Məhkəmə qərarları › İş №2(001)-1908/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1908/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1908/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “istehlak edilmiş elektrik enerjisi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1.159,05 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında (abunə kodu **********4001B) quraşdırılmış sayğac vasitəsi ilə elektrik enerjisindən istifadə edir. Hazırda iddiaçı cavabdehin sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında ödəmədiyini və nəticədə 2008-ci il tarixdən hazırki günədək onun 1.145,97 manat məbləğində borcunun yarandığını iddia edir və cavabdehdən 1159,05 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 №-li Qərarın: 7.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatımüəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır; 7.2-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir; 8.7-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir; 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır; 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "Dövlət Enerjinəzarət" İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin ünvanına 2008-ci il tarixdə iddiaçı tərəfindən sayğac quraşdırılmış, bununla da tərəflər faktiki olaraq müqavilə münasibətlərində olmuşlar. Başqa sözlə, iddiaçı müəyyən məbləğdə ödənişlər etmək şərti ilə cavabdehi elektrik enerjisi ilə təmin etməli, cavabdeh isə həmin elektrik enerjisindən dəyərini ödəməklə istifadə etməli idi. İddiaçı da bu münasibətlərə istinadən cavabdehin borcunun yarandığını iddia edir və yaranmış borc məbləğini tələb edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı elektrik enerjisindən istifadə görə yaranmış borc məbləğini 2008-ci il tarixdən hazırki, yəni 21.04.2021-ci il tarixədək hesablamaqla tələb edir. Halbuki, bu xidmətlərə görə ödənişlər vaxtaşırı ödənişlərə aid edildiyindən iddiaçı Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələbləri baxımından 21.04.2016-cı il tarixdən sonra yaranmış borc məbləğini tələb edə bilər. Belə ki, bu tarixədək yaranmış borcun ödənilməsi haqqında tələb 5 il keçdiyindən qüvvəsini itirmiş olur. Bununla da cavabdehin borcun ödənilməsi üzrə 21.04.2016-cı il tarixədək yaranmış öhdəliyinə müddət etibarı ilə xitam verilməlidir. Lakin abunə haqqında məlumata və maliyyə arayışına əsasən cavabdeh 2011-ci il tarixdən bugünədək müəyyən gecikmələrlə olsa da, istifadə etdiyi elektrik enerjisinə görə yaranmış borcu ödəmiş və hazırda onun hətta 13,18 manat məbləğində artıq ödənişi mövcuddur. Bununla belə, hazırda iddiaçının tələb etdiyi məbləğ 2011-ci il tarixdən əvvəl yaranmış borc məbləğidir. Bu baxımdan iddiaçının bu məbləğin ödənilməsi barədə tələbi 5 il keçdiyindən, yəni hüquqi nəticə etibarı ilə müddət ötdüyündən qüvvəsini itirmişdir. Bu da öz növbəsində iddia tələbini “istehlak edilmiş elektrik enerjisi üzrə yaranmış borcun tutulması” hissəsində rədd edilməsini şərtləndirir. Məhkəmə onu da qeyd edir ki, iddia üzrə “istehlak edilmiş elektrik enerjisi üzrə yaranmış borcun tutulması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin “dövlət rüsumunun əvəzinin tutulması” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “istehlak edilmiş elektrik enerjisi üzrə yaranmış borcun tutulması” hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “dövlət rüsumunun əvəzinin tutulması” hissəsində də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “istehlak edilmiş elektrik enerjisi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “istehlak edilmiş elektrik enerjisi üzrə yaranmış borcun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbinə dair iddiası rədd edisin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar