Məhkəmə qərarları › İş №2(001)-1889/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1889/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1889/2021 08.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayənədəsi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv prosesindədir) Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 11279,18 manat, faiz borcu üzrə 4439.24 manat, cərimə borcu üzrə 3768.88 manat və kredit üzrə müddət bitəndən sonra Konstitusiya məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 1673.62 manat olmaqla, cəmi 21160.92 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, kreditor "xxxx" ASC-nin Bakı filialı ilə borclu Cavabdeh arasında bağlanmış 07.01.2015-ci il tarixli, 1628/15 nömrəli kredit müqaviləsi üzrə sonuncuya 36 altı ay müddətinə illik 18% dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Lakin borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, qeyd olunan kredit müqaviləsinin şərtlərini pozmuşdur. Belə ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə “borcun qaytarılması tələbi ilə bağlı” xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.İsmayılov iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddia müddətinin ötdüyünü bildirərək tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçı "xxxx" ASC-nin Bakı filialı ilə borclu Cavabdeh arasında bağlanmış 07.01.2015-ci il tarixli, 1628/15 nömrəli Kredit Müqaviləsinə və ödəniş cədvəlinə əsasən, bank tərəfindən kredit alana 36 altı ay müddətinə illik 18% dərəcəsi ilə 13000 manat məbləğində kreditin verilməsi, kredit alan tərəfindən isə kreditin və hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - İddiaçı ASC-nin (Ləğv prosesindədir) 24.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə (Ləğv prosesindədir) əsas borc üzrə 11279,18 manat, faiz borcu üzrə 4439.24 manat, cərimə borcu üzrə 3768,88 manat və kredit üzrə müddət bitəndən sonra Konstitusiya məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 1673,62 manat olmaqla, cəmi 21160,92 manat borcu vardır. -iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. -Məhkəmə Ekspertiza Mərkəzinin 27.05.2021-ci il tarixli, 9/2600 nömrəli rəyinə əsasən Cavabdeh İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 13 000 manat, faiz borcu üzrə 6420,00 manat müəyyən olunur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. İddiaçı ASC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi əsas borc və faiz borcunun tutulması hissəsində tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə müvafiq olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 1673,62 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi kimi bankın əsassız olaraq və hüquqdan sui-istifadə edərək, müqavilənin qüvvədə olma müddəti bitdikdən xeyli müddət sonra iddia verməsi gecikdirilmiş vaxt üçün faizin tənasübsüz surətdə artmasına səbəb olduğundan 564 manat faiz borcu (11279,18 x 5%÷12 ay=563,959≈564) gecikdirilmiş vaxt üçün ədalətli hesab olunmalıdır. Cavabdeh müqavilə müddətindən sonrakı dövr üçün iddia ərizəsinin verilməsinə qədər qanun üzrə (MM-nin 445.7-ci maddəsi) nəzərdə tutulmuş faizləri ödəməlidir Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 3768.88 manat məbləğində deyil, 300 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 11279,18 manat məbləğində əsas borc, 4439,24 manat məbləğində faiz borcu, 564 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi və 300 manat cərimə cavabdehdən tutularaq İddiaçı ASC-yə (Ləğv prosesindədir) ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11279,18 manat məbləğində əsas borc, 4439,24 manat məbləğində faiz borcu, 564 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi və 300 manat cərimə olmaqla, ümumilikdə 16582,42 manat (on altı min beş yüz səksən iki manat qırx iki qəpik) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə (Ləğv prosesindədir) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar