Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1823/2023 06.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə Cavabdeh iştirakı ilə "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 noyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 452nkFİL8/15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 24 faizlə 12800 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən həmin müqavilə üzrə 5811,12 ABŞ dolları faiz borcunun, eləcə də, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 118,79 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 27 yanvar 2023-cü il tarixə 0 ABŞ dolları əsas, 5811,12 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə, 0 ABŞ dolları komisyon haqqı olmaqla, cəmi 5811,12 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə icraatı zamanı izahatlar: İştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiklərini bildirərək, izahatında göstərmişdir ki, cavabdehlə iddiaçı arasında kredit müqaviləsi illik 24 faizlə bağlansa da, sonradan saziş bağlanan zaman borc 17 faizlə hesablanmışdır. Borcun mövcudluğu isə ekspert rəyi ilə də sübut olunur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, 2008-ci ildən gözdən əlildir. Onun əvvəllər də "xxxx" KB ASC-yə kredit borcları olmuş, heç vaxt problem olmamışdır. 2015-ci ildə o, uşaqlarına ev tikmək istəmiş, əvvəlki krediti üzrə qalıq 200 manat borcunu ödəmiş, 3000 manat kredit götürmək istəmişdir. Bu zaman bank tərəfindən ona 10000 manat kredit təklif edilmişdir. O, razılaşmış, krediti almışdır. İlk ödəniş cədvəli ona Azərbaycan manatı valyutasında təqdim edilmiş, sonradan bankın əməkdaşı ona zəng vuraraq, səhvə yol verildiyini bildirmiş, yeni cədvəl təqdim etmişdir. İlk əvvəl hər ay 291 manat ödəniş etmiş, sonradan bank tərəfindən ondan əlavə 81 manat da ödəməli olduğu bildirilmiş, o da razılaşmışdır. Lakin onun xəbəri olmadan kredit müqaviləsi ABŞ dolları ilə bağlanmışdır. Halbuki, bank tərəfindən ona kredit manatla verilmişdir. Daha sonra onu yenidən banka dəvət edib, yeni qrafik açılmasını təklif etmişlər. O, Maliyyə Palatasına müraciət edərək, dollar kreditinin restrukturizasiya edilməsini xahiş etmiş, ona banka yaxınlaşmalı olduğu bildirilmişdir. Lakin, bank tərəfindən ona bu barədə heç bir köməklik göstərilməmişdir. Bundan sonra bankla aralarında saziş bağlanmış, illik 1 faizlə ödənişlər etmiş, ödəmələr yekunlaşdıqdan sonra o, bankın müştəri xidmətləri ilə əlaqə saxlayıb borcunu soruşduqda, cəmi 45 ABŞ dolları borcu qaldığı bildirilmişdir. O, həmin ödənişi də etmiş, banka yaxınlaşmış, bu zaman onun əlavə olaraq 105 ABŞ dolları ödəməli olduğu bildirilmiş, o, həmin ödənişi də etmişdir. Lakin əsassız olaraq bank bu iddia ilə məhkəməyə müraciət etmişdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Tədqiq edilən sübutlar: - İddiaçı ilə cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 452nkFİL8/15 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 24 faizlə 12800 ABŞ dolları məbləğində kredit verilmişdir. - 03 mart 2015-ci il tarixdə cavabdeh iddiaçıya ərizə ilə müraciət edərək, kredit müqaviləsi üzrə faizlərə endirim edib, kredit müddətini cədvəldə qeyd edilə müddətə (xx.xx.2022-ci il tarixədək) uzadılmasını xahiş etmiş, müqavilə üzrə öhdəliyini 3 gün gecikdirsə, ona olunmuş faiz güzəştinin ləğv olunmasına etiraz etmədiyini göstərmişdir. - Tərəflər arasında bağlanmış 15 avqust 2016-cı il tarixli sazişdən görünür ki, 27 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə aylıq ödənişlərin əsas borcun ödənilməsinə yönəldilməsi, faizlərin isə müddətin qurtardığı vaxt nəzərə alınması, kredit müqaviləsinin müddətinin 27 iyun 2022-ci il tarixədək müəyyən edilməsi barədə tərəflər razılığa gəlmişlər. Saziş bağlanarkən cavabdehin əsas borc üzrə qalığı 11795 ABŞ dolları olmuşdur. Tərtib olunmuş ödəniş cədvəlindən görünür ki, 27 sentyabr 2016-cı il tarixdən tələb olunan aylıq ödəniş 170 ABŞ dolları kimi müəyyənləşdirilmiş, həmin ödənişin yalnız əsas borcdan çıxılması nəzərdə tutulmuş, yalnız sonuncu ay, yəni 27 iyun 2022-ci il tarixə faiz borcun ödənilməsi nəzərdə tutulmuşdur. - 27 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə həmin tarixə 5811,12 ABŞ dolları faiz borcu vardır. - Məhkəmənin 05 aprel 2023-cü il tarixli, 2(001)-1823/2023 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-iqtisad ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2023-cü il tarixli, 9/3219 nömrəli rəyində göstərilmişdir ki, 27 iyun 2022-ci il tarixə (müqavilə müddətinin bitmə tarixinə) 4,76 ABŞ dolları əsas, 8202,91 ABŞ dolları faiz borcu müəyyən edilir. - Məhkəmənin 05 iyul 2023-cü il tarixli, 2(001)-1823/2023 saylı qərardadına əsasən, iş üzrə əlavə məhkəmə-iqtisad ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli, 9/6207 nömrəli rəyində göstərilmişdir ki, 27 iyun 2022-ci il tarixə 4,76 ABŞ dolları əsas, 5810,39 ABŞ dolları faiz borcu müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutları qiymətləndirərək hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsas mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, sonradan müqavilə şərtlərində dəyişikliklər edilməsinə dair saziş imzalanmışdır. Cavabdeh müqavilə və saziş üzrə borcunu artıqlaması ilə ödədiyini iddia etsə də, bunu təsdiq edə bilən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, məhkəmənin qərardadlarına əsasən, iş üzrə həm ilkin, həm də əlavə məhkəmə-iqtisad ekspertizaları təyin edilmiş, aparılmış ekspertizalar nəticəsində də cavabdehin iddiaçıya borclu olduğu müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki halda iddiaçı cavabdehdən yalnız faiz borcuna görə 5811,12 ABŞ dolları məbləğində borcun tutulmasını tələb etdiyindən, ekspert rəyində cavabdehin iddiaçıya həm də 4,76 ABŞ dolları əsas borcunun olduğu müəyyən edilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, əsas borcun cavabdehdən tutulması tələbdən kənara çıxma halıdır. Faiz borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbində 5811,12 ABŞ dolları faiz borcunun tutulması xahiş olunsa da, ekspert rəyi ilə faiz borcunun miqdarı 5810,39 ABŞ dolları müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, faiz borcunun əvəzi kimi 5810,39 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 115 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə, habelə, ekspertiza xərcinin əvəzi kimi 200 manat məbləğində pul vəsaiti cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh faiz borcunun əvəzi kimi 5810,39 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 115 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci kimi 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1823/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1823/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver