Məhkəmə qərarları › İş №2(001)-1889/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1889/2022

07.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1889/2022 07.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2018ci il tarixli, 2(001)-1056/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş 150 manat aliment məbləğinin artırılaraq cavabdehdən birgə nikahlarından dünyaya gəlmiş 14 noyabr 2014cü il təvəllüdlü X1 üçün hər ay 193 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 24 may 2000-ci il təvəllüdlü X10, 24 noyabr 2003-cü ilı təvəllüdlü X11 və 14 noyabr 2014-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Aralarında olan nikah Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(001)- 1056/2018 saylı qətnaməsi ilə pozulmuş və uşaqlarının yetkinlim yaşına çatanadək saxlanılmaları üçün 15 noyabr 2017-ci il tarixdən başlayaraq cavabdehdən hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda iki övladları yetkinlik yaşını keçmişlər. 2014-cü il təvəllüdlü X9 məktəblidir. Onun maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Uşağa təyin olunan 150 manat aliment hazırki dövrdə uşağın tələbatlarını ödəməyə kifayət etmir. Cavabdeh məhkəməyə yazılı iddiaya etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi əsassızdır, heç bir hüquqi bazası yoxdur, hesab edir ki, aşağıdakılara əsasən keçmiş həyat yoldaşının iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Bununla yanaşı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(001)- 1056/2018 saylı qətnaməsi ilə iddiaçı X2 iddiasının təmin edilməsi, onunla X4 arasında Səadət sarayında (Bakı Nikah Evi) 27 iyun 1999-cu il tarixdə, 771 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olan 14 noyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 noyabr 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. 14 noyabr 2014-cü il təvəllüdlü oğlu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli 2(001)-1056/2018 saylı qətnaməsi ilə təyin olunmuş 150 manat sabit pul məbləğində alimenti bu günə qədər vaxtlı-vaxtında ödəmişdir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı X5 Azərbaycan Respublikası Tibb Universitetində Fiziki-kimya kafedrasında laborant vəzifəsində işləyir, hər ay təxminən 700-800 manat maaş alır. O isə fəhləçiliklə məşğul olur, günəmuzd işləyir, iş olanda işləyir, iş olmayanda yox. Gündəlik gəliri təxminən orta hesabla 10-15 manat təşkil edir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, o, iddiaçı ilə 2018-ci ildə boşandıqdan sonra təzə ailə qurmuşdur. Ayda əldə etdiyi qazancının 150 manatını Ofelya Qulamhüseynovnaya aliment ödəyir, alimenti ödədikdən sonra yerdə qalan puldan kommunal xərcləri ödəyir, qalan pul isə onun və təzə qurduğu ailənin dolanışına güclə çatır. Qanunvericiliyə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ata-ananın borcu olduğuna görə, bu borcun ana ilə ata arasında tən bölündüyünə görə, valideynlər uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malikdirlər. Ona görə də hesab edir ki, qanunla müəyyən edilmiş 193 manat aliment onunla iddiaçı Ofelya Qulamhüseynovna arasında bərabər bölünməlidir, yəni 193 amanat alimentin 97 manatı ondan tutulmalıdır, 97 manatı isə iddiaçı Ofelya Qulamhüseynovnaya aid edilməlidir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçı X3 iddia ərizəsi əsassızdır, təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, digər iki övladı yetkinlik yaşına çatsalar da, onlar da onun himayəsindədirlər və maddi cəhətdən hər üç uşağa baxmaqda çətinlik çəkir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh ona verilmiş suala cavab olaraq bildirmişdir ki, ikinci nikahından uşağı yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ seriyalı, 444033 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 14 noyabr 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli 2(001)- 1056/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 27 iyun 1999-cu il tarixdə, 771 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından olan 24 may 2000-ci il təvəllüdlü X7, 24 noyabr 2003-cü il təvəllüdlü X8 və 14 noyabr 2014-cü təvəllüdlü X6 anası İddiaçı yanında qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 noyabr 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. AZ-İ seriyalı 307397 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 30 noyabr 2018-ci il tarixdə ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, digər iki uşaqlarla birlikdə 14 noyabr 2014-cü təvəllüdlü X6 anası İddiaçı yanında qalması və onların hər birinin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Birgə nikahdan doğulmuş üç uşaqdan ikisi yetkinlik yaşına çatmışdır. Hazırda iddiaçı 150 manat məbləğində müəyyənləşdirilmiş alimentin 14 noyabr 2014-cü təvəllüdlü X6 tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının 193 manat məbləğinə artırılmasını xahiş edir, cavabdeh isə fəhlə işlədiyini, maddi imkanının aşağı olduğunu, habelə ikinci dəfə ailə həyatı qurduğunu bildirərək, alimentin məbləğinin artırılması barədə iddiaya etiraz edir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər 14 noyabr 2014-cü təvəllüdlü X6 saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən üç ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 14 noyabr 2014-cü təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(001)-1056/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 14 noyabr 2014-cü təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli 2(001)- 1056/2018 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar