Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1843/2023 05.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2205/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının artırılaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 1(bir) uşaq üçün 220(iki yüz iyirmi) manat olmaqla, 2(iki) uşaq üçün cəmi 440(dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixində rəsmi nikaha daxil olmuşdur. Sözügedən nikah 3 saylı Bakı “ASAN xidmət”mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli 1953 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Onların rəsmi nikahından xx.xx.2018-ci il təvəllüdlü X3 və X4 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-2205/2022 saylı qətnaməsi ilə cavabdehlə olan nikahları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 onun yanında saxlanılmış, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh ödəniləcək alimenti mütəmadi olaraq gecikdirir, vaxtlı vaxtında ödəmir. Həmin vaxtdan bəri hər şeyin qiyməti bahalaşmış, həmin məbləğ uşaqların qida, geyim, səhiyyə və s. xərclərinin ödənilməsi üçün kifayət etmir. Eyni zamanda “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, İddiaçı ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2018ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 dünyaya gəlmişdir. İddiaçı ilə bir müddət mehriban yaşasalar da, sonradan fikir ayrılıqları səbəbi ilə aralarında tez-tez mübahisələr yaranmış və bu səbəblə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 2205/2022 saylı qətnaməsi ilə rəsmi nikahları pozulmuş, rəsmi nikahlarından dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 İddiaçı himayəsinə verilmiş və uşaqların yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat məbləğində alimentin ondan tutularaq ödənilməsi qət edilmişdir. Qeyd edir ki, onun rəsmi iş yeri olmamasına baxmayaraq o, hər ay vaxtında alimenti ödəyir. İddiaçı ona övladlarını göstərmir, onu övladları ilə ünsiyyət hüququndan məhrum edib. Lakin, İddiaçı hazırda ona qarşı “alimentin artırılması tələbi” ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı alimenti vaxtında ödəmədiyini, uşaqların qida, geyim, təhsil, səhiyyə və digər xərclərinin artdığını bildirmiş və hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat, ümumilikdə 386 (üç yüz səksən altı) manat alimentin məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyrimi) manat olmaqla ümumilikdə 440 (dörd yüz qırx) manat məbləğində olmasını xahiş etmişdir. Qeyd edir ki, o, ikinci dəfə ailə həyatı qurmuş, rəsmi iş yeri, evi yoxdur, kirayə qalır. Əlavə xərcləri və ailəsinin tələbatları var. Maddi imkanı çox zəifdir, aşağıdır. Atasının köməkliyi ilə kirayə pulunu ödəyir. Onun boynuna ödəməyə qabiliyyəti olmayan məbləğin qoyulması həm onu, həm də ailəsini çox çətin və çıxılmaz vəziyyətə sala bilər. Təbii ki, o, razılaşır ki, uşaqların saxlanması valideynlərin borcu və vəzifəsidir. Amma qanunda da yazılmır ki, uşaqları saxlamaq təkcə ATAnın borcudur. Əksinə, qanunda uşaqları saxlamağın hər iki valideynin borcu olduğu və uşaqlara münasibətdə valideynlərin hüquq və vəzifələrinin bərabər olduğu açıq göstərilir. Onu da qeyd edir ki, iddiaçının tələbi onun hal-hazırki vəziyyətdə maddi durumuna uyğun gəlmir. Onun maddi durumunun ağır olması həmin məbləği də ödəməyə imkan vermir. Odur ki, övladlarının yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat, ümumilikdə 386 (üç yüz səksən altı) manat məbləğində alimenti ödəyə bilər. Ona görə də, İddiaçı ona qarşı cavabdeh olaraq “alimentin artırılması tələbi”nin təmin edilməməsini, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün ailə vəziyyətini nəzərə alaraq 193 (yüz doxsan üç) manat olmaqla ümumilikdə 386 (üç yüz səksən altı) manat məbləğində alimentin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, iddia ərizəsinə etirazında yazılanlara uyğun izahat verib, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı 807616 №-li və AZ-İV seriyalı 229979 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 01 iyun 2016-cı il təvəllüdlü X2 və 02 avqust 2018-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2205/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İsayeva (Abbaslı) Gülnarə Şaban qızı arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində akt qeydləri kitabında 1953 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 fevral 2023-cü il tarixli arayışdan görünür ki, 04 fevral 2023-cü il tarixdə, 13:00-14:00 saatlarında keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay hər uşağa görə 193 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, 01 iyun 2016-cı il təvəllüdlü X2 və 02 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 193 (yüz doxsan üç) manat miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2205/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2023-cü il üçün uşaqların saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat miqdarında aliment tutulmalıdır. Eyni zamanda cavabdehin etirazının dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, cavabdeh ikinci dəfə ailə həyatı qurduğunu, kirayədə yaşadığını, iş yeri olmadığını və sair bildirsə də, bu hallarla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, cavabdeh ikinci dəfə ailə qurmuş olsa belə, habelə iş yeri olmadığı təqdirdə belə bu halları onu valideyn kimi uşağının lazımi səviyyədə saxlanılması üçün aliment ödəməkdən azad etmir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2205/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 01 iyun 2016-cı il təvəllüdlü X2 və 02 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində tutulan 193 manat miqdarda alimentin məbləği artırılmalı, 01 iyun 2016-cı il təvəllüdlü X2 və 02 avqust 2018ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat miqdarda aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2205/2022 saylı 14 iyul 2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 01 iyun 2016-cı il təvəllüdlü X2 və 02 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. 01 iyun 2016-cı il təvəllüdlü X2 və 02 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1843/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1843/2023
05.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver