Məhkəmə qərarları › İş №2(001)-1861/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1861/2024

04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1861/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Masallı Rayon Məhkəməsinin 2(050)-145/2016 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılması və alimentin hər uşaq üçün hər ay 235 manat məbləğində müəyyən edilərək, cəmi 470 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 2(050)-145/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa görə hər ay 70(yetmiş) manat, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almış və icra vərəqəsi icra olunması üçün aidiyyəti İcra Şöbəsinə göndərilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən qəbul etdiyini və hər uşağa görə 150 manat olmaqla,cəmi 300 manat ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, maddi cəhətdən övladlarının saxlanılmasında çətinlik çəkir. Belə ki, hər ay hər uşağa görə 70 manat alimentin tutulması barədə qətnamə 2016-cı ildə qəbul edilmiş və həmin qətnamə qəbul edildiyi vaxtdan keçən müddət ərzində saxlanması üçün aliment tutulan uşaqlar böyümüş və onların saxlanılması üçün lazım olan minimum xərclər xeyli artmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat miqdarında aliment ödəməyə maddi imkanının olmadığını, yenidən ailə qurduğunu və himayəsində bir azyaşlı uşağının olduğunu, əvvəlki qətnamə üzrə alimenti tam ödəyə bilmədiyini və iddiaçıya aliment borcunun olduğunu və ondan hər ay hər uşağa görə 150 manat olmaqla,cəmi 300 manat məbləğində alimentin tutulmasına etiraz etmədiyini bildirdi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T seriyalı 269514 №-li və AZ-T seriyalı 269515 №li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 15 mart 2013-cü il təvəllüdlü X2 və 12 avqust 2014-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli 2(050)-145/2016 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsindən görünür ki, Cavabdeh 11 yanvar 2016-cı il tarixdən başlayaraq 15 mart 2013-cü ildə doğulmuş X2 və 12 avqust 2014-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 (yetmiş) manat, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub X3 verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh himayəsində xx.xx.2021-ci il təvəllüdlü X6 adlı övladı var. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay hər uşağa görə 70 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutulmasına dair Masallı Rayon Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli 2(050)- 145/2016 nömrəli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti,cavabdehin himayəsində azyaşlı uşağının olması, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər ay, hər uşaq üçün sabit pul məbləğində 200 manat olmaqla, cəmi 400 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 51,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Masallı Rayon Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli 2(050)- 145/2016 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 70 manat olmaqla, ümumilikdə, 140 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli 2(050)-145/2016 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh 51,20 (əlli bir manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar