əsasları göstərilmişdir. Lakin həmin əsaslarda, o cümlədən sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin geri-qaytarılması nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, nə qədər ki icraatın bu növü ümumi qaydada məhkəməyə verilməlidir, bu səbəbdən iddia ərizəsinin geri-qaytarılması əsasları da analoji olaraq bu icraat çərçivəsində tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qoşma kimi qeyd etdiyi sənədlər sırasında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi qeyd etsə də, həmin sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Bununla bağlı məhkəmənin dəftərxanasının işçiləri tərəfindən müvafiq AKT tərtib edilmişdir. Beləliklə hesab edirəm ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “ödənilməmiş pul və ona hesablanmış dəbbə pulunun geri qaytarılması”tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar