Məhkəmə qərarları › İş №2(001)-1884/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1884/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1884/2023 13.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahından doğulan xx.xx.2018-ci il tarixdə doğulmuş X9 və xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbini dəyişərək alimentin artırılaraq hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2017-ci il tarixində qeyri-rəsmi nikaha girməklə ailə qurmuşdur. Qeyri-rəsmi nikahlarından xx.xx.2018-ci il tarixdə X9 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. Boşanmadan sonra uşaqlar analarının yanında qalmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4260/2022 saylı qətnaməsi ilə qeyri-rəsmi nikahından doğulan uşaqlara görə aliment təyin edilərkən Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu nəzərə alınmaqla 193 manat müəyyən edilmişdir. Buna baxmayaraq keçmiş yoldaşı onu 1 ildən çox aldatmışdır ki, sabit gəliri yoxdur və işləmir. Bu səbəbdən onun razılığı ilə aliment 160 manata salınmışdır. Lakin sonradan öyrənmişdir ki, yoldaşı Yasamal Rayon 29-cu Polis Bölməsində polis polkovnik-leytinantı olaraq təhqiqatçı vəzifəsində çalışmaqla, 1586,95 manat əmək haqqı alır. 2023-cü ildə yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini dəqiqləşdirdiyini bildirməklə, cavabdehdən sabit pul məbləğində hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini və növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməklə iddiasının təmin edilməsini xahiş etmişdir. Bu barədə yazılı ərizəsini təqdim etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment ödəməyə razıdır və növbəti məhkəmə iclasların iştirakı olmadan keçirilməsini və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4260/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh Oqtay oğlunun 23 iyul 2018-ci il təvəllüdlü X6 və 09 oktyabr 2019-cu il təvəllüdlü X3 atası olmasının müəyyən edilməsi, Cavabdeh 10 iyun 2022-ci il tarixindən başlayaraq 23 iyul 2018-ci il təvəllüdlü X6 və 09 oktyabr 2019-cu il təvəllüdlü X3 yetkinli yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və s. qət edilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 2563/2020 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X5 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X4 anası X1 yanında qalması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 manat alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir.

8. Azərbaycan Republikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən X8 sədr müavini, hüququ müdafiəçisi Mobil Vəkiloğluna ünvanlanan məktubdab görünür ki, Cavabdeh hal-hazırda Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı vəzifəsində işləyir və avqust 2022-ci il tarixinə hesablanmış əmək haqqı müvafiq tutulmalardan sonra 1586,95 manatdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. İddiaçı ilə Cavabdeh arasında faktiki nikah münasibətləri olmuş, tərəflərin nikah münasibətlərindən 23 iyul 2018-ci il təvəllüdlü X6 və 09 oktyabr 2019-cu il təvəllüdlü X7 doğulmuşlar.

10. Uşaqlar hazırda analarının yanındadırlar və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4260/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 10 iyun 2022-ci il tarixindən başlayaraq 23 iyul 2018-ci il təvəllüdlü X6 və 09 oktyabr 2019cu il təvəllüdlü X3 yetkinli yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulur.

11. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4260/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.

12. Tələbini isə uşaqların tələbatlarının artması və özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.

13. Cavabdeh isə iddianı qəbul etməklə uşaqlar üçün 440 manat aliment ödənilməsinə razılığını bildirmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2563/2020 saylı qətnaməsi ilə cavabdehin digər rəsmi nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 manat aliment tutulur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

16. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

22. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

23. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2022-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını, cavabdehin artırılan məbləğə razılığını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay, hər uşaq üçün 220 manat məbləğində müəyyən edilməlidir.

24. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

25. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

26. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddianın qiyməti 120 x 12=1440) 1000 manatdan çox olduğundan ödənilməli olan dövlət rüsumu 34,40 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Tətbiq edilən prosessual normalar:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

30. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

33. 8.1.1-ci maddəsinə əsasən 8.1.2 iddia qiyməti 1.000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir.

34. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:

35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4260/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 23 iyul 2018-ci il təvəllüdlü X6 və 09 oktyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

36. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiyməti məbləğinə mütənasib olaraq, yəni 34,4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4260/2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 23 iyul 2018-ci il təvəllüdlü X6 və 09 oktyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 34,4 (otuz dörd manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar