Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1898/2022 05.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan qızının saxlanılması üçün ödənilən 170 manat məbləğində alimentin 193 manat məbləği həcmində artırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2011-ci ildə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 06.09.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşağı onun himayəsindədir. Atası onun saxlanılması üçün hər ay 170 manat məbləğində aliment ödəyir. Hazırda 2022-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikasında uşaqlar üçün minimum ehtiyac meyarı 193 manat məbləğində müəyyən edilmişdir. Qüvvəyə minmiş bu qərarı və onun maddi vəziyyətinin çətinliyini nəzərə alaraq alimentin miqdarının artırılaraq 193 manat məbləğində müəyyən edilməsini xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq o izahatında və məhkəməyə ünvanladığı müraciətində bildirmişdir ki, cavabdehin kifayət qədər maddi imkanı vardır, o, taksi fəaliyyəti ilə, o cümlədən evlərin alqı-satqısı ilə, yəni maklerliklə məşğuldur və şəxsi avtomobili vardır. Cavabdehin etirazının əsaslarından biri olan psixi xəstəliklə bağlı dəlilləri əsassızdır. Belə ki, onun sürücülük vəsiqəsi vardır və avtomobil idarə edir. Əgər onun psixi xəstəliyi olmuş olsaydı ona sürücülük vəsiqəsi verilə bilməzdi. Bundan başqa cavabdeh bir neçə müddət öncə 1000 manatdan çox aliment borcunu ödəmişdir. İcra məmuru aliment borcu ilə bağlı cavabdehə xəbərdarlıqdan etdikdən sonra, o, borcunu bir neçə saat ərzində təqdim etmişdir. Bundan əlavə ölkə ərazisində mimimum əmək haqqı 300 manat olmasına baxmayaraq onun 80 manat əmək haqqı alması absurddur və həmin məbləğ ona verilən əlavə təminatdır. Əlavə təminat isə onun maddi vəziyyətinə dəstəkdir. Eyni zamanda psixi xəstəliyi ilə bağlı təqdim etdiyi sənədlərin həqiqiliyi şübhə doğurur, belə ki, sonuncu dəfə 2017-cı ildə həkim müayinəsində olub və hansı dərmanlar qəbul etdiyini özü belə bilmir. Bu isə onun sənəd üzərində psixi xəstə olmasını göstərir. Eyni zamanda onun əmək haqqı 730 manat olsa da, o müvafiq çıxılmalardan sonra təqribən 600 manata yaxın əmək haqqı alır. Hazırda qızı 4-cü sinifdə oxuyur və hazırlıqlara gedir. Aylıq olaraq onun hazırlıqlarına əlavə 100 manat ödəniş edir. Atası isə demək olar uşaqla maraqlanmır. Ad günündə belə onu təbrik etmir. Sadəcə müəyyən edilmiş 170 manat məbləğində alimenti ödəməklə kifayətlənir və uşağın digər xərcləri ilə bağlı indiyənədək bir manat belə ödəniş etməmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ipotekaya ev götürmüşdür. Ondan tələb etdiyi aliment ödənişi ilə ipoteka xərcini ödəyir. Həmçinin iddiaçı 730 manat əmək haqqı alır. Valideyn kimi o da, uşağının saxlanması üçün müəyyən vəsait xərcləməlidir. Özü psixoloji xəstədir. Psixoloji dərmanlar qəbul edir. Dərmanlarını belə ala bilmir. Günəmuzd işlərdə 10-15 manata fəhlə kimi işləyir. Məşğulluq idarəsi tərəfindən isə bağban kimi işlə təmin edilmiş və 83 manat əmək haqqı alır. 170 manat alimenti çətinliklə ödəyir. Lakin məbləğ artırılarsa yalnız 180 manat ödəniş edə bilər.
5. Cavabdeh həmçinin 24.02.2022-ci il tarixində iddiaya yazılı etirazını təqdim etmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, o, 22.08.2015-ci ildə X7 ilə nikaha daxil olmuşdur. Onunla nikahından 03.10.2004-cü il təvəllüdlü X8 adlı övladı vardır. Hazırda həm ailənin həmdə övladının xərclərini ödəyir. Həmçinin “X14” MMC-də fəhlə işləyir. Aylıq əmək haqqı 83 manat təşkil edir. Eyni zamanda o, Bakı şəhəri 15 nömrəli birləşmiş şəhər xəstəxanasının psixiatriya kabinetində qeydiyyatda olmaqla, strese qarşı kəskin reaksiya F43.0 diaqnozu qoyulmuşdur. Eyni zamanda bildirir ki, İddiaçı orta məktəbdə müəllim işləyir və yetəri qədər əmək haqqı alır. Yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılmasında o da, iştirak etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 17 may 2014-cü il tarixində verilən AZ-İ seriyalı, 191777 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 may 2014-cü il tarixdə 171 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Quliyev”, qadına “Yusifova” soyadı verilmişdir.
8. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 13 iyun 2014-cü il tarixində verilən AZ-İİİ seriyalı, 333559 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06.09.2012-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(001)- 2232/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 06.09.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilən 170 manat məbləğində alimentin 175 manat həcmində artırılmasına dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
10. Həmin qətnamədə iş materialı kimi sadalananan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı 18.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-2455/2019 saylı, 15.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 06.09.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehəli oğlundan hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
11. Sosial Arayışdan görünür ki, Cavabdeh “X14” MMC-də əmək müqaviləsi əsasında 83 manat əmək haqqı qarşılığında meşəçilik üzrə ixtisassız fəhlə kimi işləyir.
12. Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 22.08.2015-ci il tarixində verilən AZ-İİ seriyalı, 042264 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında nikah bağlanmışdır.
13. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 30.12.2004-cü il tarixində verilən AZ-İ seriyalı, 554307 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03.10.2004-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X3.
14. 15 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilən 07.09.2020-ci il tarixli, 523 saylı arayışdan görünür ki, X1 qarşı kəskin reaksiya F43.0 diaqnozu qoyulmuşdur və sonuncu müraciəti 14.03.2017, 23.05.2015-17.06.2015-ci il tarixlərdə stasionar müalicə alıb. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
15. Cavabdeh ilə X9 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 may 2014-cü il tarixdə 171 № ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş 06.09.2012-ci il təvəllüdlü X2 anasının yanında qalması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1458/2020 saylı, 18.02.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(001)-2455/2019 saylı, 15.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, 06.09.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehəli oğlundan hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı 2(001)-1458/2020 saylı, 18.02.2020-ci il tarixli qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay üçün 193 manat məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh isə iddiaya etirazında iddia tələbini qəbul etmədiyini bildirir. Həmçinin bildirmişdir ki, ikinci dəfə nikaha daxil olmuşdur və həmin nikahdanda bir uşağı vardır. Məhkəmə iclasında iştirak edəndə isə 180 manat aliment ödəyə biləcəyini bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
16. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə uşağın və tərəflərin mənafeyi baxımından məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyü baxımından qiymət verilməlidir.
17. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
18. Birləşmiş Millətlər Təşkilatının X4 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”.
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun:
20. 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar;
21. 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar;
22. 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır;
23. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
24. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
26. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;
27. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
28. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
29. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;
30. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
31. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
32. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
33. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin artırıldığı 2020-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 193 manat məbləğində müəyyən edilməlidir.
34. Cavabdehin etirazına münasibətdə məhkəmə qeyd edir ki, 06.09.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün artıq qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hər ay 170 manat sabit pul məbləğində aliment tutulur. Uşağın əlavə xərclərində cavabdehin iştirakı işin halları ilə müəyyən olunmur. Halbuki valideynlik hüququ tələb edir ki, valideynlər uşaqlarının təkcə minimal xərclərini deyil, onların digər zəruri ehtiyaclarını da qarşılasın. Cavabdeh etirazında ikinci dəfə ailə qurduğunu və həmin nikahdan 03.10.2004-cü il təvəllüdlü X8 adlı övladının olduğunu, ikinci ailəsinin saxlanması üçün də xərc tələb olunduğunu, rəsmi əmək haqqının 83 manat olduğunu və psixoloji olaraq xəstə olduğunu bildirərək tələb edilən aliment məbləği ilə razı olmadığını və yalnız 180 manat ödəmək imkanının olduğunu bildirsə də, nəzərə alınmalıdır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.
35. Bundan başqa cavabdehin faktiki olaraq hər ay 180 manat aliment ödəmək iqtidarında olduğu və təqribən 1000 manatdan çox aliment borcunu ödəməsi nəzərə alındıqda, o cümlədən tələb olunan alimentin etiraz edilən hissəsi 1 il üçün cəmi 156(13x12=156) manat təşkil etdiyindən, cavabdehin etirazının dəlilləri uşaqların mənafeyinin üstünlüyü ilə müqayisədə tarazlıq yaratmır.
36. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış hüquqi mövqeyə görə hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.
37. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Tətbiq edilən prosessual normalar:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
39. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
40. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
41. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
42. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
44. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir.
45. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Nəticə:
46. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı 18.02.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 06.09.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
47. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 1000 manatdan az olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1458/2020 saylı 18.02.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 06.09.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev