Məhkəmə qərarları › İş №2(001)-1925/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1925/2021

24.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1925/2021 24.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 18.03.2020-ci il tarixində 07-130 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1 401952 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarının tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 1080 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 2181,60 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 727,20 manat; 30.06.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat; cəmi 4932 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 78,50 manat borc məbləğidir. Cavabdeh 2019-2020-ci illər ərzində 2 ilə təbii qaza cəmi 20 manat pul ödəmişdir. Buda ona göstərir ki, cavabdeh mütamadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb (bu barədə kəsim aktları tərtib olunub), lakin o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinədə ziyan vurur). Cavabdehin tərəfindən cuzi ödəniş edildikdən sonra “Azəriqaz” iB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümum 5005.50 manat təşkil etməkdədir. “Azəriqaz” İB-nın nümayəndələri tərəfindən cavabdehə 5005,50 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində ‘‘Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddiaçının istinad etdiyi qaz sayğacı ona məxsus deyil. Ona aid qaz sayğacından heç vaxt qanunsuz qoşulma olmamışdır. 2019-2020-ci illər ərzində qaza 20 manat pul ödəməsinin səbəbi o olmuşdur ki, həmin evdə uzun müddət təmir getmiş, orada yaşamamışlar, sonradan da imkansızlıqdan odun yandırıb, təbii qazdan istifadə etmirdilər. İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən fotoşəkillərdən görünür ki, ümumi istifadədə olan küçədə bir daş hasarın üzərinə yanbayan bir neçə qaz sayğacı quraşdırılmış və onlardan birinin – cavabdehə məxus olanın üzərində qeyri-qanuni qoşulmanın mövcud olması iddiaçı tərəfindən iddia edilir. Cavabdeh həmin sayğacın ona məxsus olmasını inkar etmiş və bunun müəyyən edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2(001)-1925/2021 saylı qərarı ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. İş materiallarında olan 26.07.2021-ci il tarixli, 10/2434 saylı ekspert rəyində göstərilmişdir ki, “... Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, H.Sultanov küçəsində Cavabdeh məxsus ev 6 ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilmədi”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, iddiaçı cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmasını iddia etdiyi halda, bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmiş, iş materiallarında olan 26.07.2021-ci il tarixli, 10/2434 saylı ekspert rəyi ilə isə bunun əksi sübut edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat məbləğində pul cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar